Dünyanın hər yerində işçi qruplar önəmli bir məsələnin həllinə dəstək vermək və onu çözmək məqsədilə yaranır. Yəni hər xırda işdən ötrü belə qrup yaradıb, insanları narahat etməzlər. Bir halda ki, artıq siyasi məhbuslarımızla bağlı belə qrup fəaliyyətə başlayır, demək, bu sahədəki ciddi problemləri hökumət istər-istəməz özü də etiraf edir. Hələlik ictimai müzakirələrdə səslənən ilkin narazılıqlar onun mübahisəli adı və tərkibi ilə bağlıdır. Üstəlik, tanınmış məhbuslardan bir neçə nəfər o qrupa daxil edilən əsas şəxslərin müdafiəsindən imtina etdiklərini açıqlayıblar. Indi necə olacaq? Ilk addımdan etimadsızlıqla qarşılanan qrup siyasi məhbuslar probleminin həllində iş görə biləcək, yoxsa elə zaman-zaman ortaya çıxan fəaliyyətsiz qurumlardan biri kimi ömrünü başa vurub gedəcək?
Məsələni konkret qoyaq. Bizim siyasi məhbuslarla bağlı döydüyümüz davanın əsasında nə durur ki? Onların tezliklə azadlığa buraxılması. O halda qrupun əsas hədəfi bundan başqa nə ola bilər axı? Lap məsələni “problemli məhbus” adıyla pərdələyib, fərqli şəkildə təqdim etsinlər. Alıb-aldatdı dünyasıdır məgər? Hər kəs hər şeyi gözəl bilir və görür. Hər kəs bilir ki, günahsız həbs olunmuş o insanların taleyi ilə “işçilik” oyunu qurmaq heç də asan olmayacaq. Onsuz da insanlar illərdir bu problemlərlə bağlı yalan və manipulyasiyalardan boğaza yığılıb. Yeni uydurmalar, sözsüz ki, münasibətləri gərginləşdirməkdən özgə heç nəyə yaramayacaq.
Beləliklə, uzun sürən basqılardan sonra siyasi məhbus məsələsi ilə bağlı yaradılan qrup böyük şübhə və etimadsızlıq şəraitində işə başlayır. Ən ağrılısı isə, siyasi məhbusların özlərinin orada təmsil olunan şəxslərə etibar etməməsidir. Məhbuslarımızı qınamağa kimin haqqı çatır ki? Bu insanlar illərdir heç bir günah sahibi olmadan həbsxana divarları arasında yatırlar. Həm də xüsusi basqı, qanunsuzluq və işgəncə şəraitində. Bu qanunsuzluq Leyla Yunusu döyəcək qədər iyrəncdir. Bu özbaşınalıq Tofiq Yaqublu və Ilqar Məmmədovun köçürülmə yerini günlərlə gizli saxlayacaq qədər cəsarətlidir. Bu dərəbəylik Tale Bağırzadəni istədiyi vaxt karserə salacaq qədər qəddar, Seymur Həzinin, Əvəz Zeynallının ailəsi ilə görüşünə yasaq qoyacaq dərəcədə qansız, Intiqam Əliyevin, Zaur Qurbanlının səhhətindəki ciddi problemləri gözardı edəcək qədər amansızdır. Adına “hüquq müdafiəçisi” deyən və hazırda həmin işçi qrupunda təmsil olunan şəxslər müdafiə etməliydi axı zamanında bu böyük haqsızlıqlarla üzləşən insanları. Indiyə kimi haqsızlıq və şər maşını qarşısında müdafiəsiz qalan, öz iradəsi və cəsurluğu bahasına əyilməyən o fədakarların qırılmış inamını necə qaytaracaqsınız?
Əslində, bu qrup müdafiəsindən imtina olunan şəxslərin günahını yuması üçün bir fürsət də ola bilər. Ölkənin hazırkı acınacaqlı durumunda, bəlkə də, hər kəsin payı var. Amma hər addımda ədalətsizliyə göz yumub, özbaşınalığa yol açan hüquq müdafiəçilərinin günahı daha böyükdür. O dərəcədə böyükdür ki, həmin günahı nə bağışlamaq, nə də hansısa “amnistiya”ya salmaq olar. Çünki bir çox bəlalar elə missiyanı üzərinə götürmüş şəxslərin vecsizliyindən və ya üzüyolalığından baş verir. Indi bütün bu deyilənlərdən narazı qalanlar, səslənən ittihamlara qəzəbli olanlar üçün meydan açılıb. Baxaq, “işçilər məhbuslarımız üçün nə işlər görəcək”. Onların azad olunması yolunda hansı qətiyyətli addımlar atılacaq? Yaxud heç atılacaqmı?