Dərddə gələndə batmanla gəlir. Bu atalar məsəlini elə bil ki, Astara rayonun Ərçivan qəsəbəsində yaşayan Imaməliyevlər ailəsi haqqında deyiblər. Ailənin 7 üzvündən biri, 16 yaşlı Məhəmməd ikinci qrup əlildir. Valideynlərinin dediklərinə görə, onun 1 yaşında olarkən iki ayağı da tutulub. O vaxtdan bəri evdən bayıra çıxmır. Iki ildir ki, müalicə də ala bilmir. Səbəb isə kasıbçılıqdır . Anası Gülarə Imaməliyeva artıq maddi imkanların tükəndiyini bildirir:
“Biri mənə yardım dursun ki, uşağımı müalicə edim”
“Imkanım yoxdur, biri mənə yardım dursun ki, uşağımı müalicə edim. Ailənin 7 üzvü var, çatdırmaq olmur. Mənə uşağımın yeriməsini istəyirəm. Həkimə göstərmək, müalicə etmək lazımdır. Mümkünümüz yoxdur”.
Ana deyir ki, bir neçə il bundan əvvəl xəstə oğlunu Bakıya aparıb. Orda ona deyiblər ki, müalicə olunsa, ayağı açılar. Bunun üçünsə, az da olsa, xərc lazımdır:
“Həkim deyir ki…”
“Heç kim mənə indiyə kimi köməklik etməyib. Öz zəhmətimlə aparmışam, indi imkanım yoxdur. Bəzi yerlərdə müalicə var. Rəştdə var, Ərdəbildə var. Türkiyədə yaxşı müalicələr gedir. O vaxtı aparırdım 300-400 dollar pulum çıxdı. Indi bilmirəm nə qədər çıxar? Həkim deyir ki, müalicə edildikdən sonra əməliyyat da mümkündür”.
Ana deyir ki, evində yalnız bir nəfər həyat yoldaşı işləyir, fəhləliklə məşğuldur. Çox vaxtı da iş olmur. Ərinin əldə etdiyi cüzi qazanc çörəyə güclə çatdır:
“Heç uşaq üçün yardım verilmir”
“Nə pensiya alıram, nə sosial yardım. Bir dənə yoldaşımdır, orda-burda işləyir, bizi saxlayır. Heç uşaq üçün yardım verilmir. Indiyə kimi yardım almamışam”.
Ata ÿAdil Imaməliyev ÿisə deyir ki, uşağının hərəkət etməsi üçün kustar qaydada dəmirdən dayaq düzəldib:
Ailənin əlil arabası almağa imkanı yoxdur…
“Bir dəfə əlil arabası almışam. Onun o vaxtı 6-7 yaşı var idi, indi 15 yaşı var. Özüm bir şey düzəltmişəm həyətdə hərəkət edir, yeriyir. Ondan sonra heç nə yoxdur. Deyirlər əl arabasını bir dəfə verirlər. Mən də müraciət eləmədim. Imkanım yoxdur, imkanım olsaydı, alardım. Imkanım olsaydı, müalicəyə aparardım. Müalicəyə apara bilmirəm”.
15 yaşlıÿ Məmməd Imaməliyev ÿisə deyir ki, çölə-bayıra çıxa bilmədiyi üçün dostları da yoxdur. Uşağın sözlərinə görə, müəllim evdə ona dərs keçir. Onuncu sinifdə oxuyur, pis də oxumur. Həkim olmaq istəyir. Ən böyük arzusu müalicə alıb ayağa durmaqdır:
Yerimək və həkim olmaq istəyir…
“Birinci istəyim yerimək və həkim olmaqdır. Adam bu vəziyyətdə olanda, dostu ola bilməz. Evdə əyləşirəm, daim evdəyəm. Həyətdə gəzirəm”.
Imaməliyevlərin yaşadığı ev soyuqdur. Nə işıq yanır, nə də təbii qaz. Gülnarə Imaməliyeva deyir ki, pul ödəməyə imkanları yoxdur.
Ailə maddi imkansızlıqdan işıqsız və qazsız qalır…
“O birisi ay keçib, mən qaz pulu verməmişəm. Imkanım yoxdur. O pensiya alır, onun pensiyası ilə dolanıram. Heç iş də olmur. Ayda iki, üç iş olur onunla dolanıram. Yoxdur. Vəziyyətim pisdir. Mən utanıram, heç nə yandırmaq istəmirəm. Ona görə ki, yazır, onu verə bilmirəm. Imkanım olsaydı, yandırardım. Yoxdur imkan. 60 manatı mən haradan gətirim verim? Mən onu yandırdım, verə bilmədim, gəlirlər kəsirlər. Istəyirsən xəstə uşaq olsun, istəyirsən öl. Deyirəm xəstə uşağım var. Deyir kəsməliyəm. Işıqpulunu bir ay verirəm, bir ay yox. Olur 10 manat. Mühərriki çıxartmışam. Ancaq qaz məndə çox yazır. Yandırsam, pulunu verə bilmərəm”.
Imaməliyevlərin qonşusu ÿVaqif Əhmədoğlu ÿdeyir ki, qəsəbədə belə əlillər çoxdur. Onlara dövlət qayğısı vacibdir:
“Beynəlxalq əlillər günündə bu ailəyə yardım edilməyib”
“Məhəmməd adlı uşağın yanına gəlmişik, bir neçə dəfə olmuşam yanında. Cüzi miqdarda köməklik göstərsələr, onun yerimək ehtimalı çoxdur. Belə xəstələr Ərçivan kəndində çoxdur. Dövlət və ya başqa bir təşkilat yardım eləsə, əminəm ki, yeriyə biləcək. Belə uşaqları dövlət özü axtarıb tapmalıdır. Məhəmməd kimilər bu kənddə, bu rayonda yüzlərlədir. Maraqlı budur ki, beynəlxalq əlillər günündə bu ailəyə, azca da olsa, yardım edilməyib”.
Məhəmməd Imaməliyev əlilliyə görə dövlətdən ayda 60 manat təqaüd alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astara şöbəsinin müdir əvəzi Gültəkin Əliyevaÿdeyir ki, rayonda 2205 nəfər sosial pensiya alır. Onlardan 1056 nəfər əlildir. Bunlarında 47 nəfəri 18 yaşına çatmamış əlillərdir. Gültəkin Əliyevanın sözlərinə görə, 18 yaşına çatmamış əlillərin ailəsində 5 nəfərdən çox üzvü varsa, onlara 30 manat yardım edilir. Məmmədəliyevlərin ailəsi isə bildirir ki, bu yardımı almırlar.
Azadlıq radiosu