AMEA Fizika Institutunun əməkdaşı seçki saxtakarlığına üsyan edir
AMEA Fizika Institutunun əməkdaşı Elman Şahverdiyevin akademiyada keçirilən son seçkilərlə bağlı şikayətləri davam edir. O, bu seçkinin saxta olduğunu, təyinatların Prezident Administrasiyasından gəldiyini iddia edir, növbəti dəfə ölkə başçısına müraciətlə akademiya prezidentini istefaya çağırır. Müraciətdə deyilir:
“Cənab Prezident! Son aylar Sizə dəfələrlə saytınız və mətbuat vasitəsi ilə 30 iyunda AMEA Nizamnaməsinə zidd olaraq keçirilmiş ”seçkilər” barəsində müraciətlər etmişəm. Müraciət etmişəm ki, AMEA-ya seçkilər yox, Sizin Administrasiyadan gələn siyahı əsasında təyinatlar olub. Administrasiyadan təyin olunduqlarına baxmayaraq, “seçilənlərin” hamısının səsi “seçilmək” üçün lazım olan baryeri aşmaqdan ötrü şişirdilib. Məsələn, bir nəfərin topladığı 4 səs 28 səs olub (31 səsdən). Digər bir nəfərin 2 səsi 25 “yazılb” və s. Bundan əlavə, ölkəmiz müstəqillik qazanandan sonra AMEA-ya keçirilən “seçkilər” Nizamnamədə nəzərdə tutulan vaxt çərçivəsində keçirilməyib: sənəd qəbulu elan olunur, illər keçir, birdən yada düşür ki, “seçki” keçirmək lazımdır. Məsələn, sonuncu seçkilərin ilk elanı hələ 2012-ci ilin fevralında verilmişdi.
Ikinci elan isə 2014-cü ilin martında verilmişdi. Harada görünüb ki, bir seçki keçirilməmiş ikinci seçki elan olunsun! Birləşmiş “seçkilər” isə 2014-ün yayında keçirildi.
Qeyd olunan səbəblərdən Sizə müraciətlərimdə xahiş etmişəm ki, bu cür “seçkilərin” nəticələrini ləğv edəsiniz və yeni seçkilərin keçirilməsi barədə müvafiq qurumlara tovsiyyələrinizi verəsiniz. Çox təəssüf ki, müraciətlərimə heç bir cavab almamışam.
Bu “seçkilərdə” presedentsiz, analoqsuz bir sıra hadisələr baş vermişdir. Onları da, icazənizlə Sizlərlə bir daha bölüşmək istəyirəm. Mən əsasən fizika üzrə təyinolmalar barəsində danışacağam. Özüm bu ixtisas üzrə müxbir üzvlüyə namizəd idim.
Təyin edilmişlər arasında 28 il məqalələr dərc etdirməyən bir nəfər var; bu şəxs faktiki ABŞ-da yaşayır, elmlə məşğul olmur, amma AMEA Fizika Institutunda illərdir laboratoriya rəhbəridir. Görünür, bu, analoqsuzluğun yeni bir təzahürüdür. Bu adamı Sizin ən yaxın rektor qohumunuz təyin etdirib. Həm də iki həqiqi üzvü. O, həm də bir nəfəri texnika üzrə 2014-cü ilin elanı üzrə müxbir üzv təyin etdirib. Bu o, deməkdir ki, “seçkilərdə” hələ elan mərhələsində yerlər konkret adamlara ayrılır. Burada bir haşiyə çıxaraq demək istəyirəm ki, 2014-cü ilin elanında AMEA prezidenti yeni yerlərin aksəriyyətini öz bölmə üzvlərinə ayrılmasına nail olmuşdu. Hətta bu məsələ o dərəcədə açıq həyata keçirilir, insanlara deyilirdi ki, 2012-ci ilin elanında olan yerlərdən sənədlərini götürüb yeni yerlərə verə bilərlər. Nəticədə Yer elmləri bölməsində 2014-cü ilin elanı əsasında bir çoxları alternativsiz olaraq “seçildi”. Bu da “seçkinin” nəticələrinin əvvəlcədən təyin olunmasıdır!
Yeri gəlmişkən, elmi ictimaiyyətin yaxşı yadındadır ki, Sizin qohumunuzun özü 2001-ci ilin yayında uğursuz akademik təyinolmasından sonra elə həmin ilin payızında əlavə seçki hesabına müvəffəqiyyətlə təyin olunmuşdu.
Bu “seçkilərdəki” ikinci bir analoqsuz hadisə isə bir nəfərin faktiki seçkidə iştirak etməyə-etməyə təyin edilməsi olub, çünki o şəxs sənədlərini yazılı ərizəsi ilə geri götürmüşdü və seçicilər üçün məlumat kitabçasında onun adı bu səbəbdən olmayıb.
