Yarımçıq binanı Elçin Quliyevin qardaşı alaraq tikdirir
“Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyev Rusiya tərəfindən işğal olunmuş, Gürcüstan Respublikasının ayrılmaz ərazisi, qondarma Abxaziya respublikasında sərmayə qoyması və gürcü iş adamına milyonlar atması keçmiş prezident Mixail Saakaşvilinin qəzəbinə gəlmişdi. M.Saakaşvili Bakıya səfərlərinin birində bu xoşagəlməz olay barədə Ilham Əliyevə şikayətlənmişdi.
Məhz bundan sonra “Texnikabank” və onun bölgələrdəki filiallarında yoxlamalara start verilmişdi. Idarə heyətinin sədri və çox saylı bank işçiləri həbs edildi. E.Əliyev uzun müddət həbsdə saxlansa da, “gözəgörünməz” qüvvələr onu məhbəsdən ağır “xəstəlik” adı ilə xilas etdi. “Texnikabank” işində çoxları güdaza getdi. Bəzilərini “qusdurmaqla” adlarını qara siyahıdan çıxardılar. E.Əliyevin “Texnikabank”a rəhbərlik etdiyi zaman kəsiyində əldə etdiyi bütün varidatı əlindən alındı. Çalıb çapdığı dövrlərdə Sumqayıtın avtovağzalına yaxın ərazidə yerləşən nadir meşə ağaclarından salınmış meşəliyi qırdıraraq (Sumqayıtın keçmiş IH başçısı Vaqif Əliyevin xeyir-duası ilə) yerində “Texnikabank”ın Sumqayıt filialını yaratmışdı. Həbsindən 1 il qabaq meşəliyin hamısını məhv edərək yerində yaşayış kompleksi, nəzərdə tutulmuş klinika, ayrıca fəaliyyətdə olan “Texnikabank”ın filialının 2-ci binasını tikdirmişdi. 14 mərtəbəli yaşayış binasının monolit tikintisi tam başa çatmışdı ki, M.Saakaşvilinin şikayəti (çuğulluğu da demək olar) əsasında E.Əliyev həbs olundu.
Qeyd etdiyimiz həmin tikinti də müsadirə olunmuş mülklər sırasında idi. 4 milyon manat dəyərləndirilərək auksiona çıxarılmışdı. Heç kim risk edib binanı almaq istəmirdi. 2 ay öncə tikinti kompleksində canlanmanın şahidi olmuşduq. Əraziyə ağır texnika, qaldırıcı kranlar gətirilmişdi. Yapon istehsalı olan “Kato” markalı qaldırıcı kran binaya şüşə və digər inşaat materialları qaldırırdı. Binanı kimin alması ilə maraqlandıq. Araşdırmalarımız elə də çox çəkmədi. Sumqayıt elə də qapalı şəhər olmadığından, demək olar, hamı bir-birini tanıyır. Şəhərdə at oynadan qrupları və “kitləri” hamı tanıyır. Adının çəkilməsini istəməyən qaynağımızın bildirdiyinə görə, yarımçıq binanı Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Sumqayıt IH-də müavin postunda çalışan qardaşı Akif Quliyev 2.5 milyon manata alıb.
Onu da xatırladaq ki, Eldar Əzizov Sumqayıta başçı təyin olunanda Akif Quliyevi vəzifəsindən kənarlaşdırmaq istəsə də, bu mümkün olmadı. DSX rəhbəri general leytenant Elçin Quliyevin E.Əzizova təpinməsi problemi yoluna qoydu. Nəticədə Eldar Əzizov geri çəkilməli oldu. Akif Quliyev Sumqayıt şəhərində topdağıtmaz obyektlərə sahiblənib. “Əşya bazarı” kimi tanınan bazar meyvə tərəvəzin topdansatışı kimi fəaliyyət göstərir. Həmin bazar Bakı, Abşeron, Sumqayıt və bir çox ətraf kəndlərin meyvə-tərəvəz tələbatını təmin edir. Ən çox gəlir gətirən bazarlardan sayılsa da, antisanitar vəziyyətdə fəaliyyət göstərir. Sumqayıt şəhər yarmarkası da A.Quliyevə məxsusdur. Həftənin 3-cü, 6-cı günləri fəaliyyət göstərən yarmarkaya öz meyvə-tərəvəz məhsullarını gətirən zəhmət adamları alverçi maneəsi ucbatından yarmarkaya daxil ola bilmir. Yarmarkada satılan meyvə-tərəvəz, toyuq və ət məhsulları antisanitar, soyuducusu olamyan şəraitdə satılır. Ət cəmdəklərinin üzərində milçək tuğyan edir. Ümumiyyətlə, yarmarka virus və bakteriya bunkerini xatırladır. Insanların aldığı meyvə-tərəvəz və ərzaq məhsullarından xəstəliyə yoluxması hər an gözləniləndir.
Sumqayıt Sanitar Epidemioloji Stansiyasının həkimlərinin yarmarkaya nəzarəti məhdudlaşdırılıb. Nəzarət üçün həkimlərin yarmarkaya daxil olması birdəfəlik qadağan olunub.
Bazarda hər kv. metrin öz qiyməti var. Bazarda maşınla alver etmək 20-25 manat civarında dəyişir. Bu da bazar qiymətlərinə yüksək dərəcədə təsir edir. Burada əsl bazar qanunlarına yer verilir.
A.Quliyev tikintiyə əl qoyduğundan, deyilənə görə, “Əşya bazarı” əvvəllər trolleybus parkı kimi fəaliyyət göstərən əraziyə köçürüləcək. “Əşya bazarı”nın yerində isə yaşayış kompleksinin inşa etdiriləcəyi bildirilir.
Şakir Həsənsu