Böyük Britaniyanın “Reuters” agentliyi neftin qiymətinin sürətlə enməsi prosesini ayrı-ayrı ölkələrin iqtisadiyyatına necə təsir edəcəyi mövzusunda maraqlı material dərc edib. Məqalədə bildirilir ki, neftin qiymətinin düşməsi bəzi ölkələrin kredit reytinqinə çox mənfi təsir göstərəcək. Elə ölkələr var ki, onların gəlirləri əsasən neft satışından formalaşır. Neftin qiymətinin yüksək olduğu dövrlərdə bu ölkələr ehtiyatı əldən verərək iqtisadiyyatın davamlı inkişafını təmin edə biləcək zəruri islahatlar aparmayıblar. Enerji daşıyıcılarının qiymətlərinin düşməsi nəticəsində bu tipli ölkələrin investisiya cəlbediciliyinə ciddi zərbə dəyəcək. Amerika bankının “Merill Lynch” bölməsinin təmsilçisi David Hauner deyir ki, neft gəlirlərindən asılı olan ölkələrin qiymətlərin bundan sonra düşəcəyi halda investorlar üçün cəlbedici olacağını müəyyənləşdirmək çox çətindir. “Standard Poor” reytinq agentliyinin nümayəndəsi Moris Kremer deyir ki, uzun müddət ərzində neftin qiymətinin aşağı olacağı təqdirdə bundan ziyan çəkəcək ölkələrin vəziyyəti fərqli olacaq. Beynəlxalq valyuta fondunun məlumatları göstərir ki, neftin qiyməti 65 dollar olacağı halda bunun Küveyt kimi böyük valyuta ehtiyatları olan ölkəyə ciddi ziyanı dəyməyəcək. İnkişaf edən bazarlardan biri olan Türkiyə neftin qiymətinin aşağı düşməsindən qazanacaq. Fransanın BNP Pariba bankının analizi göstərir ki, neftin qiymətinin hətta 80 dollar olacağı halda Rusiya, Qazaxıstan, Azərbaycan kimi ölkələr investisiya cəlbediciliyini xeyli dərəcədə itirəcək.