Yaxud niyə yalnız yasda-toyda olan bədxərclikdən danışırlar
Şahvələd Çobanoğlu
Yas məclislərində çəkilən xərclər barədə müzakirələr davam etməkdədir. Necə deyərlər, ölüyə çəkilən xərclər az qala ölkənin bir nömrəli dərdi kimi müzakirə edilir. Danışa-danışa susanlar üçün də əla fürsətdir, problemdən danışmaq üçün təhlükəsiz mövzu tapılıb. Yas adətlərimizin ağırlığına söz yoxdur, amma başqa vaxtlar mentalitet tərəfdarı olan hakimiyyətimiz, məsələn, qəbir yerləri üçün satılan torpaq sahələrinin qiymətini görməzdən gəlir və mentalitetin ortaya çıxardığı yemək-halva bolluğundan yapışır. Təbii ki, biz də siyasi özbaşınalığın yeni dalğasını müşahidə etməkdəyik.
Bəziləri deyir ki, siz bu adətin ağırlığının tərəfdarısınızsa, niyə hökumətin bu qadağalarına qarşı çıxırsınız. Ona qalsa, biz çox şeyə qarşıyıq. Bunlardan elələri var ki, hökumət o məsələlərə qarışa bilməz. Hakimiyyətin bu sahədə qadağası digər qadağaların yanında bəlkə də çox kiçik sayılmalıdır, amma yenə də biz onun haqqı çatmadığı bir işə müdaxilə etdiyini deməliyik. Bu hüququ hakimiyyətə tanımaq, əslində, ona digər azadlıqlara müdaxilə etməsinə də haqq tanımaqdır. Yas, toy və s. məsələlər də bu anlamdadır. Həmin sahələrdə problemlərin həlli üçün azad, ədalətli və sosial güvənli həyat, azad TV-lər, yaxşı təhsil sistemi gərəkdir ki, cəmiyyət özü onları tənzimləyə bilsin. Yalnız azad adamların cəmiyyəti bu məsələləri düzənə sala bilər, qadağalarla tənzimlənməni isə cəmiyyətə uğur saymaq gözə kül üfürməkdir.
Nümunə Naxçıvandır. Vasif Talıbov yaxşılıqmı gətirdi Naxçıvana? Mütərəqqimi etdi Naxçıvanı? Sadəcə, gördü ki, soyulmuş, talanmış, səfil xalq yas ağırlıqlarının altından çıxa bilmir, bu da onlarda narazılığı, nifrəti daha da artırır. Üstəlik, insanlar yaslarını yol verməyəndə kömək üçün bunların üstünə gəlir. Bu səbəbdən də, yas məclisləri “tənzimləndi”, adını da qoydular modernləşmə.
Modernləşmə istəyirlərsə, rüşvəti kəssinlər. Təhsili, səhiyyəni düzəltsinlər. Modern məhkəmə gətirsinlər Azərbaycana. Deməli, hamısı siyasi faydaya hesablanmış, həm də qanunsuz bir kampaniyadır. Mixail Saakaşvili kasıb Gürcüstana modern ictimai həyat gətirdi, sizcə gürcülərin hədsiz yeyib-içmək adətinə qadağa qoymalı idi?! Bədxərcliyə qalsa, bahalı beynəlxalq tədbirləri, legioner idmançıların alınmasını, mənasız festivalları, məmurların bahalı villalarını, özlərinin və yaxınlarının dəbdəbəli həyatını da yada salan olmalıdır…
Amma gəlin hələlik ölülərə xərclərin çox olması barədə səslənən fikirlərin fonunda dirilərə çəkilən xərcləri də yada salaq. Hakimiyyətin əsas qayğıları bunlar olmalıdır. Məsələn, səhiyyə xərclərinə diqqət ayıraq…
Dünya Bankının hesabatına görə (Dünya Səhiyyə Təşkilatı da buna əsaslanır), 2012-ci ildə Azərbaycan ümumi daxili məhsulun cəmi 5,4 faizini səhiyyəyə xərcləyib. Normalda ölkələr ÜDM-in təxminən 10 faizini xərcləyir səhiyyəyə. ABŞ-ın bu xərcləri 17,9 faizdir. Gürcüstan isə ÜDM-in 9,2 faizini xərcləyir bu sahəyə.
Dünən bu rəqəmlərlə bağlı müzakirədə mütəxəssislər bildirdi ki, Dünya Bankının götürdüyü rəqəm büdcədən ayrılan səhiyyə xərcləri, səhiyyə sahəsində investiya xərcləri və əhalinin özünün səhiyyəyə xərclədiyi vəsaitin cəmini bildirir. Tanınmış iqtisadçı Azər Mehtiyev bildirir ki, bizdə büdcədən səhiyyə xərcləri və səhiyyə sahəsinə investiyalar isə təxminən ÜDM-in 1,3 faizini təşkil edir. Deməli, bizdə səhiyyə guya pulsuz olsa da, hökumət bu sahəyə ÜDM-in 1,3 faizi qədər, əhalisi isə ÜDM-in 4,1 faizə qədər pul xərcləyir. Yəni əhali hökumətdən 3 dəfə çox pul xərcləyir pulsuz səhiyyə xidmətimizə. Necə deyərlər, əsl bədxərclik edirik.
Burda başqa bir məsələ də var. Hökumətin qoyduğu xərclər tam korrupsiyaya uğrayıb. Alğı-satqılar açıq oğurluq mənbəyidir, vəsaitlər gerçəkdən talan edilir. Adi şprisi və ağrıkəsici həbi pulsuz almaq olmur. Amma ÜDM-in 9,2 faizini səhiyyəyə xərcləyən Gürcüstanda isə hökumət bu vəsaiti tibbi sığorta yoluyla əhaliyə verir, hər kəs istədiyi klinikaya və həkimə müraciət etməklə keyfiyyətli səhiyyə xidməti alır. Heç bir korrupsiya, yeyinti yoxdur. Eynən Avropada olduğu kimi. Bir sözlə, səhiyyə xərclərinə qalsa, Azərbaycan diriyə, demək olar, pul xərcləmir.
Nəticədə budur ki, yas məclislərində bədxərclikdə qınadığımız camaat xəstəxanalarda bədxərclik eləməsə, ölümdən çətin qurtular. Çox vaxt heç xərclə də qurtula bilmir və bu səbəbdən xarici ölkələrdə daha böyük xərclər çəkməyə razı olur. Bu, hökuməti narahat etmir, üstəlik, bunu yaradan elə onun özüdür. Deməli, bizi vaxtaşırı, daim xərc tələb edən bir sahədə bədxərcliyə məcbur edirlər, amma yasa-toya gələndə bizim bədxərc olmağımız bunları narahat edir…