Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu günlərdə iqtisadçı dostumuz Rövşən Ağayev 2015-ci ilin büdcə layihəsi ilə bağlı maraqlı bir açıqlamasını oxudum. Sitat: “Son illər olduğu kimi 2015-ci ilin büdcəsi ilə hökumət yenə deyir ki, bizim üçün tikmək prioritetdi.
Dünyada ikinci normal ölkə tapa bilməzsiniz ki, büdcəsinin yarısından çoxu tikinti xərclərinə yönəlsin. Istənilən ekspert istənilən ölkənin büdcəsini mənim qarşıma qoyub desin ki, normal sayılan ölkənin büdcəsinin 50 faizindən çoxu tikintiyə yönəldilir. Azərbaycandan başqa belə bir ölkə yoxdur”.
Rövşən bəyə etirazım var. “Dünyada ikinci normal ölkə tapa bilməzsiniz…” – belə çıxır ki, birinci normal ölkə Azərbaycandır? Biz anormallıqlar ölkəsində yaşayırıq, burada hətta büdcənin lap 100 faizini də tikintiyə xərcləyə bilərlər. Neft-qaz özlərinin, neft-qaz pulları özlərinin, indi onu hara, necə, niyə xərcləyəcəklərini bizdən soruşmalı deyillər ki?
Digər tərəfdən, hamı bilir ki, tikinti işləri korrupsiya üçün ən münbit şərait deməkdir. Biz bunun bir çox Azərbaycansayağı parlaq nümunələri ilə tanışıq. Məsələn, götürək məktəb tikintisini. Təsəvvür edin ki, 2011-2012-ci illərdə Neftçalanın Astanlı, Lənkəranın Osaküçə, Imişlinin Çaxırlı, Ağcabədinin Mehrablı, Bərdənin Ikinci Hacallı kəndlərində 220 şagirdlik orta məktəblərini Təhsil Nazirliyi (TN) orta hesabla 850-900 min manata tikib. 2014-cü ildə rayon icra hakimiyyətlərinin tikəcəyi 220 şagird yerlik məktəb binalarının dəyəri isə 2 dəfəyə yaxın bahalaşıb. Məsələn, Tovuzun Şamlıq kəndində 220 şagirdlik orta məktəb 1 milyon 611 min manat, Oğuzun Yaqublu kəndində 220 şagirdlik orta məktəb 1 milyon 709 min manat, Siyəzənin Böyük Həmyə kəndində 220 şagirdlik orta məktəb 1 milyon 897 min manata başa gəlməli idi. Indi cəmi iki il ərzində yaranan bu qədər fərqi nə ilə izah etmək mümkündür. Əlbəttə, korrupsiya ilə.
Məktəb tikintisindəki korrupsiyanın daha bir örnəyi: beynəlxalq donorların ölkəmizdə tikdiyi eyni ölçülü məktəb binalarının dəyəri nəinki yerli icra hakimiyyətlərinin, hətta bir zamanlar TN-in inşa etdiyi məktəblərin dəyərindən dəfələrlə ucuz olur. 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Bakının Xəzər rayonunun Yeni Qala qəsəbəsində tikilmiş 20 siniflik (TN-nin normativlərinə görə 400 şagirdlik) məktəbi təhvil verdi. Həmin məktəb 300 min dollara (255 min manata) başa gəlib. Həmin rəqəm təzəlikcə TN-in büdcə pulu ilə Qəbələdə tikdiyi təxminən eyni ölçülü məktəbdən 6 dəfə (bu məktəb 1,5 milyon manata başa gəlib), icra hakimiyyətlərinin “standart”larından isə 12 dəfə ucuzdur. Üstəlik, amerikalıların tikdiyi məktəbin təchizatı yaptokratların tikdikləri məktəblərin təchizatından qat-qat yüksək və müasir olduğu halda!
Sonra da deyirik, niyə təhsildə heç bir irəliləyiş yoxdur. Məktəbləri korrupsiya, yağmaçılıqla inşa olunan ölkənin təhsilindən yaxşı nə gözləmək olar?!
Digər tikintilərlə bağlı da vəziyyət eynidir. Məsələn, hazırda Bakıda 64 min tamaşaçı tutumu olan stadion tikilir, bura hardasa 710 mln. avro, hardasa 1 milyard dollar pul xərcləyəcəklər. Halbuki son illərin ən fantastik stadionu sayılan Münhendəki 70 min nəfərlik “Allians Arena” stadionunun layihə dəyəri vur-tut 280 mln. avrodur, Cənubi Afrika Respublikasındakı 50 min nəfərlik “Nelson Mandela Bay Stadium”un xərci isə vur-tut 56 mln. avrodur.
Təsəvvür edin, hətta yaptokratların “fikir babası”, “ağıl xocası” Rusiya belə, 2018-ci ildə futbol üzrə dünya çempionatına sahiblik edəcəyi üçün inşa etməli olduğu 16 stadiona cəmi 3,82 milyard dollar xərcləyəcək.
Aradakı bu nəhəng fərqlərin korrupsiyadan başqa izahı varmı?! Tikinti büdcənin söküntüsü üçün ən gözəl imkandırsa, onun nəinki yarıdan çoxunu, hətta hamısını belə niyə ona ayırmasınlar?!
Bu tikintilərin şübhəsiz, real inkişafla heç bir əlaqəsi yoxdur. Çünki nəyisə – yolu, məktəbi, körpünü, stadionu… tikəndə gərək əvvəlcə cibinin ağzını tikəsən. Ki, tikdiyinin də anlamı qalsın, faydası olsun.