Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Urapatroit deyiləm. Ultramillətçi də deyiləm. Isgəndərhəmidovluq, akifnağılıq eləmək də mənlik deyil. Amma inanın ki, Jirinovskinin bir zamanlar təhqir etdiyi ölkəyə belə rahatca, heç nə olmamış kimi gəlməsi, burada “ali qonaq” münasibəti görməsi içacıdıcıdır.
Həzm etmək, sinirmək çətindir.
Adım kimi əminəm: Jirinovski bir zamanlar təhqir etdiyi heç bir ölkəyə bu cür səfər edə bilməzdi. Səfər etmək cəhənnəm, heç belə bir niyyətə düşə bilməzdi, ağlının ucundan belə keçirməzdi xalqını aşağıladığı, alçaltdığı ölkəyə getməyi. Məsələn, elə qulağımızın dibindəki Gürcüstana.
Azərbaycana isə “mötəbər şəxs” kimi gəldi. Ən yuxarı səviyyədə qəbul edildi.
Əli mehribancasına sıxıldı. Üzünə gülümsədilər.
Şəninə ziyafəti açıb tost demədiklərini bilmirik, yəqin bu da olub.
Halbuki bunu bir müxalifətçi etsəydi, ünvanına deyilməyəcək söyüş, həqarət qalmazdı. “Xalq düşməni”, “vətən xaini” elan olunar, ən böyük tikəsini qulağı boyda edərdilər. Indi susan, ağzını bıçaq açmayan, tükü tərpənməyən, urapatriotizm damarı şişməyən “vətənşüvənlər”, “millət təəssübkeşləri” yeri-göyü inlədər, o müxalifətçinin evini, partiyasını… “yumurta atəşi”nə tutmaq üçün növbəyə dayanardılar.
***
Buna da adım kimi əminəm: Bakıdakı görüşlərində heç kim ondan nə o məşhur təhqirinin səbəbini soruşub, nə də buna görə heç olmasa, illər sonra ondan bir üzrxahlıq tələb edib.
O təhqirin ünvanı xalqdırsa, bu rejim də gücünü xalqdan almırsa, onun iradəsinin ifadəsi deyilsə, niyə də soruşsunlar, nə üçün tələb etsinlər ki?
Sanki illərdir bizim bunlardan gördüyümüz münasibət Jirinovskinin münasibətindən çoxmu fərqlidir? Elə isə hanı bizim ən elementar haqlarımız? Hanı hüquqlarımız? Hanı azadlıqlarımız? Hanı insan kimi yaşamaq üçün bizə tanınan fürsətlər? Hanı seçkidəki səslərimiz? Hanı ölkənin sərvətlərindən bizə düşməli olan pay?
Jirinovskinin özünə gəlincə, o, Bakıya uçmamışdan əvvəl təhqiramiz ifadələrinə görə üzr istəyə bilərdi. Üzr istəmədi.
Təyyarədən Bakıya enəndən sonra üzr istəyə bilərdi. Amma yenə üzr istəmədi.
Sadə səbəbdən: onun gəlişi əslində məqsədli idi. Elə illər əvvəlki o təhqiri bizə yedirtmək üçün idi. Hamımıza nuş olsun!
***
Jirinovskinin Azərbaycana gələcəyi ilk dəfə açıqlanandan dərhal sonra təkzib edilmişdi.
Daha sonra təkzib özü təkzib edildi: “Gələcək!”
Bu əslində həm də bir nəbz yoxlaması idi.
Toplumun reaksiyasını yoxlayırdılar. Onu testdən keçirirdilər.
Nəticə müsbət oldu: Jirinovskinin gəlməsində, türklər demiş, sakınca yoxdur. Kütlə küçələrə çıxıb etiraz etməyəcək.
Və o gəldi. Etiraz isə doğrudan da olmadı. Sanki qurbağa gölünə daş atıldı. Hər kəs mütiliyin yaratdığı dərin səssizliyə büründü. Istisnalar əlbəttə var – amma bu, qaydanı, ümumi mənzərəni dəyişmir.
Yaptokratiya isə artıq tamamilə rahat nəfəs ala bilər. Hər şey onun arzuladığı, istədiyi kimidir, illərdir davam edən basqılar, xof mühiti, kölələşdirmə siyasəti bəhrəsini verib: 90-cı illərin o odlu-alovlu, mübarizə ruhlu, döyüşkən xalqı artıq sinmiş, qorxmuş, reaksiya qabiliyyətini itirmiş, aşağılanmağa öyrənmiş camaata, bir az da dəqiqləşdirsək, rəiyyətə çevrilib.
Bundan artıq nəsə yazmağa əlim gəlmir.
Nə əlim gəlir, nə də həvəsim qalıb.
Sağ olun.