Yaxud oğula siyasi hökm, ataya ölüm hökmü…
Ürəktutmasından qəfil vəfat edən Ibrahim Novruzlu mətbuata son açıqlamasında demişdi: “Inanın ki, hazırda məndən tonlarla tər axır, tər içindəyəm. Heç bilmirəm sizin hansı sözünüzə necə cavab verim. Bu 1 il 5 ayın hər günündə mən stress içində olmuşam. Tutulduğu gündən stressdəyəm. Bu hadisə də həmin stresslərin ən ağırıdır… Şahin uşaqdır. Həbsdə olduğu müddətdə 2-3 nəfər dustaqdan başqa kimi görüb axı? Mənim oğlumun günahı yoxdur. Bunu məhkəməyə gələnlərin hamısı da gördü. Hələ 18 yaşı tamam olmamış bir uşağı günahsız olduğu halda saldılar içəri, onun gəncliyindən yox, uşaqlıq illərindən gedir bu günlər. Nə deyim, özüm də bilmirəm”.
Oğlunun həbsi ilə onun həyatı çəkilməz yüklərin məngənəsinə düşmüşdü. Problem təkcə oğlunun həbsdə olması da deyildi. Bu haqda bir qədər sonra…
Ibrahim Novruzlunun oğlu vicdan məhbusu idi. Vicdan məhbusu adı beynəlxalq statusdur, bu adı çox nüfuzlu Beynəlxalq Amnistiya Təşkilatı heç bir günahı olmayan və siyasi motivlərlə həbs olunanlara verir. Dünyanın ən gənc vicdan məhbusu isə mərhum Ibrahim kişinin oğlu idi – NIDA-çı Şahin Novruzlu. Hələ 18 yaşı tamam olmamış bu sütül yeniyetməni MTN həbs etdi, Bakı Ağır Cinayətlər Məhkəməsi isə heç bir sübut olmadan ən ağır maddələrlə onu məhkum etdi. Təkcə bu maddələrin adını oxuyanda Şahinə qarşı edilən vicdansızlıqdan dəhşətə gəlirsən. CM-nin 28 (cinayətə hazırlıq); 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə); 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama).
Şahin Novruzlunun cəzası bununla bitmədi. Bu həbsin arxasında duran siyasi maraqlar məncə, hamıya aydındır. Hakim rejim bütöv bir ölkənin talanını və cinayət əməllərini davam etdirmək üçün bu cür gəncləri repressiyaya hədəf seçir – bu, aydındır. Bütöv bir ölkə çəkir bu cəzalardan. Amma Şahinin cəzasına atasının çəkdiklərini də xüsusi əlavə etmək gərəkdir.
Həbs olunarkən Şahinin evindən onun atasının iş qurması üçün topladığı 94 min manatdan çox pul vəsaitini də müsadirə etdilər. Şou düzəltmək üçün. Yaramaz insanların dilinə söz salmaq üçün. Yalançı məhkəməyə şişirtmə fakt uydurmaq üçün. Şahinin atası bu pulun bir hissəsini də yaxınlarından borc aldığını söyləyirdi. Ata həm oğul dərdi çəkir, həm də altından çıxa bilmədiyi borc yükündə qovrulurdu.
Haqsızlıq onu üzürdü. Həm mənən, həm də maddi olaraq. Yuxarıda onun ölümündən bir müddət əvvəl dediyi sözləri oxudunuz. Açıqca görünür ki, oğula siyasi həbs vermişdilərsə, bununla ataya da ölüm hökmü vermişdilər. Və oktyabrın 14-də Ibrahim Novruzlu həmin hökmlə öldü. Yenə də bizim yadımıza Viktor Hüqonun ölməz sətirləri düşdü:
Oğurluq təkcə para, malmı çalmaqdır?
Səadəti aparanlar oğru olmazmı?
Öldürmək üçün silah, xəncərmi olmalı?
…Gələcəkdə Ibrahim Novruzlunun ölümünə görə məhkəmə qurulunda Viktor Hüqonun şeirindən tək bir misrası da bəs edər ki, onun öldürüldüyü sübut olunsun. Çünki onu məhz silahsız, xəncərsiz öldürdülər. Həm də onun təkcə səadətini aparmamışdılar, pulunu, malını da aparmışdılar. Amansızlığın həddinə baxın!