Xalidə Həsənova Aqiyə Naxçıvanlı ilə bağlı ölkə başçısına ünvanladığı videomüraciətdə nələr deyib?
Azərbaycan Müəllimlər Institutunun Mingəçevir filialının sabiq əməkdaşı Xatirə Həsənova “Youtube” kanalı vasitəsi ilə ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıb.
“Bizim Yol” xəbər verir ki, X.Həsənova Prezident Administrasiyasına üzləşdiyi qanunsuzluqla bağlı məktub göndərdiyindən iki ay ötsə də, hələ də cavab almadığını bildirib: “Zəng edib soruşduqda isə ”Narahat olmayın xanım. Məktubunuz araşdırılır, nəticəsi haqqında sizə məlumat veriləcək” deyirlər. Bu da nəticəsi. Mən Əmək Məcəlləsinin 70-ci (ƏM) bəndinə əsasən əsassız olaraq işdən azad edildim. Çarəsiz durumda qalıb sizə müraciət edirəm. Ümid edirəm ki, bir Azərbaycan qadınının saxta ittihamlarla ləkələnməsinə, ailəmin yeganə qazanc yeri olan işimi itirməyə imkan verməyəcəksiniz”.
X.Həsənova müraciətində AMI-nin Mingəçevir filialı fəaliyyətə başlarkən müəllim, müasir metodlar kabinetinin müdiri, dekan və 2006-cı ildən əlavə təhsil üzrə direktor müavini vəzifəsində çalışdığını qeyd edir.
“16 oktyabr 2014-cü il tarixində rektor Aqiyə Naxçıvanlı Mingəçevir filialının keçmiş, hazırda Zaqatala filialının müdiri Orucəli Rzayevin etdiyi saxtakarlıq və mənimsəmə faktlarını gizlətmək üçün məni əsassız olaraq işdən azad edib” – deyə X.Həsənova iddia edir.
X.Həsənova daha sonra bildirir: “Aqiyə xanım, 2012-ci ilin may ayında sizin filiala göndərdiyiniz yoxlama komissiyasını təmsil edən Telman Muradov və Həmkarlar Təşkilatının sədri Rövşən müəllim Orucəli Rzayevin rüşvət müqabilində buraxılan onlarla tələbədən ikisinin Rusiyada olduğu halda onların kursdan kursa keçirilməsi və onlara qiymət yazılması, ümumiyyətlə filialda dərsdə davamiyyətləri bərbad durumda olan tələbələrə rüşvət alaraq onlara kömək etməsi kimi faktlar aşkar etmişdilər. Belə olan halda nəyə görə Orucəli Rzayevə ƏM-in 70-ci bəndini vermədiniz?! Bunun əvəzinə onu Zaqatala filialının direktoru təyin etdiniz”.
Şikayətçi A.Naxçıvanlının ona etimad göstərərək direktor, müdir əvəzi səlahiyyətlərini həvalə etdiyini də bildirir: “Nə biləydim ki, məqsəd təhvil-təslimsiz sabiq müdirin dövründə mənimsənilən inventar çatışmazlığını gizlətməkmiş. Mənə ”audit gətir, yoxlat! Nəyi götürüb, gəlib geri qaytarsın!” dediyiniz halda, aparılan yoxlamaların nəticələrini isə hansısa bir çəkəcəyə atacaqdınızsa, nəyə lazım idi bu yoxlamalar?! Illərdir Gəncə Müəllimlər Institutunda yoxlama aparmısınız və hamını əmin etmisiniz ki, orada hər şey qaydasındadır. Təhsil naziri Mikayıl Cabbarov təyinatından az sonra Gəncə və Qazax filiallarında sayı bilinməyən saxta diplomların mövcudluğunu aşkar edildi. On il sizin rəhbərliyiniz altında saxta diplomlar verildi, ancaq sizin bundan xəbəriniz olmadı?! Məni bu müraciətə siz məcbur etdiniz Aqiyə xanım. Dəfələrlə qəbulunuza gəlsəm də məni qəbul etmədiniz. Bunun əvəzində O.Rzayev və polislə mənə etmədiyiniz qalmadı”.
X.Həsənova deyir ki, Gəncə Dövlət Universitetindən 10-dan artıq müəllimin filiala dərsə gəlmədiyi halda “05″ ştat vahidi olaraq adlarına maaş kartı açıb büdcə vəsaitlərinin talan edilməsi müəyyən edilib: ”Üzümü tutub GDU-nun bir qrup müəllimlərinə – Zirəddin Həsənova, Zahid Abbasova, Ildırım Qasımova, Nərgiz Tağıyevaya, Rauf Məmmədova, Mayıl Mustafayeva, Tahir Ələkbərova, Bəhramgur Mustafayevə, Zülalə Aslanovaya, Telman Quliyevə və Bağır Bağırova deyirəm, niyə sizin adınızla büdcə vəsaitlərinin talan edilməsinə imkan verirsiniz? Biz Mingəçevir filialı sizləri tanımırıq, siz bizləri tanıyırsınızmı?”
Video müraciətdə adı tez-tez hallanan, AMI-nin Zaqatala filialının müdiri Orucəli Rzayev X.Həsənovanı məhkəməyə verəcəyini bildirib: “Artıq vəkillə danışmışam, ehtimal ki, bir-iki günə məhkəməyə müraciət ediləcək”.