“People İn Need” hakimiyyətə və onun dəstəkçilərinə cavab verdi
Dekabrın 2-də yaydığı bəyanatda Çexiyada yerləşən “People In Need” (PIN) təşkilatı ünvanına söylənən ittihamları təkzib edib:
Köhnə metod
“Ermənipərəst ittihamı Azərbaycanda tənqidlərdən qaçmaq, ölkədə insan haqlarının acınacaqlı durumundan diqqət yayındırmaq üçün tətbiq olunan köhnə metoddur. Bu, digər beynəlxalq qurumların Azərbaycanda üzləşdiklərinə daha bir nümunədir”,- bəyanatda deyilir.
Noyabrın 20-də Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilən Baş Assambleyasında Azərbaycanın nümayəndə heyətinin bəzi üzvləri siyasi məhbusların fotoları olan posterləri cırıb. Bu posterlər PIN-in Azərbaycana dair xüsusi sərgisinin bir hissəsi idi. Azərbaycan tərəfi ölkənin digər iştirakçılardan fərqləndirilməsinə etiraz edib. “Bu insidentdən az sonra PIN-ə qarşı çirkin kampaniya başlayıb, media onu ermənipərəst adlandırıb”, bəyanatda vurğulanır.
Ittihamlar absurddur
PIN-in direktoru Simon Panek deyib:
“Məncə, ermənipərəst ittihamları absurddur, çünki inanırıq ki, hüququn aliliyinə əməl etmək, insan haqlarına hörmət qoymasına çalışmaq, hökumətdən hesabatlılıq tələb edənləri dəstəkləmək ölkənin gələcəyinə ən yaxşı investisiyadır”.
Simon Panekin sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrindən heç biri Azərbaycandakı kimi “davamlı təzyiqə” məruz qalmır.
PIN bildirir ki, 1992-ci ildə Praqada qeyri-hökumət təşkilatı kimi təsis olunub və heç vaxt hökumətin mövqeyini əks etdirməyib. Qurum 60 ölkədə insan haqları və demokratiya sahəsinə yardım göstərir(azadliq.org).