Ekspertlər ARDNŞ-in «Qazprombank»dan aldığı 2 milyard dollarlıq krediti belə qiymətləndirir
ARDNŞ prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti Idarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı maraqlı qərarlar qəbul olunub. Görüşdə Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar keçirilib. Azərbaycan Iqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Neft Şirkətinin məsul şəxsləri tərəfindən təqdim olunan layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırki gedişi haqqında qonaqlara ətraflı məlumat verilib. Layihələr “Qazprombank” ASC-nin təmsilçilərində maraq doğurub.
Daha sonra ARDNŞ ilə “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln dollar kredit ayrılması haqqında qərar qəbul olunub.
10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir.
Tədbirdə o da qeyd olunub ki, “Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit limiti açılıb.
Nemət Əliyev: “Bu layihənin iqtisadi əsaslandırılması həyata keçirilməlidir və bilinməlidir qoyulan vəsait nə zamandan sonra özünü doğruldacaq”
Iqtisadçı Nemət Əliyev hesab edir ki, indiki dövrdə ARDNŞ-in iri bir layihəyə maliyyə ayırması, özü də buna görə kreditə girməsi bir sıra suallar yaradır. Çünki polietilen istehsal edəcək zavodun hazırda ölkə iqtisadiyyatına nə dərəcədə lazım olduğu izah edilməlidir: “Bu layihənin iqtisadi əsaslandırılması həyata keçirilməlidir və bilinməlidir ki, qoyulan vəsait nə zamandan sonra özünü doğruldacaq. Əsaslandırma həyata keçirilən zaman da istehsal olunacaq məhsulun bazarı da araşdırılmalıdır. Istehsal olunan məhsul harada satılacaq. Indiki dövrdə bu proyektin baş tutacağı inandırıcı görünmür”.
N.Əliyev hesab edir ki, məsələnin daha bir tərəfi Rusiya faktoru ilə bağlıdır. Çünki bu razılaşma Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla bağlı söylədiyi xoş sözlərin bir ifadəsi də sayıla bilər. N.Əliyevin sözlərinə görə, ARDNŞ-in imzaladığı layihəyə Lavrovun Rusiyanın hazırda təkləndiyi bir dövrdə Azərbaycanın onun yanında yer almasını xüsusi qeyd etməsinin fonunda baxmaq lazımdır: “Dünyada çağrışlar edilir ki, investorlar öz bizneslərini Rusiyada dayandırsınlar, bu ölkə ilə iqtisadi əməkdaşlığa girməsinlər. Belə bir vəziyyətdə ARDNŞ-in Rusiya ilə əlaqələri dərinləşdirməsi əlbətdəki birmənalı dəyərləndirilməyəcək. Rubl dəyərini itirməkdədir. ARDNŞ hər tərəfdən əli üzülmüş, müxtəlif sanksiyalara məruz qalan bankdan maliyyə vəsaiti alır. Bu daha çox batmaqda olan gəmiyə əl uzatmaq kimidir”.
N.Əliyevin fikrincə, ARDNŞ-lə Rusiya arasındakı əməkdaşlıq xeyli sayda suallar yaradır.
Qubad Ibadoğlu: “ARDNŞ böhrandan borclarını artırmaq yolu ilə çıxmaq kursu götürüb”
Iqtisadçı Qubad Ibadoğlu Facebook səhifəsində ARDNŞ-in son müqaviləsinə münasibət bildirib. Q.Ibadoğlunun fikrincə, dünya bazarındakı neftin qiymətlərinin ucuzlaşmasından dolayı gəlirləri azalacağına şübhə olmayan dövlət şirkətinin krediti hansı faiz dərəcəsi və ödəmə şərtləri ilə almasının da açıqlanması maraqlı olardı. Eyni zamanda, nədən “Qazprombank”ın donor olaraq seçilməsi də sual doğurur. Q.Ibadoğlunun sözlərinə görə, həm ölkə daxilində və həm də xaricdə külli miqdarda investisiya öhdəliklərinə malik olan dövlət şirkətinin maliyyə vəziyyətinin sabitləşdirilməsində bu kreditin əhəmiyyətli rol oynayacağına ümidlər elə də böyük deyildir: “2013-cü ildə ümumi mənfəəti 3 milyard 720 milyon manat olan şirkətin bu ilin sonuna hətta eyni göstərici ilə çıxa biləcəyi belə şübhəlidir. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ARDNŞ-ə 2009-cu ildə 750 milyon manat məbləğində kredit ayırıb. Illik 3 faizlə, 2 il güzəştli dövr olmaqla 7 il müddətinə verilən bu kreditə görə ARDNŞ hazırda faizlərlə yanaşı, əsas hissə – illik 150 milyon manat üzrə ödəmələr etməlidir. Bu günkü saziş göstərdi ki, yalnız investisiyaya görə deyil, həm də cəlb edilmiş borc vəsaitlərinə görə öhdəlikləri ildən-ilə artan şirkət neftin ucuzlaşan qiymətindən qaynaqlanan böhrandan borclarını artırmaq yolu ilə çıxmaq kursu götürüb”.
Q.Ibadoğlunun qənaətincə, hazırda Rusiyadakı mövcud iqtisadi vəziyyət “Qazprombank” kimi maliyyə-bank institutlarına vəsaitlərini idarəetmə və yerləşdirmə sahəsində risklər yaradır. Ona görə də onlar risk az olan SOCAR kimi arxasında dövlət duran şirkətlərə həvəslə kredit ayırır”.
Xəyal