Onu və digər dörd nəfəri isə Sizin Administrasiyanın Humanitar siyasət şöbəsinin rəhbərliyi müxbir üzv təyin edib. Administrasiyanın Humanitar Siyasət şöbəsinin rəhbərliyin bir təyinatını də analoqsuz hesab etmək olar. Ikili vətəndaşlığı olan bir şəxs yalnız il yarım qabaq doktorluq dissertasiyasını müdafiə etmişdir. 17 ildir ki, Almaniyada yaşamağına baxmayaraq, elmə yalnız 50 sitat gətirə bilmişdir. Müqayisə üçün mənim sitatlarımın sayı 11 dəfə çoxdur.
Bir həqiqi və bir müxbir üzvü isə Sizin Administrasiyanın rəhbərliyi təyin edib.
Sözsüz ki, bu, AMEA tarixində ən ədalətsiz, qeyri-obyektiv və insafsız seçkilər idi. Əsas məsələ isə dəfələrlə bu cür keçirilmış seçkilərin, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan elminə vurduğu öldürücü təsirdir.
Cənab Prezident!
Sözsüz ki, AMEA prezidenti Akif Əlizadə AMEA Nizamnaməsinə zidd seçkilərin qarşısını almalıydı və buna imkan verməməliydı. Amma çox təəssüf ki, o bunu etmədi. Konkret olaqar AMEA Fizika-Riyaziyyat-Texnika elmləri bölməsinə gəlincə, burada əsas cavabdeh şəxs vitse-prezident və eyni zamanda akademik-katib Akif Hacıyev idi. Çox təəssüf ki, o da bölmədəki seçkilərin ədalətli, obyektiv, Nizamnaməyə uyğun keçirilməsini təmin edə bilmədi!
Cənab Prezident, nə qədər gec deyil, Azərbaycan elmini sözdə bir şey deyib, əməldə əksini edən Akademiya prezidentinin əlindən qurtarasınız. Əvvəlki AMEA prezidentinin gözlənilməz ölümündən sonra təyin edilmış indiki prezident əvvəlcə elmi ictimaiyyəti elmə aid olmayan bəyanatları ilə bir xeyli təəcübləndirməyə nail oldu. O, hələki elmi ictimaiyyətin diqqətini istər elm adamlarının əmək haqqının artırılması məsələsində, istər ixtisarlar barəsində, istər təqaüd yaşına çatanların (aktiv elmlə məşğul olmayanların) təqaüdə göndərilməsi məsələsində, istər gənc alimlər şurası haqqında təzadlı fikirləri ilə çəkir. Özünün yaşının 80-i keçməsinə baxmayaraq, özündən illərdir “gənc” olanları yaşa görə istefaya göndərir, özü isə direktorluqda qalır! Sözsüz ki, bəlli səbəblərdən hamı düşünür ki, o, aralıq, keçici fiqurdur! Amma çox təəssüf ki, bəziləri Azərbaycan elmini sınaq meydanına çeviriblər. Son seçkilərdəki təyinatların böyük əksəriyyəti yaşı 75-i, hətta 80-i keçmişləri əhatə edir.
Hamıya aydındır ki, bu konyunktur məqsədləri ilə edilmiş təyinatlardır, kimlərinsə xoşuna gəlmək üçün. Burada Azərbaycan elminin maraqları ən axırıncı yerdədir, amma təki kiməsə xoş olsun, təki kiminsə istədiyi kimi olsun! Eyni konyunkturizm əsasında yaradılan Gənc Alim və Mütəxəssislər Şurası da Azərbaycan elminə çox uğur gətirməz. Şuraların az qala üçdə ikisi zərif cinsin nümayəndələridir. Son illər hətta AMEA Fizika Institutunda müdafiə edənlərin əksəriyyəti zərif cinsin mümayəndələridir! Bu, Azərbaycan elminin gələcəyinə yaxşı heç nə vəd etmir. Bir anlığa maaşların yenə də çox aşağı olduğu dövlət təhsil müəssisələrindəki, qabaqcıl məktəblərdəki vəziyyəti göz önünə gətirək! Müəyyən şərtlərlə yenə də maaşların cüzi olduğu səhiyyədəki vəziyyəti gözümüzün önündə canlandıraq! Onu da nəzərə alaq ki, el arasında illərdir deyim gəzir ki, müəllimi və həkimi XALQ saxlayır! Bu müqasiyəsələr kifayət qədər düşündürücüdür, informativdir!
Sözsüz ki, heç kim gənc, istedadlı qızların elmə axınına qarşı deyil. Sadəcə bir sıra həyat reallıqlarını, elə elmin inkişafı naminə nəzərə almaq lazımdır. Hətta nəzərə alınsa belə, yeni nəsil informasiya texnologiyaları, veb əsri elmlə məşğul olmağı kifayət qədər asanlaşdırıb!
