“Vaxtilə bu iqtidara qarşı yazdıqlarının qisasını hakimiyyət indi onu insan kimi bitirməklə alır”
“Buna el dilində “qabaqdangəlmişlik” deyilir”
Qarşı tərəf cavab açıqlamaları ilə baş redaktoru bir az da ifşa etdi
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzeti və AXCP fəallarını məhkəməyə verəcək. Bu barədə baş redaktoru Trend-ə açıqlamasında bildirib. Rauf Arifoğlu iddia edib ki, “Azadlıq” qəzeti və AXCP fəalları onu böhtan və təhqirlərə məruz qoyub.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məhkəmə hədəsinə cavab verib. Rahim Hacıyev “Azadlıq”a bildirib ki, hər şey “Batumi qalmaqalı”ndan başlayıb: “Batumidəki tədbirdə Azərbaycanın siyasi məhbuslarına dəstək aksiyası keçirənlərə qarşı əsassız kampaniya başladı. İlk olaraq elə “Yeni Müsavat” qəzeti onlara ermənipərəst damğası vuraraq aksiyanı ləkələməyə cəhd göstərdi. Bu aksiyada başlıca məqsəd Azərbaycandakı siyasi məhbus probleminə diqqəti cəlb etmək olub. Ona görə də “Yeni Müsavat” qəzetinin bu aksiyaya qarşı hakimiyyətin təşkil etdiyi kampaniyada fəallıq göstərməsi ictimai qınağa tuş gəldi. Qəzetin rəhbərliyi isə vəziyyətdən çıxmaq üçün məsələni “Azadlıq”a qarşı çevirmək yolu tutdu. O gündən bu vaxta qədər bu qəzetin səhifələrində “Azadlıq”a qarşı təhqir və böhtan kampaniyası aparılır. Belə çıxır ki, məhz bundan diqqəti yayındırmaq üçün “Azadlıq” qəzetinə qarşı məhkəmə vasitəsilə zərbə vurmaq yolu seçilib. Buna el dilində “qabaqdangəlmişlik” deyilir. Biz haqlı olduğumuzu böhtan və təhqirlə deyil, həmişə arqumentlərlə sübut etməyə çalışmışıq və bu prinsipimizə bundan sonra da sadiq qalacağıq”.
AXCP-dən də “Yeni Müsavat”ın baş redaktoruna cavab gəlib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı Rauf Arifoğlunun bu hədəsini hakimiyyətin növbəti planı kimi dəyərləndirib: “Bu iqtidar çox amansızdır. Kim ki, yaxasını onun əlinə verir, bundan sonra siyasi mövqeyi dəyişir, öz gəldiyi yola dönüklük edir. Ancaq məsələ heç bununla da bitmir, bu iqtidarın xidmətinə keçənlər insanlığı bitənə qədər istismar edilir,cəmiyyətin gözündən salınır.
Gözümüzün qabağında Hafiz Hacıyev nümunəsi var. İndi də Rauf Arifoğlu nümunəsi yaranır. Neçə gündür ki, bu adam AXCP-ni, Əli Kərimlini təhqir edir, böhtanlar yağdırır. Ancaq görünür hakimiyyət daha artığını tələb edir. Vaxtilə bu iqtidara qarşı yazdıqlarının qisasını hakimiyyət indi onu insan kimi bitirməklə alır. İndi də bu adam AXCP fəallarını və “Azadlıq” qəzetini məhkəməyə verir. Azərbaycanda məhkəmələrin siyasi sifariş yerinə yetirdiyi, represiya aləti olduğu hər kəsə məlumdur. Son vaxtlar AXCP rəhbərliyinə daxil olanların şərlənib tutulduğu məlumdur, görünür daha cibə narkotik qoymaq, dalaşdırıb həbs etmək limiti bitdiyi üçün AXCP-yə qarşı siyasi represiyaları Rauf Arifoğlunun vasitəsi ilə davam etdirməyə qərar veriblər.
Elman Türkoğlunun əli ilə Xədicə İsmayılı, Rauf Arifoğlu vasitəsi ilə də AXCP fəallarını, “Azadlıq” qəzetini məhkəməyə vermək iqtidarın siyasi represiya planının yeni mərhələsidir.
Təhqir edib böhtan atmaq yetmədi bu adam üçün, indi də “iş vermək”, üzə durmaq sahəsində “qabiliyyətini” sınamaq istəyir. Bir deputat mandatının bədəli nə ağır oldu!?”.
Bir məqamı da qeyd edək ki, Rauf Arifoğlu açıqlamasında Əli Kərimliyə böhtan atmaqdan da çəkinməyib. “Əli Kərimli dəfələrlə bizi məhkəməyə, prokurorluğa verib”, – deyə baş redaktor iddia edib. Halbuki AXCP sədri 25 illik siyasi fəaliyyəti dövründə heç bir media orqanını və jurnalisti məhkəməyə, prokurorluğa verməyib. Hər halda hansısa media orqanı və jurnalist bunu iddia edə bilməz. AXCP mətbuat xidməti aydınlaşdırır ki, Əli Kərimli yalnız bir dəfə – 1999-cu ildə “Yeni Müsavat” qəzeti onu xarici kəşfiyyat orqanına işləməkdə ittiham edəndə prokurorluğa bu məsələnin araşdırılması ilə bağlı müraciət edib. Həmin müraciətdə nə qəzet, nə də müəllif barədə tədbir görülməsi tələb olunmayıb. Sadəcə Əli Kərimli bu ittihamın araşdırılıb münasibət bildirməsini istəyib. Prokurorluq isə AXCP sədrinin müraciətinə cavab olaraq bildirib ki, “Yeni Müsavat”ın ittihamları əsassızdır, onun qəzeti məhkəməyə vermək hüququ var. “Yeni Müsavat” qəzeti də prokurorluğun cavabından sonar təkzib vermək məcburiyyətində qalıb. Əli Kərimli isə bununla kifayətlənib və qəzeti məhkəməyə vermək hüuqundan istifadə etməyib.
İnformasiya şöbəsi