Təhsil naziri Misir Mərdanov üçün pulsuz maarifləndirmə kursu…
Təhsil naziri Misir Mərdanovun Cəlilabad rayon Təhsil Şöbəsinə cəbhəçi Təzəxan Mirələmli haqda göndərdiyi məktub haqda “Azadlıq”ın ötən sayında xəbər vermişdik. Xatırladaq ki, T.Mirələmli AXCP Cəlilabad rayon şöbəsinin sədridir. Orta məktəb müəllimidir. Ictimai Palatanın 2 aprel mitinqində iştirak edən zaman Mirələmli polis zorakılığına tuş gəlib – ölümcül hala salınaraq xəstəxanaya düşüb. Xəstəxanada müalicə aldığı vaxt məktəbdən “dərsə gəlmədiyinə görə” çıxarılıb.
Nazirdən analoqsuz və qanunsuz göstəriş
Mirələmliyə qarşı təzyiq kampaniyasının siyasi sifariş olduğu onsuz da kimsədə şübhə doğurmurdu. Üstəlik, nazir Misir Mərdanovun Cəlilabadın təhsil şöbəsinin müdiri Ədalət Əsgərova yolladığı məktub da ictimailəşdi və hər kəs hakimiyyətin necə məkrli siyasət yürütdüyünü gördü.
Mərdanov məktubunda Konstitusiyanın tələblərini ayaq altına ataraq, Mirələmlinin sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsini “dövlətçiliyə qarşı qanunsuz əməl” kimi qiymətləndirib və təhsil şöbəsinə tapşırıq verib: “Onun ailəsi və özü ilə müvafiq söhbətlərin aparılması, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlərin həyata keçirilməsi, görülmüş və görüləcək işlər barədə 2 gün ərzində nazirliyin rəhbərliyinə məlumat verilməsi sizə tapşırılır”.
TQDK ifşa edir
Deməli, Misir Mərdanov müəllimin vətəndaş mövqeyi göstərməsini qanunsuzluq və dövlətçiliyə zidd sayır. Buna görə, hətta T.Mirələmli və onun ailəsilə iş aparılmasını vacib sayır. Təhsil nazirinin maariflənməsi üçün bəzi rəsmi məlumatların təkrar ictimailəşməsini vacib bilirik.
Cəlilabad pedaqoji kollektivində həqiqətən dövlətçiliyə zidd fəaliyyət var və o rayonda ciddi işlər görülməlidir. Ancaq paradoks budur ki, təhsil sahəsindəki dövlətçiliyə zidd fəaliyyətlər birbaşa nazirin özündən qaynaqlanır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən ilki qəbulun nəticələrini təhlil edən statistik hesabatı var. Bu hesabatla “tqdk.gov.az” saytı və TQDK-nın aylıq jurnalı vasitəsilə tanış olmaq mümkündür.
Cəlilabadla bağlı acı gerçəkliklər
TQDK ötən ilin nəticələrinə görə, ən yüksək və ən zəif göstəriciləri olan 10 rayonu müəyyənləşdirib. Misir müəllim üçün yəqin ki, təəccüblü olacaq: Cəlilabad rayonu ən zəiflərin sırasında birincidir. Təkrar edirik, ali məktəbə qəbulun səviyyəsinə görə Cəlilabad digər bütün rayonlardan geri qalır.
TQDK-nın daha dəhşətli hesabatından: “2010- cu ildə rayonun orta ümumtəhsil məktəblərini 2127 şagird bitirib və onların 1059 nəfəri attestat alıb. Attestat alanların 52.69 faizi (558 nəfəri) qəbul imtahanlarında iştirak edib. Onların 127-si (43 nəfəri dövlət, 74 nəfəri özəl ali təhsil müəssisələrindən) tələbə adını qazanıb.
Abituriyentlərin 211 nəfəri 0-100 intervalında bal yığıb. Qəbul imtahanlarında 74 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Təzəkənd kənd 1 saylı, Uzuntəpə kənd 2 saylı, Uzuntəpə kənd 4 saylı, Privolnoye kənd 2 saylı, Kürdlər, Zəhmətabad, Hamaraqışlaq, Bəcirəvan, Ləkin, Cəlayir, Abazallı, Soltankənd, Qarazəncir, Xəlilli, Əliqasımlı, Qamışlıgöl, Zopun, Cəngan, Şorbaçı, Hacıməmmədli, Şatırlı, Həziabad, Muğan, Məmmədrzalı, Maşlıq, Xəlilabad, Məşədilər, Qarakazımlı, Əsədli, Abışabad, Ağdaş, Alaşar, Vənlik, Şükürül, Dövlətalıbəyli və Xanəgah kənd orta məktəblərinin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul olmayıb.
Düşünün…
Göründüyü kimi, Cəlilabadda təhsil məhv edilib və bu vaxtadək Misir Mərdanov bu rayonla bağlı bir narahatlığını ifadə etməyib. Misir Mərdanov 1998-ci ildən təhsil naziridir. Cəlilabad təhsil şöbəsinin müdiri Ədalət Əsgərov da 20 ildir postundadır. Deməli, bu gün Cəlilabadda cəhalətin çiçəklənməsinə bu iki adam birbaşa cavabdehlik daşıyır. Lakin onları cəlilabadlı şagirdlərin cəhalət girdabında boğulması, təhsil və mədəniyyətdən kənarda qalması narahat etmir. Təki “dövlətçilik sağ olsun”. Bəs bu “dövlətçilik” nədir, hörmətli müəllimlər? O “dövlətçilik” üçün sizə vətəndaş lazım deyilmi?
Təzəxan Mirələmli isə Cəlilabad təhsil sisteminin üzünü ağardan insandır. Bunu qaralamaq mümkün olmayacaq.
Natiq