Bu gün Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə baxılıb. Vəkil həbsin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Məhkəmə vəsasəti təmin etməyib. Bu barədə Turan-a vəkil Xalid Bağırov bildirib. Oktyabrın 29-da məhkəmə A.Yunusun həbs müddətini 4 ay uzadıb.
Vəkilin sözlərinə görə, Nəsimi məhkəməsinin hər iki qərarından apellyasiya şikayəti veriləcək. Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da Arif isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunurlar.
Arif və Leyla Yunuslar Amnesty International təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıblar. Fransa prezidenti da daxil olmaqla, bir çox ölkələrin liderləri onların azadlığa buraxılmasını tələb ediblər.–