Şıxəli Qurbanov kimi milli kadrların vəzifəyə gətirilməsində onun misilsiz xidmətləri olub
Bu tədbirdə Oqtay Eldəgəzin ölümündən sonra həyat yoldaşı Rəfiqə xanımın təşəbbüsü ilə çap etdirilmiş kitablarının ictimaiyyətə təqdimatı olacaq. Bu kitabların adları belədir: “Fələstin çoxbucaqlısı”, “Otuzyeddilər istintaqı”, “Poladdan bir yarpaq”, “Borcumu ver, Rusiya”. Tədbir noyabrın 21-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 28-də yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq.
Rəfili Oqtay Kərim oğlu (Oqtay Eldəgəz) 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, orta məktəblərdə, texnikumlarda dil-ədəbiyyat fənnlərini tədris edib. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, ona görə də özünə “Eldəgəz” təxəllüsünü götürüb. 1958-60-cı illərdə Sumqayıt hadisələrinin qeyri-rəsmi lideri olub, may mitinqlərinə rəhbərlik edib. O, Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil və səhiyyə qurumlarında kök salmış erməni və rus şovinistlərinin işdən çıxarılmasının təşkil edilməsində, onların yerinə azərbaycanlıların təyin edilməsində böyük işlər görüb. Şıxəli Qurbanov kimi milli kadrların vəzifəyə gətirilməsində də onun misilsiz xidmətləri olub.
1962-ci il dekabrın 17-də 95 nəfər ziyalının iştirak etdiyi gizli yığıncaqda Milli Azadlıq Qərargahı (MAQ) yaradılıb və Oqtay Rəfili (Eldəgəz) sədr, görkəmli alim Xudu Məmmədov isə sədr müavini seçiliblər. Onların məqsədi yüksək vəzifələrə azərbaycanlıların təyin olunmasına, respublika büdcəsinə ayrılmaların Moskvada deyil, Bakıda həll olunmasına çalışmaq, milli oyanışa xidmət etmək idi. Oqtay Eldəgəzin bir sıra hekayə, povest, novella, oçerkləri müxtəlif qəzet və jurnallarda dərc edilib.
Oqtay Eldəgəz 16 may 2002-ci ildə öz doğma kəndi Əmircanda (Xilə) vəfat edib.