Son zamanlar Azərbaycana Qərbin diqqətinin artması bununla izah olunur
Sülhəddin Əkbər: «Hakimiyyətin beynəlxalq öhdəlikləri yerinə yetirməməsi ABŞ-ı ciddi narahat edir»
Son bir neçə ayda Azərbaycan mənfi mənada Qərbin diqqət mərkəzindədir. ATƏT-in Bakı ofisinin Azərbaycandakı vəziyyətlə bağlı sərt açıqlamalarından sonra Avropa Parlamenti Azərbaycanda siyasi azadlıqları kəskin tənqid edən qətnamə ilə çıxış edib. Bundan başqa, Avropa Parlamentinin prezidenti Ejci Buzek və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Bakıya səfər edəcək. Yeri gəlmişkən, Avropa Birliyinin “Yaxın Qonşuluq Siyasətinə” dair yaxın zamanlarda Azərbaycanla bağlı xüsusi qətnaməsinin qəbul olunması gözlənilir ki, bu sənəddə də kifayət qədər tənqidi məqamların olacağı gözlənilir. Bundan başqa, hazırda ATƏT Parlament Assambleyasının başçısı da Azərbaycanda səfərdədir. Bütün bu məqamları nəzərə alsaq, əminliklə söyləmək olar ki, Azərbaycan Qərbin gündəmində olmaq baxımından Gürcüstanı keçib. Amma təəssüf ki, bu liderlik yalnız mənfi istiqamətdədir. Bəs bu tendensiyanın səbəbi nədir və proseslərin sonrakı gedişini necə qiymətləndirmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, Azərbaycana son zamanlar diqqətin artması dünyada gedən proseslərlə bağlıdır. S.Əkbər hesab edir ki, bu, bir tərəfdən müsəlman dünyasında Azərbaycandan ictimai-sosial baxımdan geri qalan cəmiyyətlərdə müsbət demokratik proseslərin getməsi ilə bağlıdır: “Başqa tərəfdən isə, Azərbaycan istər Avropa Şurası, istərsə də NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, əksinə daha da geriləyib. Əslində Azərbaycan belə bir üzvlüyə hazır deyildi. Bu qəbulolunma müəyyən şərtlərlə reallaşmışdı. Bir sözlə, Azərbaycan beynəlxalq öhdəliklərlə bağlı sınaqdan çıxa bilməyib. Bu da Azərbaycanda maraqları olan ABŞ və NATO-nu ciddi şəkildə narahat edir”.
Hazırda müşahidə olunan tendensiyanın hansı nəticələr doğuracağına gəlincə isə, S.Əkbər bu istiqamətdə proqnoz verməyin bir qədər çətin olduğunu söylədi. S.Əkbərin sözlərinə görə, buna səbəb Azərbaycanın olduqca mürəkkəb regionda yerləşməsidir: “Azərbaycan Rusiyanın təsir dairəsində olan geosiyasi məkanda yerləşir. Digər tərəfdən Xəzərin karbohidrogen ehtiyatlarının ötürülməsində Azərbaycanın mövqeyi olduqca mühümdür. Yəni Azərbaycan bir çox aspektdən Qərb, ABŞ üçün vacib ölkədir. O da nəzərə alınmalıdır ki, Avropa ABŞ-dan fərqli olaraq pozitiv cəlbetmə, dialoq siyasətinə üstünlük verir. Düşünürəm ki, bir müddət də Azərbaycanla pozitiv cəlbetmə siyasəti davam edəcək. Amma bunun da bir limiti var”.
Xəyal