İran prezidenti ABŞ-la münasibətlərin yaxşılaşacağını bəyan etdi
Vəfa Quluzadə: «Rusiya Amerika ilə partnyorluqdan çıxıb, İran o boşluğu doldura biləcək»
BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Nyu-Yorka səfər edən Iran prezidenti Həsən Ruhani Amerikanın NBC telekanalına müsahibəsində ölkəsinin ABŞ-la münasibətlərindən danışıb. “Iran-ABŞ əlaqələri ilə bağlı problem münasib bir vaxtda həllini tapacaq. Güman edirəm ki, iki ölkə arasında əlaqələrin olmaması əbədi və həmişəlik deyil”, – deyə Ruhani bildirib.
“ABŞ prezidentinin Irana səfərini proqnozlaşdıra bilərsinizmi?” sualına Iran prezidenti belə cavab verib: “Hər halda, hesab edirəm ki, ölkələrimiz arasında münasibətlərin olmaması Qiyamət gününə qədər davam edəsi deyil. Düşünürəm ki, iki ölkə arasında problem ya mənim hökumətə başçılıq etdiyim vaxtda, ya da növbəti hökumətdə, ola bilsin, bir az da başqa vaxtda həllini tapacaq. Bu ixtilaflar 100 il indiki kimi qalan deyil”.
Ruhani onu da qeyd edib ki, hələlik ABŞ prezidenti Barak Obama ilə görüşmək planı yoxdur: “Buna baxmayaraq, siyasət aləmində hər şey mümkündür. Mənim başçılıq etdiyim hökumətin iradəsi ona yönəlib ki, ölkələrimiz arasında çaxnaşmanı minimuma endirək, xalqlarımızın bir-birinə yaxınlaşmasına şərait yaradaq. Güman edirəm ki, Iran və Amerika xalqlarının yaxın əlaqəsi bir çox problemlərin həllinə yardım göstərə bilər, ABŞ siyasətçilərinin qarşısında yeni yollar açar”.
Ruhaninin Amerika ilə əlaqələrə yanaşmasını şərh edən politoloq Vəfa Quluzadə deyir ki, hazırkı beynəlxalq şəraitdə ABŞ-ın regionda Iranla əməkdaşlığa ehtiyac duyduğu görünür. Politoloq yada salır ki, Iran özü də Amerika ilə qarşıdurma nəticəsində uzun müddət ağır sanksiyalardan əziyyətini çəkib: “Ona görə də Amerika ilə Iranın maraqları bu gün üst-üstə düşür. Hesab edirəm ki, Iran və Amerika bu əlaqələri normallaşdırmağa cəhd edəcək. Indiki siyasi şəraitdə bu, mümkündür. Hazırda Rusiya Amerika ilə partnyorluqdan çıxıb. Qarşıdurma davam edəcək. Iran o boşluqların hamısını doldura biləcək. Üstəlik, Rusiya-Amerika qarşıdurmasında Iranın Amerikaya xeyli xeyri dəyə bilər. Ona görə də Amerika Irandan, Iran da ondan istifadə edəcək. Çünki Amerikanın yumşalması, sanksiyaların aradan qalxması Iranın inkişafına təkan verəcək. Iran onsuz da olduqca toparlı, özünü hər şeylə təmin edən dövlətdir. Sanksiyalara baxmayaraq, o, Rusiyanın gününə düşmədi. Rusiyaya sanksiyalar hələ yenicə tətbiq olunub, artıq pis vəziyyətə düşüb. Baş verənlər göstərir ki, Rusiya hər barədə Qərbdən asılıymış. Amma Iran məsələsində vəziyyət belə deyil. Ona görə hesab edirəm ki, Amerika ilə Iranın əlaqələri inkişaf edəcək və bu da regiona xeyir gətirəcək”.
Nigar