Gültəkin Hacıbəyli: «Avropa Şurası Avropa Birliyinin cızdığı çərçivədən kənarlaşmayacaq və Azərbaycanla bağlı qətiyyətli mövqe göstərəcək»
Bugünə qədər müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayıb, ölkədəki qanunsuzluqları dilə gətiriblər. Ancaq AŞ PA hər zaman Azərbaycanla bağlı olan məsələlərə loyal münasibət bildirib və “demokratiyaya doğru bir addım” ifadəsini işlədiblər. Yəni digər təşkilatlardan fərqli olaraq AŞ PA daha “dişsiz” və prinsipial olmayan təsir bağışlayıb.
Ancaq son dövrlər AŞ PA-nın fəaliyyətində ciddi dönüşlər hiss olunur və Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlər səsləndirilir. Əvvəlcə, AŞ PA-nın yay sessiyasında Ilham Əliyev çətin suallarla qarşılaşdı və siyasi məhbus məsələsi gündəmə çıxarıldı. Bugünlərdə isə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Anna Brasser Bakıya səfərinin yekunları ilə əlaqədar keçirdiyi mətbuat konfransında Azərbaycanla bağlı bədbin olduğunu ifadə etdi: “Azərbaycan Avropa Şurasına daxil olarkən könüllü olaraq demokratiya, qanunun aliliyi və insan hüquqları sahəsində öhdəliklər götürüb və onlar təkcə siyasi deyil, həm də hüquqi xarakter daşıyır və mütləq icra olunmalıdır. Konkret şəxslərin azadlığa buraxılması ilə də problem həll olunmur, prosesi irəlilətmək üçün sistemdə dəyişiklik lazımdır”- deyə Anna Broşur bildirib.
Maraqlı məqam bundan ibarətdir ki, AŞ PA-nın payız sessiyası, Azərbaycana qarşı belə bir münasibətin sərgiləndiyi dövrə təsadüf edir.
Verilən məlumata görə, bu sessiyada Azərbaycanla bağlı da müəyyən məsələlər müzakirə olunacaq. Bəzi ekspertlər hesab edir ki, payız sessiyasında ötən sessiyada olduğu kimi Azərbaycan nümayəndə heyətinin qarşısında çətin suallar qoyulacaq.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli hesab edir ki, Avropa Şurası bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcək və Avropa Birliyinin çızdığı yolla irəliləyəcək: “Avropa siyasətinin öz prinsipləri var və bu siyasətin əsas istiqaməti ardıcıllıqdır. Eyni zamanda Avropa siyasətində tələsik addımlar atılmır və hər bir məsələ öz vaxtında həll olunur. Uzun müddət Avropa Şurası Azərbaycana qarşı loyal münasibət bəsləyib. Ancaq bu ona görə baş verməyib ki, Avropa Şurası Azərbaycandan qorxur, yaxud Azərbaycandan asılı vəziyyətdədir. Sadəcə olaraq uzun müddət Avropanın siyasi gündəliyində Azərbaycan məsələsi prioritet olmayıb. Qeyd etmək yerinə düşər ki, Rusiya uzun müddət Avropa Şurasının əsas donorlarından olub və Azərbaycandan daha çox Rusiyaya loyal münasibət göstərilib. Ancaq bu gün Rusiya nümayəndə heyəti Avropa Şurasındakı səsvermə hüququndan məhrum edilib. Yəni Azərbaycanın ərköyünlüyünə də artıq dözmək fikirləri yoxdur”.
Ekspert onu da əlavə etdi ki, Avropa Birliyinin qətnaməsində Avropa Şurasına da tövsiyyələr var və Avropa Şurasının kifayət qədər ciddi addımlar atacağı gözlənilir: “Ola bilər ki, Avropa Şurası Azərbaycanın ABŞ və Avropa Birliyi ilə soyuqlaşmış münasibətlərində körpü rolu oynamaq üçün, bugünə qədər ritorikanı sərləşdirməyib. Ancaq Ann Brasserin Azərbaycandakı vətəndaş cəmiyyəti ilə, siyasi məhbuslarla görüşü ciddi addım idi və bu, AŞ PA-nın siyasətində özünü göstərəcək. Yəqin ki, növbəti mərhələdə Avropa Şurasının Azərbaycanla bağlı qətiyyətli mövqeyinin şahidi olacağıq”.
Akif