Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu günlərdə Salyanın 2800 illiyi qeyd olunub. Məsələ belədir: sən demə, rayonun Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəni aşkarlanıbmış. Indi bunu Salyanın yaşı kimi təntənə ilə qeyd etməyə qərar verilib, hətta bu haqda Ilham Əliyev sərəncam da imzalayıbmış.
Bu da son illərin dəbidir, məsələn, Vasif Talıbov o tərəfdən Naxçıvanın yaşını artıq darta-darta tarixdən də əvvələ aparıb, bu yandan Elmar Vəliyev Gəncəyə təzə “doğum şəhadətnaməsi” çıxarıb, Gəncənin yaşını 2500 il yazıb.
Bir sözlə, qədimlik mərəzi ölkəni bürüyüb, adam artıq küçədə gördüyü dost-tanışın uşağının yaşını soruşmağa da qorxur, bir də gördün, uşaq qayıtdı ki, 1850 yaşım var, özüm də “Məlhəm” mədrəsəsində oxuyuram, müəllimimiz Kafiyəddin Ömərdən çox razıyam, fiqhdən sinif əlaçısıyam, Xaqani Şirvani ilə də eyni partada otururuq.
Ümumiyyətlə, bilmirəm fikir vermisiniz ya yox, Azərbaycanda insanlar yaşlı görünməyə çox meyllidirlər, burada nadir adamlar gəncliyini doğru-dürüst yaşamağa çalışır, əksəriyyət müdrik danışmaq, Dədə Qorqudluq eləmək, ağsaqqal öyüd-nəsihəti vermək üçün sinov gedir.
Indi ölkəni də günü-gündən qoca, yaşlı göstərmək, nəyin bahasına olursa olsun qədimləşdirmək həmin bu milli-mənəvi keyfiyyətin idarəçilik normasına çevrilməsinin görsənişidir. Bir halda ki, ölkəni çağdaş dəyərlərlə, müasir ideallarla idarə etmək niyyətindən uzaqsan, elə isə onu niyə qədimdən qədim, uludan ulu göstərməyəsən?!
Hər şey bir yana, həqiqətən Azərbaycanda dabandönmədən, fasiləsiz şəkildə qədim insan məskənləri tapmaq, hətta onlara yubileylər keçirmək xeyli məzəli görünür. Kimə, nəyi sübut etmək istəyirik?! Bizim bu torpaqların sahibi olduğumuzumu? Axı bunun üçün hardasa bir kurqan tapıb onun əsasında təbliğat qurmaq gülməlidir.
Biz bu torpaqlara onun üzərində azad, ədalətli bir dövlət qurmaqla insanların rifah içində, özgürcə yaşamasını təmin etməklə sahiblənə bilərik.
Hansısa kənddə, rayonda qədim insan məskəni tapmaqla kimi təəccübləndirmək olar? Bundansa ölkənin hər yerini müasir insan məskəninə çevirmək lazımdır. Modern, mədəni, çağdaş idarəetmə və cəmiyyət yaratmaq vacibdir. Əks halda həmin qədimliyin hansı anlamı qalır?
Baxın ilk insan izlərinə rastlanan Afrika coğrafiyasına. Hər qarışından qədimliyin, ululuğun fışqırdığı həmin coğrafiyadakı insanların bugünki həyat və düşüncə tərzinə baxın. Necə idarə olunduqlarına, insan kimi hansı dəyəri daşıdıqlarına baxın. Və düşünün bir anlıq: kimə lazımdır belə qədimlik, ululuq?
Təzəlikcə Tarix Institutunun direktoru (professordur, deputatdır, Yaqub Mahmudovu deyirəm) çıxıb edam hökmünün bərpa olunmasını təklif etmişdi, demişdi ki, anti-milli ünsürlər, ölkəmizin uğurlarını görməyən vətən xainləri, xalq düşmənləri yağı dəyirmanına su tökdüklərinə görə ən ağır formada cəzalandırılmalıdır. Tarix Institutunun direktorunun, elm adamı, professor olduğunu iddia edən şəxsin bu cür danışdığı ölkədə tarixə – keçmiş əsrlərə, minillər öncəsinə marağı başa düşmək çətindir. Elə həmin tarixçinin özü ilə onsuz da hər şey aydındır. Qədim insan aramızdadır. Həm də bir deyillər, beş deyillər, onbeş deyillər. Bəlkə heç azıxantropların sayı da bu qədər olmayıb.
Ən əsası isə indi ölkədə yeri gəlsə, heç tarixçiyə də ehtiyac yoxdur, hamı keçmiş çağları öz həyatında yaşayırsa, hamı keçmişin qaranlıqlarından, bataqlıqlarından keçməkdədirsə, bir də özünə əziyyət verərək gedib min il əvvəldə qurdalanmağın mənası nədir axı?!
Min il, iki min il, üç min il əvvəl artıq bizim üçün tarix deyil, uzaq keçmiş, qədimlik-filan deyil, bu gündür, indidir.