«İndiki mənəvi-ictimai-siyasi sistemi bu ölkəyə gətirən 3 nəfər varsa, onun biri Ramiz Mehdiyevdir»
Mehriban Vəzir: «Bu rejim heç cür dərk etmək istəmir ki, hər bir vətəndaşa olan təzyiq, dəyən zərbə dövləti sarsıdır»
Hakimiyyət ona olan təzyiqlərə baxmayaraq repressiya siyasətini davam etdirməkdədir. Yürütdüyü siyasəti daha da kəskinləşdirən iqtidar getdikcə bütün normaları aşır. Artıq cəmiyyətdə 37-ci ilin ab-havası hiss olunur. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehriban Vəzirdir. Mehriban xanıma ilk sualımız hazırda hakimiyyətin yürütdüyü repressiya ilə bağlı oldu.
– Cəmiyyətdə inamsızlıq, etimadsızlıq, ümidsizlik, eyni zamanda aqressiya çox güclüdür. Mənəvi-psixoloji böhran içindəyik. Baş verənlərə güvənsiz, insanlara etimadsızıq. Eləcə də siyasi mədəniyyət əskikliyimiz var. Və bu əskiklik hər gün, hər saat dərinləşir. Hamı bir-birinə şübhə ilə yanaşır. Tamamilə xəstə duruma düşürülmüş, ləyaqəti, qüruru tapdanmış bir topuma çevrilmişik.
Hakimiyyətin adı üstündədir; avtoritardır, repressivdir. Rejim rəqiblərinə qarşı amansız və qəddardır. Idarəetmə mədəni və avanqard deyil.
Hakimiyyətin davranışlarına mənim münasibətim həmişə şəffaf olub. Üzdə bir cür, arxada başqa cür olmayıb. Bu hakimiyyətin deputat, məmur elədiyi və əslində adam elədiyi elələrini tanıyıram ki, televizorda tərifləyir, evində küfr yağdırır. Mən isə açıq demişəm və deyirəm; dövləti və xalqı belə idarə etməzlər. Heç düşmənə də belə idarə-zülm etməzlər, Allahdan qorxarlar. Hakimiyyətin vətəndaşına qarşı bu amansızlığı əslində dövlətə qarşı amansızlıqdır. Vətəndaşı zülm etmək, onu çökdürmək dövləti çökdürməkdi. Və dövlətə çox böyük, çox ağır zərbədir. Bu rejim heç cür dərk etmək istəmir ki, hər bir vətəndaşa olan təzyiq, dəyən zərbə dövləti sarsıdır. Çünki dövlət vətəndaşın hesabına var olur, vətəndaşın çiynində dayanır. Dövləti hakimiyyətlər deyil, xalq saxlayır. Xalq dövlətin arxasından çəkiləndə dövlət çökür. Bu rejim bilərək-bilməyərək dövləti çöküşə aparır. Vətəndaşın durumu nədirsə, dövlət də həmin durumdadır. Hər bir vətəndaş dövlətin aynasıdır. Vətəndaş dövlətin fizikası və metofizikasıdır – görünən və görünməyən tərəfidir.
“Biz bu mərhələni keçməliyik”
– Hakimiyyətin yürütdüyü repressiya iyrəncliyi ilə də diqqət çəkir. Hazırda qadınlar da hədəfə alınır. Onlar həbsə atılır, təhqir olunur, barələrində kampaniya aparılır. Bu məqamları necə dəyərləndirmək olar? Bu siyasətin hansı fəsadları ola bilər?
– Mən gender bərabərliyinin tərəfdarı olan insanam. Təşkilatım da gender bərabərliyi uğrunda fəaliyyət göstərir. Ona görə mənim üçün ictimai-siyasi proseslərdə qadın-kişi ayrı-seçkiliyi yoxdur. Qadın ictimai-siyasi proseslərə qoşuldusa, artıq qadın olmağını əsas gətirib özünə güzəşt-hörmət uma bilməz. Bu yerdə “qadındı, və ya anadı, güzəşt edək” məsələsi artıq idarəetmənin qanacağına bağlıdır. Indiyə qədər qadınlara qarşı mentalitetdən gəlmə bir tavır vardı. Çünki qadın da mentalitetə ayaq uydururdu. Evdə oturur, işləyəndə də dilini, əməlini nəzarətdə tuturdu. Indi qadın savaşır, döyüşə gedir, əzm göstərir, döyüşçü ilə necə davranacaqlar. Skandinaviya ölkələrində 50-ci ilərdə ictimai fəaliyyətə görə qadınları kütləvi şəkildə sürgün edir, həbslərə atırdılar. Təəssüf ki, biz bu mərhələni hələ keçməliyik. Biz isə hələ hətta ictimai-siyasi gedişatda belə qadın-kişi söhbəti edirik. Bu mərhələni bütün inkişaf etmiş ölkələr keçib, biz də keçməliyik.
