Məhəmməd Talıblı: «Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən imtinası o anlama gələcək ki, ölkəmiz mütərəqqi meyillərə qarşı çıxır»
“Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etmək məsələsini nəzərdən keçirəcək”. Bunu Təşəbbüs üzrə Hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov “Azadlıq” radiosuna açıqlamasında bildirib.
Xatırladaq ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü oktyabrın 15-də qərar verib ki, Azərbaycanın bu beynəlxalq şəffaflıq qurumunun öhdəliklərini necə yerinə yetirməsinin erkən monitorinqi aparılsın. Bu məqsədlə gələn ilin yanvarında Azərbaycana erkən dəyərləndirmə missiyası göndəriləcək. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü belə bir qərar vermələrinin səbəbini də izah edib. Belə bir qərar Azərbaycanda təşkilatın fəaliyyəti üçün yaradılan maneələr üzündən qəbul olunub. Yəni Azərbaycanın təşkilatdakı üzvlüyü yanvardakı müzakirələrdən asılıdır. Artıq belə bir qərar qəbul olunduğu halda Azərbaycan tərəfi bir növ qabaqdangəlmişlik edərək rəsmi Bakının bu təşkilatı tərk edə biləcəyini dilə gətirib.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə yüzdən çox təşkilat birləşib. Təşkilatda birləşən əksər QHT-lərin fəaliyyətinə məhdudiyyətlər qoyulduğunu, bank hesablarının bağlandığını xatırladan M.Talıblı bildirdi ki, faktiki olaraq Azərbaycanda QHT fəaliyyəti birmənalı olaraq qadağan olunub: “Azərbaycanda QHT-lərə bu cür yanaşma varsa, deməli, QHT-lərin birləşdiyi bu koalisiyanın da fəaliyyəti, demək olar, iflic vəziyyətinə düşüb. Ona görə baş verənlərlə bağlı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT koalisiyasının katibliyi öz narahatlığını çatdırıb. Bəyan olunub ki, transmilli şirkətlər, hökumət orqanları və QHT koalisiyası arasında olan əməkdaşlıq, demək olar, sıradan çıxıb. QHT fəaliyyətindəki məhdudlaşmalar hesabına Azərbaycana olan yanaşma da dəyişib. Bu üzdən Azərbaycanla bağlı məsələ ötən həftə müzakirəyə çıxarıldı. Hətta ölkəmizə qarşı sanksiyalar məsələsi də gündəmə gətirildi”.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT koalisiyasının Azərbaycanda fəaliyyətini dayandıracağını bəyan etməsinin fonunda, Azərbaycan tərəfinin göstərdiyi yanaşmaya gəlincə isə M.Talıblı bildirdi ki, Azərbaycan da daxil olmaqla dünyanın 40-dan artıq ölkəsi bu təşəbbüsdə birləşib. Bu prosesin könüllü xarakter daşıdığını deyən M.Talıblı bildirdi ki, bu birliyə dövlətlər zorla daxil olmadıqlarından ölkələrin buradan zorla uzaqlaşdırılması presedenti də yoxdur: “Hər bir dövlət bu prosesdə iştirakda maraqlıdır. Ona görə Azərbaycan özü Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT koalisiyasında təmsilçilikdə maraqlıdır. Bu özü də daha çox rəsmi qurumlara, xüsusilə Neft Fonduna lazımdır. Əgər Azərbaycanın Neft Fondu həmin təşəbbüsdə iştirak edirsə, deməli, Azərbaycan neft gəlirləri ilə bağlı şəffaflığa açıq bir hökumətdir. Ona görə bu, Azərbaycanın reytinq göstəricilərinə yaxşı mənada təsir edir. Azərbaycanın bu təşkilatdan imtina etməsi isə o anlama gələcək ki, ölkəmiz mütərəqqi meyillərə qarşı çıxır”.
Xəyal