Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Srağagün paytaxtda “Bakı Elm Festivalı-2014″ öz işinə başlayıb. Bu haqda xəbərdə deyilirdi: ”Azərbaycanda ilk dəfə təşkil olunan Elm Festivalı iki gün davam edəcək.
Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Bakı Şəhər Icra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır”.
Çox şən, hər yanı gülşən xəbərdir. Adamın kefi açılır. Doğrudan da yaptokratların fantaziyasının həddi-hüdudu yoxdur. Təsəvvür edirsiniz: ölkədə elm yoxdur, amma onun festivalı keçirilir. Bunların təxəyyülü artıq heç bir sərhəd tanımır. Hər şeyə hazırlıqlı olmaq lazımdır. Bir azdan Xəzərdə balina ovlamaq yarışı keçirilsə, gərək təəccüblənməyək.
Ümumiyyətlə, bu “festival mərəzi” təzə baş qaldırıb, Azərbaycanda hər gün nəyinsə festivalını keçirirlər: məsələn, hardasa iki ay əvvəl Qəbələdə mürəbbə festivalı, bunun ardınca Lerikdə plov festivalı keçirildi. Göyçayda nar festivalı ənənə halını alıb. Keçən ay Qubada alma festivalı keçirildiyini unutmayaq. Gün o gün olsun, Qazaxda xəngəl, Gədəbəydə kartof, Şəkidə piti, Şamaxıda anakonda festivalı keçirilsin. Əlbəttə, soruşa bilərsiniz ki, Şamaxı hara, anakonda hara? Niyə də olmasın. Elm olmayan ölkədə elm festivalı keçirilirsə, deməli, Şamaxıda anakonda festivalını dünəndən keçirmək mümkündür. Hətta gələcəkdə ölkənin adını dəyişib “Festivalstan” da qoymaq olar.
“Festival” səhv etmirəmsə, fransız sözüdür, dilimizə çevirməsi “şənlik”, “bayram” anlamına gəlir. Yaptokratların ölkəni festivallaşdırması isə süni, qondarma şənlik ab-havası yaratmaqdan başqa bir şey deyil. Lap “aclıq olsun, kef olsun” misalı kimi. Torpaqların 20 faizi yadelli işğalı altında, yerdə qalan 80 faizini isə korrupsiya, hüquqsuzluq, məmur heyvərəliyi işğal edib. Insanlar kredit bataqlığında boğulur. Küçədə, yolda-izdə qarşına üzündə təbəssüm olan biri çıxsa, heyrətdən gözlərin böyüyər. Adamların gələcəklə bağlı heç bir xoş gözləntisi qalmayıb. Bunlar isə real mənzərəni malalamaq üçün hər gün bir adda festival düzəldirlər. Təəccüblü deyil. Anti-demokratik, basqıçı rejimlərin sevimli vərdişidir bu.
Elm festivalına isə ümumiyyətlə, anlam. Izah vermək çətindir. Bu absurdun pik nöqtəsidir artıq. Axı hansı elmdən söhbət gedir? Bu ölkədə Elmlər Akademiyasının işçilərindən biri çıxıb mələyin uçma sürətini hesabladığını deməmişdimi? Başqa bir Akademiya işçisi bir falçı xanımın 70 cür xəstəliyi sağalda bilməsi barədə palaz boyda yazı qaralamamışdımı? Həmin yazıda bu fövqəlmöcüzəni bütün dünyaya göstərməyin vaxtı çatdığından bəhs etməmişdimi? Bəlkə Elmlər Akademiyasının Incəsənət və Memarlıq Institutunun şöbə müdiri, professor Inqilab Kərimov vəfat etdikdən sonra onun yerinə şoumen Qorxmaz Əlilinin təyin olunmasını unutmusunuz?
Başqa bir “alimimiz” Harun Yahya kimi tanınan Adnan Oktar adlı bir din fırıldaqçısının Darvinin təkamül nəzəriyyəsini darmadağın etməsi haqda məqalə yazmamışdımı?
Yaxud, indi həbsdə olan falçı, “Etiraf” verilişi ilə xalqımızın qəlbini fəth edən Ilham Mirzəyevin iş yerlərindən biri Elmlər Akademiyası deyildimi? Bu ölkədə Görücü Məlahət haqqında kitabı elmlər doktoru yazmayıbmı?
Təzəlikcə isə bizə “dünya şöhrətli alim” kimi təqdim olunan Rafiq Əliyev çıxıb elə beləcə də demədimi: “Aşura bu millətin oyanması üçün ciddi dəstək verə biləcək gündür”.
Yaxşı, indi özünüz deyin görək, bütün bunlardan sonra hansı daha doğrudur: bu ölkədə elm festivalı keçirmək, yoxsa elmə dəfn mərasimi düzəldib, ehsan verməkmi?!