Çiçəyi burnunda Penitensiar Xidmət rəisi Mədət Quliyev muştuluqladı dünən: “Hazırda Azərbaycanda müasir standartlara cavab verən 7 cəzaçəkmə müəssisəsi tikilir”.
Müxalifət bu il 3 mitinq keçirib, bunlar isə artıq 7 həbsxana tikirlər. 3 mitinqə görə 7 cəzaçəkmə müəssisəsi məncə, çoxdur. Hər mitinqə 2-dən çox türmə düşür. Bu ona oxşayır ki, hər futbol oyununa ayrıca stadion tikəsən.
Əlbəttə, mən bilirəm, bizim çoxlu pullarımız var, pul bir bizdədir, bir ingilisdə. Erməniləri isə lazım gəlsə, pulla basdırarıq. Amma həbsxanalara bu qədər maya qoymaq, müxalifətçilərə öz cəzasını çəkmək üçün belə lüks şərait yaratmaq da yersizdir axı. Məsələn, bu saat Almaniyada nə qədər bahalı eşşək ağzını açıb bizim hökumətin onları nə vaxt alacağını gözləyir. Yubanmadan həmin eşşəkləri vüsala qovuşdurmaq lazımdır, nəinki həbsxana tikmək.
Həm də müasir həbsxana tikmək – rejim bunda lap ağını çıxarıb. Hər kəs bilir ki, Azərbaycanda məhkəmə institutu yoxdur, orta əsrlərin şəhər qazıları isə bizim bugünkü hakimlərdən daha vicdanlı, daha ədalətli, daha müstəqil idilər. Qanunlar oyuncağa çevrilib, hüquqi nihilizm at oynadır, məhkəmə hökmləri bir adamın siyasi iradəsini ifadə edir.
Hətta feodalizm dövründə də insanları şərləməklə, böhtan atmaqla, cibinə nəşə atmaqla həbs etmək təcrübəsi yox idi. Onda da adamları saraya qarşı çıxdığına, kralın iradəsinə zidd getdiyinə görə, padşahın qeybətini qırdığına həbs edirdilər, boynunu vururdular, dilini kəsirdilər, gözünü çıxarırdılar, amma buna görə min cür hoqqadan çıxmırdılar, addımlarını əsaslandırmaq üçün min dərədən su gətirmirdilər. Məhz saraya qarşı çıxdığına, möhtərəmi sevmədiyinə görə cəzalandırdıqlarını açıq-açıq bütün xalqa bəyan edirdilər.
Bunlar isə feodal babalarından da irəli gediblər, həm onlar kimi düşünməyənləri həbsə atdırır, həm də adını “narkotikdən istifadə” qoyurlar, “terrora çağırış” qoyurlar.
Indi mən soruşuram: keçmişin tör-töküntülərinin çıxardıqları hökmü, kəsdikləri cəzanı müasir həbsxanada çəkmək nə qədər doğrudur? Məhkəmələr feodalizm saçacaq, məhkəmə hökmləri orta çağların üfunətini, çirkabını qoxuyacaq, amma həbsxanalar müasir olacaq, eləmi? Varmı bunda məntiq? Varmı bunda ədalət?
Siz ən yaxşısı tıpkı keçmişdə olduğu kimi, bizi yeddi yerə şaqqaladıb hər parçamızı şəhərin bir yerindən asdırın, ya da müasir atlarınızın – “CIP”lərinizin, “Hammer”lərinizin quyruğuna bağlatdırıb Bibiheybət stadionunda aşağı-yuxarı sürütdürün. Hətta təzəlikcə bir yandaş mirzənizin təklifi də məqbuldur: şallaqlayın.
Bir versiya da var: şah sarayının böyür-başında dərin quyular qazdırmaq, içini də ilanlarla, əqrəblərlə doldurmaq. Şəxsən bu, mənim daha çox xoşuma gəlir, çünki dəli şeytan səhərdən qulağıma onsuz da enində-sonunda başqalarına qazdığınız quyuya özünüzün düşəcəyinizi pıçıldayır.
Hakimiyyət saytlarındakı üç iyrənc şey
BIR: Bir ölkədə inqilab baş verdimi, sanki diktatorlarda heç suç yoxmuş kimi, çıxıb bunun ABŞ-ın planı olduğu yönündə zəvzəkləmək.
IKI: Rejimin Şuşanı, Laçını özümüzünkülərin satdığı yönündə yalanlarına o qədər aludə olmaq ki, bin Ladenin də Amerikanın öz adamı olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmaq.
ÜÇ: Növbəti mitinqin nə vaxt keçiriləcəyini zəng edib Müsavatdan, AXCP-dən öyrəndikləri halda mitinqin necə keçdiyi ilə bağlı yalnız Bakı şəhər Baş Polis Idarəsinin məlumatını yaymaq.
“Heydər zirvəsi”nə yürüşün partnyoru
Bir dəstə yandaş jurnalist Böyük Qafqaz dağlarındakı “Heydər zirvəsi”nə yürüş edib. Yürüşün media partnyoru həqiqətin keçmiş, “Jalə” şirələrinin indiki dostu Qabil Abbasoğlunun rəhbərlik etdiyi saytdır.
Eh, Qabil Abbasoğlu, eh… Sən hardan biləsən ki, insan yalnız zirvədən dərəyə yuvarlanmır, bəzən dərədən zirvəyə də yuvarlanır.
“Gül bayramı”na sözardı
Bunlardakı bu ağıl var, Allah eləməmiş, devrilməyib gələn il 10 maya qalsalar, Abdullah Gülü də alıb bulvara düzəcəklər.