Müzəffər Baxışov: «Saxta sənəd hazırlayan və bundan istifadə edən şəxslər CM-nin 320-ci maddəsinə görə cinayət məsuliyyəti daşıyır»
“Sentyabrın 20-də sınaq qiymətləndirilməsində iştirak etməmiş müəllimlərin sınaq qiymətləndirilməsi aparılacaq”. Bunu Bakı Şəhər üzrə Təhsil Idarəsinin müdir əvəzi Elnur Əliyev bildirib. O qeyd edib ki, bu ilin iyun ayında keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı məktəblərinin müəllimlərinin 96 faizi iştirak edib. “Müəllimlərin 14.4 faizi qiymətləndirilmədə zəif, 85.6 faizi qənaətbəxş nəticə göstərib”.
Müdir əvəzi bildirib ki, 2013-2014-cü ilin nəticələrinə görə, 20155 şagird attestat alıb. “Gələn ildən etibarən şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək”.
Şəffaflıq məsələsinə gəlincə, E.Əliyev qeyd edib ki, hesabat ilində Bakı məktəblərində 45 saxta diplom aşkarlanıb. Qeyd edək ki, saxta diplom məsələsi uzun müddətdir aktualdır və bununla bağlı heç bir əməli tədbir görülməyib.
Yeni Təhsil Naziri Mikayıl Cabbarov da təsdiqləmişdi ki, 2000-dən artıq müəllim saxta diplomla fəaliyyət göstərir: “Biz dəqiq sayı bilmirik, amma haradasa 2 min saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik. Əldə etdiyimiz bütün məlumatları, o sıradan onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var”- deyə Mikayıl Cabbarov bildirmişdi.
Əslində, bu çox ciddi məsələdir və buna görə həyəcan təbili çalınmalıdır. Söhbət, müəllim olmayan şəxsin auditoriyaya girib, gələcək üçün kadr yetişdirməsindən gedir. Belə çıxır ki, Azərbaycanda minlərlə saxtakar, müəllim diplomu ilə fəaliyyət göstərir.
Ancaq uzun müddətdir ki, bu saxtakarlığa qarşı mübarizənin nəticəsi haqqında məlumat verilmir. Tanınmış hüquq müdafiəçilərinin guya vergidən yayınması, qanunsuz sahibkarlıqla məşğul olması ilə bağlı araşdırma dərhal həyata keçirilir və bu adamlar uzun müddətli həbsə məhkum edilir. Yəni söhbət ictimai-siyasi fəaldan gedəndə, “saxatakar”lıq, “xuliqan”lıq dərhal “ifşa” edilir. Ancaq ölkə və təhsil üçün taleyüklü sayılan məsələlər ikinci plana keçirilir. Saxta diplomla fəaliyyət göstərənlər də, bu diplomları hazırlayanlar da cinayət məsuliyyəti daşıyır.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, CM-nin 320-ci maddəsinə görə saxta diplom hazırlamaq vəistifadə etmək cinayət hesab edilir: “Hər hansı sahədə fəaliyyətə göstərməyə imkan verən saxta sənədlərdən istifadə etmək, hazırlamaq, yaymaq qanusuzdur. CM-nin 320.1 maddəsinə görə, saxta sənədləri hazırlamaq, 320.2 maddəsinə görə isə, bu sənədlərdən istifadə etmək cinayət məsuliyyəti yaradır. Əgər belə hallar təsdiqini taparsa, bu şəxslər cəzalandırılmalıdır. Təəssüf olsun ki, dəfələrlə belə faktlarla bağlı məlumatlar ictimailəşsə də, nəticə əldə olunmayıb”.
Akif