Qadına münasibət bilirsinizmi hansı sahədə dəhşətlidir? Bitməmiş bu il ərzində o taydan bu taya narkotik keçirən 24 qadın tutulub. Hələ nə qədər də tutulmayanı, davam edəni var. Narkobaronlar kişilərdi, kuryerlər qadınlar. Gör kişilər nə qədər qadını, ananı, ailəni bədbəxt edir. Gör bu zəngin dövlətin yoxsul qadın vətəndaşı balasını yedizdirmək üçün hansı yollara əl atır. Biz buna etiraz səsimizi ucatmalıyıq. Siyasi məsələlərə gəlincə, siyasi mübarizə qadınlara da aman tanımayacaq, bu məlum. Nə qədər ki, qadınlar kütləvi şəkildə siyasi mübarizədə deyillər, kişilər onlara narkotik yükləyib həbsxanalara göndərəcəklər.
– Milli Şura ötən müddət ərzində “siyasi məhbuslara azadlıq” şüarı altında iki möhtəşəm aksiya keçirdi. Aksiyanın əsas məqsədi cəmiyyətin diqqətini siyasi məhbus probleminə yönəltmək, məhbəsdəki əqidə daşlarımıza dəstəyimizi ifadə etmək idi. Amma hakimiyyət təmsilçiləri və bir sıra müxalifət partiyaları bu aksiyaları əhəmiyyətsiz sayır…
– Aksiyalar əhəmiyyətlidir. Nəbzdir. Yəni toplum və ya müxalifət ölməyib, hələ diridir, deməkdir. Deyilənə fikir verməyin, əgər əhəmiyyəti yoxdursa, niyə rejim aksiyaya gələn adamdan iki dəfə artıq polis tökür həmin məkana. Əgər bu aksiyaların əhəmiyyəti yoxdursa, nəyə görə insanların bir-bir şəkli çəkilir və harada işlədiyi, kimin qohumu olduğu məsələsi araşdırılır. Bu cür danışan adamlar riyakarlıq edir. Bu aksiyaların rejimi yerindən tərpətmək gücü olmaya bilər. Amma düşünürəm ki, etiraz aksiyaları olmalıdır. Xalqın durumu pisdir, məhkəmələr ədalətsizdir, siyasi həbslər var, demək aksiyalar da var.
Müxalifət nümayəndələri aksiyaları niyə məqbul saymır, bunu deyə bilmərəm, səbəbini bilmirəm və fikir müxtəlifliyinə anlayışla yanaşıram.
Məsuliyyəti kim daşıyır?
– Bir müddət əvvəl Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev bir sıra etiraflarda bulundu. O bildirdi ki, ölkədə elmi adlar pul ilə alınıb satılır. Nəticədə dövlət idarəçiliyində kadr çatışmamazlığı hiss olunur. Bundan başqa R.Mehdiyev bəyan edib ki, ölkədə təhsil ciddi şəkildə geriləyib. Bütün bunlara görə məsuliyyət kimin boynundadır?
– Bu fikirlərin Ramiz Mehdiyevin dilindən səslənməsi ən azı gülməlidir. Çünki o, indiki əxlaqi-ictimai-siyasi tənəzzül sistemini bu ölkəyə gətirən 3-5 adamdan biridir. Azərbaycanda bu məsuliyyət heç nazir səviyyəsində belə daşınmır. Misir Mərdanov barəsində nələr deyilirdi; cümlə xəyanətlərə bais. O getdi, təhsilə aidiyyəti olmayan biri gəldi. Nə dəyişdi. Rüşvət azaldımı?! Müəllimlər işə rüşvətsiz götürülürmü?! Və ya müəllimlərin əmək haqları artdı?! Dərsin keyfiyyəti yüksəldi yoxsa? Bu rejimin sistemi nazirlik, akademiya səviyyəsində qurulmayıb. Nazirlərin və bu kimi yetkililərin rejimə təsiri küçədəki vətəndaşımızdan az fərqlənir. Küçədəki vətəndaşla nazirin fərqi budur ki, nazir bal tutur deyə barmağını yalayır, vətəndaş isə acdır və zülmə məruzdur. Bu rejimi yaradanlar, quranlar var. Onların sırasında Ramiz Mehdiyev var. O nədən danışır axı? Siz bu ölkəni cəhənəmə döndərmisiniz. Vicdanı və savadı olan insanları məhv eləmisiniz, taleləri qırmısınız, insanları doğulduqlarına peşman eləmisiniz. Öz aranızdan bu bunun oğludur, bu onun qohumudur deyə işə almışdınız. Indi də kadr tapmırsınız.