Xarici universitetlərdə işləyənlər yaxşı bilir ki, məsələn, fizika elmində zərif cinsin nümayəndələri 10-15 faiz təşkil edirsə, bu çox yaxşı “gender bərabərliyi” sayılır. Məlumdir ki, ciddi elm fasiləsiz tədqiqatlar, araşdırmalar, konfranslarda iştiraklar, uzunmüddətli səfərlər və s. tələb edir. Zərif cinsin nümayəndələri, çox kiçik istisnalarda obyektiv səbəblərdən elmdə belə fasiləsizliyi təmin edə bilmirlər. Əlbəttə, belə vəziyyətin yaranmasının əsas səbəbi gənc oğlanların maliyyə səbəblərindən elmə gəlmək istəməmələridir. Bu məsələ illərlə qaldırılsa da, maaşlar təhqiredici səviyyədə aşağıdırlar. Indiki şəraitdə elm adamlarının maaşları ən azı iki dəfə artırılmalıdır. Maaşlar 4-5 nəfərlik ailənin ən minimal ehtiyaclarını ödəmək səviyyəsində olmalıdır.
AMEA Prezidenti deyəndə ki, maaş artımı olmayacaq, kim bacarır, getsin qrant alsın, o bilməlidir ki, bu, “elmə gəlməyin” çağırışına bərabərdir. Axı o çox gözəl bilir ki, qrantları da, Akademiya mükafatlarını da, AMEA üzvülüyünü də kimlər necə və hansı prinsiplərlə kimlərə hədiyyə edirlər!!! Bundan başqa, axı hamı qrant ala bilmir, ya da kim alırsa belə, hər il qrant almaq olmur. Yenə də hər şey dəfələrlə maaş artımını şərtləndirir.
Bu konteksdə AMEA prezidentinin qabartdığı bir məsələni də qeyd etmək istəyirəm. Alimlərin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə pulsuz mənzil tikintisini. Ideya yaxşı səslənsə də, nəzərə alsaq ki, mənzillər də, heç şübhəsiz, ehtiyacı olanlara yox, ehtiyacı olmayanların davamçılarına, hədiyyə ediləsi “məsləhət” bilinən şəxslərə paylanacaq (necə ki qrantlar, Akademiya mükafatları, AMEA üzvlüyü hədiyyə edilir), optimal variant burada da o ola bilər ki, alimlərin maaşı artırılsın və ya xüsusi güzəştli sosial ipoteka tətbiq edilsin ki, onların özlərinə istədikləri yerdə mənzil almaq imkanı olsun. Çünki mənzil paylama daha çox sovet dövründəki təhkimçilik hüququnun bərpası kimi qəbul edilir, sui-istifadələrə, korrupsiyaya, maxinasiyalara, daimi söz-söhbətə və s. yol açacaq.
Son vaxtlar AMEA prezidenti xarici universitetlərlə müştərək laboratoriyalar yaradılmasından danışır. Düşünmürəm ki, bu ideya da böyük uğur qazanacaq. Düşünürəm ki, burada əsas məqsəd elmə ayırılan maliyyənin rahat mənimsənilməsidir. Guya xarici alimlərlə yaxşı səviyyədə işlər görülür, məqalələr dərc edilir, sitatlar qazanılacaq və s.
AMEA prezidentinin fəaliyyətində hər şeyi aşkarlıqdan qaçaraq həll etmək kimi (məsələn, Rəyasət Heyətinin iclasları haqqında elanlar vaxtında verilmir, iclaslara çox məhdud sayda insanlar cəlb olunur və s.) tendensiyalar açıqca hiss olunur. Akademiyanı faktiki olaraq direktorlar-müavinlər-rektorlar-prorektorlar şurasına çevirmək cəhdləri də diqqəti çəkir. Harada görünüb ki, akademik (müxbir üzv olan) bir direktoru bu gün işdən çıxarasan, yerinə üzv olmayan bir alimi təyin edərək onu bir neçə ay sonra Akademiyaya üzv təyin etdirəsən? Belə çıxır ki, qısamüddətli administrativ vəzifələr Akademiyaya üzv təyin edilmək üçün platforforma rolunu oynayır. Indiki prezidentin vaxtında keçirilən “seçkilərdə” AMEA rüşvətə görə müxtəlif sanksiyalara məruz qalmış bir çox universitet müəllimlərinin sayı və “təcrübəsi” ilə də xeyli “zənginləşmişdir”. Ehtiyat rezervuarı isə o qədər zəngindir ki… Bu yaxınlarda hətta köməkçisi həbs olunmuş bir keçmiş prorektor-müşavir olmuş kimyaçı AMEA namizədinin də adı hallanmağa başladı!
ardı var