Lavrov Azərbaycanı da bu ittifaqda görəcəyinə ümid edir
“Avrasiya Iqtisadi Birliyinə yeni üzv ölkələri qoşulacaq, inteqrasiyanın ilk cücərtiləri tezliklə hiss ediləcək” – bunu Rusiya mətbuatına xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya hüquq bərabərliyinin və qarşılıqlı qazancların əldə edilməsi üçün istənilən əməkdaşlığa hazırdır: “Biz Çin, Hindistan, potsovet məkanı ölkələri ilə inteqrasiya layihələri reallaşdıracağıq. Avrasiya Iqtisadi Birliyi artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək. Proses uzun müddət vaxt aparacaq amma mən əminəm ki, tezliklə artıq bizim inteqrasiyamızın müsbət nəticələri hiss olunmağa başlayacaq”.
Lavrov sonda Avrasiya Ittifaqının yeni güc mərkəzi olacağını vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Lavrovun “Avrasiya Iqtisadi Birliyinə yeni üzv ölkələri qoşulacaq” deyərkən həm də Azərbaycanı nəzərdə tutub. Onların fikrincə son günlər Azərbaycana edilən rəsmi səfərlər, görüşlər, qəbullar bunu deməyə əsas verir. Bundan əlavə, son zamanlar Qərb institutlarına qarşı hücumlar belə deməyə əsas verir.
Ancaq politoloq Vəfa Quluzadə belə düşünmür. Onun sözlərinə görə, Lavrovun başqa bir açıqlaması bunun əksini sübut edir: “Lavrov bu gün (dünən – red.) açıqlamalar verib ki, Amerikayla, Avropayla münasibətlərin tərəfdarıdır. Lavrov deyib ki, Rusiya sanksiya müharibələrini istəmir. Rusiya istəyir ki, əlaqələr bərpa olunsun. Hiss olunur ki, Rusiya Ukrayna məsələsində məğlubiyyətini başa düşüb. Yol axtarır ki, düşdüyü birtəhər üzüsulu çıxa bilsin. Rusiya bu vəziyyətdə sanksiyalardan çökür. Artıq hiss olunur ki, Rusiya tutduqlarından peşmandır. Lavrov bəyan edib ki, əlaqələrin ikinci dəfə bərpa olunmasını çox arzu edirik. Bu cür vəziyyətdə Azərbaycan nə cür gedib bu dövlətin məlum olmayan bir ittifaqına daxil olsun. Hesab edirəm ki, bunun hamısı təxribatdır. Azərbaycan Avrasiya Ittifaqına daxil ola bilməz. Əgər Azərbaycan belə bir addımı atsa, bu, ölkəmizə baha başa gələr”.
Vəfa Quluzadənin fikrincə, Avrasiya Ittifaqına daxil olmazdan öncə bir neçə məsələyə diqqət etmək lazımdır: “Rusiya Ukrayna böhranından salamat çıxır, yoxsa yox. Rusiya Gömrük Ittifaqını yarada bilir, yoxsa yox? Üçüncüsü, Avropa Ittifaqı Gömrük Ittifaqıyla əməkdaşlıq edəcək, yoxsa yox? Hiss olunur ki, Putinin planı batır. O düşünürdü ki, Gömrük Ittifaqında keçmiş Sovet Respublikalarını birləşdirib onların adından Avropayla ticarət əlaqələri quracaq, əməkdaşlıq edəcək. Bu tamamilə puç fikirdi. Gömrük Ittifaqına hər hansı ölkənin daxil olacağına inanmıram”.
Ramin DEKO