Ona məxsus olduğu bildirilən marketlər şəbəkəsində təhvil-təslim işləri aparılır
Prezident Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovla bağlı yeni məlumat yayılıb. Elnur Aslanov bir müddət əvvəl “nurçu qalmaqalı” ilə gündəmə gəlmişdi. Keçmiş şöbə müdirinin adı nurçuların Azərbaycan hakimiyyətində əsas təmsilçisi kimi hallanırdı. Bu məlumatlar əsasən hakimiyyətin nəzarətində olan media orqanları tərəfindən yayılırdı. Nəticədə Elnur Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırıldı. Onun nəzarətində olan olan media orqanlarına da əl qoyuldu.
Dünən isə məlumat yayılıb ki, Elnur Aslanova məxsus olduğu bildirilən “Rahat market”lər onun əlindən alınır. JAM.az-ın xəbərinə görə, oktyabrın 14-ü səhər saatlarından etibarən “Rahat market”lərdə təhvil-təslim işlərinə start verilib. Şəhərin müxtəlif yerlərində həyata keçirilən prosesin yekunu olaraq “Rahat market”lər Aslanovdan alınaraq, başqa bir məmurun ixtiyarına veriləcəyi dəqiqləşib. Lakin həmin məmurun kimliyi barədə bilgi əldə etmək hələlik mümkün olmayıb.
Məlumatda bildirilir ki, Aslanovla bağlı digər araşdırmalar da start götürüb. Amma bu araşdırmaların konkret nələrdən ibarət olduğu barədə hələlik bilgi verilmir.