Kəmaləddin Heydərovla Ramiz Mehdiyev Vasif Talıbovun hakimi-mütləqliyinə son qoymağa çalışır
Milli Məclisdə Naxçıvan MR-də hakimiyyət bölgüsünün həyata keçirilməsi üçün konstitusiya islahatlarının aparılması barədə təklif müzakirə mövzusu olaraq qalır. Bu təklifi deputat Qüdrət Həsənquliyev irəli sürüb. O, bildirib ki, Naxçıvanda konstitusiyaya uyğun olaraq hakimiyyət bölgüsü həyata keçirilməlidir: “Naxçıvan muxtar respublikadır, bu muxtar respublikanın başçısı olmalıdır. Naxçıvan Ali Məclisi isə ayrıca qurum kimi fəaliyyət göstərməlidir”.
Deputat Fazil Mustafa da həmkarının təklifini dəstəkləyib.
Bu təklifin səbəbləri ilə bağlı ötən saylarımızda ekspertlərin mülahizələrini oxucuların diqqətinə çatdırmışıq. Əsas versiya odur ki, Qüdrət Həsənquliyevin təklifilə oliqarxlar Naxçıvan MR ali məclisinin sədri Vasif Talıbovun hakimi-mütləqliyinə son qoymağa çalışır.
Hakimiyyətə yaxın ekspertlər də bu cür düşünür. Onlar fikirlərini təklifin hakimiyyətdə “Naxçıvan qruplaşması”nın iki ayrı qanadına rəhbərlik edən məmurlara yaxın deputatlar tərəfindən səsləndirilməsi ilə əsaslandırırlar. Bu məmurlar fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdir. Deputatlardan Qüdrət Həsənquliyev birinciyə, Fazil Mustafa isə ikinciyə yaxınlığı ilə seçilir. Həm Kəmaləddin Heydərov, həm də Ramiz Mehdiyev hakimiyyətdə kifayət qədər güclü fiqur olmalarına baxmayaraq Naxçıvana təsir etmək gücündə deyillər. Hətta Vasif Talıbov onların Muxtar Respublika ərazisində biznes qurmasına da imkan vermir. Bir neçə il əvvəl Kəmaləddin Heydərov Naxçıvanda hündürmərtəbəli binalar inşa etmək istəyəndə, Vasif Talıbov buna mane olmuşdu. Daxili işlər naziri Ramil Usubov da oxşar münasibətlə üzləşmişdi.
Təbii ki, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev kimi nüfuz sahiblərinin Vasif Talıbovla bacarmaması yaxın çevrələrində o qədər yaxşı qarşılanmır. Bu baxımdan hər iki məmur Muxtar Respublikaya təsir imkanları qazanmaq üçün hansısa formada Naxçıvanın yerli hakimiyyətində təmsilçilik qazanmaq istəyirlər. Hakimiyyətə yaxın ekspertlər bu faktları əsas gətirərək Naxçıvanda hakimiyyət bölgüsünün aparılması barədə məlum təklifin təsadüfi olmadığını bildirirlər…
İnformasiya şöbəsi