Onun ailə üzvləri revmatizmlə mübarizə aparır
Ümid yeri kimi “Azadlıq”a üz tutan, taleyinə köçkünlük yazılan soydaşlarımızdan biri Kəlbəcər rayonu Qılınclı kənd həsrətli Yaşar Salmanovdur. O bildirir ki, Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi, 5 saylı yataqxanada məskunlaşıb. Həmin yataqxanada 4 nəfərlik ailə 12 kv.m sahəsi olan darısqal otaqda yaşayır. Buna yaşamaq demək mümkündürsə…
Minlərlə ölkə vətəndaşı mental dəyərlərimizə baxmayaraq 5-6, bəzən daha çox ailə üzvü, bir otaqda üst geyimdə yatmaq məcburiyyətində qalır. Bu darısqal, cansıxıcı həyat şəraiti ilə bağlı aidiyyəti qurumlara müraciət edənlərin şikayətlərinə əhəmiyyət verilmir.
Bu ünvanda yaşamaq Y.Salmanova daxili orqanlarını itirmək bahasına başa gəlib. Yayda rütubət, qışda soyuqdan bütün ailə üzvləri xroniki bronxit, nəfəs yollarının iltihabı, revmatizm kimi xəstəliyə ürcah olub.
Divarın əks tərəfində ümumi vanna otağı yerləşir. Arakəsmə divar gips məmulatı materialından hörüldüyündən, bütün rütubətliliyi özünə çəkərək otağın daxilinə ötürür. Otağın divarları, tavanı və döşəməsi rütubətlilikdən göbələk atıb. Divar kağızının altı kiflənərək qopub.
Tibbi ədəbiyyatlarda göstərilir ki, daimi yaşayış sahəsində rütubət göbələyi (divar, döşəmə, tavan) varsa, ağ ciyər vərəminə yoluxma risqi 99.09 faiz qaçılmazdır.
Vətəndaşların şikayət və müraciətini qulaqardı etməsi məmurlarda vərdiş halını alıb.
Y.Salmanov dəfələrlə ərazi üzrə MIS-ə müraciət etməsinə baxmayaraq probleminə əncam çəkən yoxdur. Ailənin gündəlik tələbatını ödəyə bilməyən Y.Salmanov nə edəcəyi qarşısında tərəddüd içindədir.
Özü və ailə üzvlərinin müalicəsi üçün həkimin yazdığı dərmanları almaq gücündə deyil. Dərmanları almaq üçün yaxınlarından borc pul almaq məcburiyyətində qalıb.
Y.Salmanov bildirir: “Yaşadığımız Inşaatçılar qəsəbəsini dövlət unudub. Bir ara dedilər ki, qəsəbə sökülərək yerində qaçqın şəhərciyi tikiləcək. Xeyli müddət keçib, hələ heç bir iş görülməyib. IH başçısı E.Əzizov ancaq prezident keçən yolların ətrafındakı evləri bəzəməklə məşğuldur.
22 ildir yaşadığım qəsəbənin heç çala-çuxuruna da baxan yoxdur. Inşaatçılar qəsəbəsini Böyük Vətən Müharibəsində əsir götürülən almanlar salıb. Almanlardan sonra qəsəbədə daşı-daş üstə qoyan olmayıb”.
Y.Salmanov üzləşdiyi problemlə bağlı dəfələrlə IH başçısı E.Əzizova müraciət etməsinə baxmayaraq onun şikayətinə cavab verilməyib.
Ailənin iki ildən sonra hərbi xidmətə yollanacaq Anar adlı oğlu var. Normal dövlətdə gəncliyin sağlamlığı ən vacib qayğılardandır. Ölkədə strateji milli məsələlər arxa planda olduğu kimi, gəncliyin sağlamlığı da elə bir önəm daşımır.
Y.Salmanov Qaçqın və Məcburi Köçkünlərlə Iş Üzrə Dövlət Komitəsinin sədri (həm də baş nazirin müavini) Əli Həsənova müraciət edib. Müracətindən aylar ötüb hələ də cavab yoxdur.
Şakir Həsənsu