– Telkanallar da Ramiz Mehdiyevin hədəfinə tuş gəlib. Bəyan olunub ki, telekanallarda intelektual verlişlər getmir və daha çox bayağı proqramlara üstünlük verilir. Buna görə də kim hədəf seçilməlidir?
– Inkişafın kökündə azadlıq durur. Prezident Aparatı telekanallara siyahı verəndə ki, bu adamları efirə çağırmayın, bu adamları işə götürməyin, bu mövzuda danışmayın, bu adları çəkməyin… Prezident Aparatından zəng edib siyahı verirlər; bu mavin, bu köməkçi, bu şöbə müdiri, bu aparıcı… Hamısı da yerlilər və digər “bizimkilər”… özləri də orta məktəbdə pis oxuyanlar, sinifdə qalanlar… belə yerdə intellektdən söz ola bilməz.
…Bəs nə bilmişdi, nə gözləyirdi. Bir kanalın rəhbərinin müsahibəsini oxudum, deyirdi ki, cəmiyyət bizi qınamasın, biz cəmiyyətin güzgüsüyük. Maraqlı fikir idi. Amma dediklərindən deyə bilmədikləri daha maraqlı idi.
Heç nə boşuna getməyəcək
– Ramiz Mehdiyev daha sonra bəyan edir ki, ölkədə acınacaqlı durum yaranıb. Pul, ev, maşın əsas dəyər meyarı sayılır və bunlara görə insanlar hər cür addım atmağa hazırdırlar. Bu açıqlamanı necə dəyərləndirmək olar. Məgər hakimiyyət bu “dəyərləri” əsas kimi təbliğ etmirmi?
– Ramiz Mehdiyev yerdən göyə kimi haqlıdır. Ancaq, dediyim kimi, senarinin müəlliflərindən biridir axı. Və maraqlıdır ki, bundan xəbəri varmı, görən. Çox istərdim cəsarət edib müstəqil jurnalistlərin – öz oyuncaqlarının yox – qarşısına çıxsınlar və bu kimi suallara cavab versinlər. Hakimiyyət rəhbərlərinin bu sualları qaldırması gülüncdür. Çünki həm əxlaqi, həm siyasi tənəzzülə görə cavabdehdirlər. Baş verən bütün bədxahlıqların müəllifləridirlər. Əminəm ki, onlar heç zaman ətraflarında, “adam elədikləri adamların” arasında belə bir nəfər belə sədaqətli, etibarlı, vəfalı adam tapmayacaqlar. Çünki qurduqları sistem fəsadlıdır. Onlar “adam elədikləri adamları” daima başqalarının cibinə düşmüş tapacaqlar.
– Mərkəzi Bank elan etdi ki, ölkədə 2.5 miylon kredit ödəyicisi var. Bu isə olduqca böyük rəqəmdir. Ölkədəki yüksək faizlərlə kredit ödəmək çox çətindir. Bu çətinliyi iqtidar təmsilçiləri də boyunlarına alıblar. Siyavuş Novruzov bəyan edib ki, Azərbaycanda kreditləri vermək üçün ya insan alveri ilə, ya da narkotik alveri ilə məşğul olmalısan…
– Yürüdülən siyasətin əsas məqsədi insanlarımızın bütün azadlıqlarının əllərindən alınmasıdır. Bura həm siyasi, həm də iqtisadi amillər aiddir. Insanların təməl azadlıqlarından biri də iqtisadi azadlıqdır. Rifah sıfır həddindədi, bazar od tutub yanır, səhiyyə reket kimi soyur vətəndaşı, sığorta yoxdur. Dövlət vətəndaşın qəsdinə durub. Hər kəs borcludur banklara, hər kəs asılıdır, hər kəs depressiyadadır, hər kəs “neyləyim, necə eləyim” deyib ömür sürür. Bu rejim xalqımız üçün bu taleni yazdı və həyata keçirdi. Bundan o tərəfəsi yoxdu. Deməklə deyil ki, Azərbaycan inkişaf etmiş ölkədir. Azərbaycan inkişafının qarşısı alınmış, talan edilmiş, uçuruma yuvarladılan bir ölkədir.
Lakin bu qədər sərvətlə bu ölkəni elmin və mədəniyyətin mərkəzinə – cənnətə çevirmək olardı. Heyif. Görünür, bu missiyanı neftdən sonrakı dövrün nəsilləri həyata keçirəcək. Amma mütləq belə bir nəsil olacaq və belə bir missiyanı həyata keçirəcək. Bu ağır zaman kəsiyindən dərs alacaq xalqımız. Buna əminəm.
Xəyal