İctimai Palata rəsmiləri mitinq üçün müxalifətə təklif olunan yerə baxış keçirdi
«Mitinq üçün belə bir yerin təklif edilməsi demokratiyaya həqarətdir»
Ictimai Palata uzun müddətdir hakimiyyətlə müxalifət arasında müzakirə mövzusuna çevrilən mitinq yerinə ictimai baxış keçirib. Diqqətli oxucu yəqin ki, bildi – söhbət Bakı şəhər Icra Hakimiyyətinin Bibiheybətdə təklif etdiyi meydançadan gedir. Meydançanı gözdən keçirmək üçün Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və jurnalistlər dünən orada olub.
Meydança yaşayış evlərinin bitdiyi yerdə, necə deyərlər, gözdən-qulaqdan uzaq məkanda yerləşir. Ora heç bir ictimai nəqliyyat işləmir. Meydançaya getmək üçün gərək “20-ci sahə”nin dairəsində düşüb, piyada 2 kilometrədək yol gedəsən. Meydana aparan yolun bərbadlığı isə ayrı bir mövzudur – küçə başdan-başa çala-çuxur, su gölməçələridir.
Meydançanın üç tərəfi birmərtəbəli evlərlə əhatələnib. Çox maraqlıdır ki, həmişə mitinqlər üçün yer istəniləndə sakinlərin istirahət hüququnu əldə bayraq edənlər nədənsə, burada yaşayanlara belə bir hüquq tanımayıb. Meydançanın dördüncü tərəfi isə qurudulmaqda olan neft gölməçələridir. Həmin tərəfdə iri torpaq topaları var. Onları, yeri qazıb bura yığıblar.
Nəzəri olaraq, qəbul etsək ki, müxalifət burada aksiyaya “hə” deyib, o halda oradakı mitinqi dağıtmaq üçün polisə-filana ehtiyac qalmayacaq. Xəfif külək kifayətdir ki, qalaqlanan torpaqla aksiyaçıları dağıtsın.
Meydança avtomobil təlimləri üçündür. Onun asvalt örtüyü baxımsızlıqdan və istidən artıq mazut halını alıb. Ümumiyyətlə, ərazini kəskin üfunət sarıb. Bu üfunət yaxında qurudulmamış mazut gölməçələrindən və ya açıq kanalizasiya axarından yayılır.
“Orta əsrlərdə belə yerlərə adamları sürgünə yollayırdılar”, – deyə jurnalistlərin meydança ilə bağlı ümumi rəyi belə oldu.
Vidadi Mirkamal isə meydança ilə tanışlıqdan sonra belə bir məkanın mitinq üçün müxalifətə təklif edilməsini “demokratiyaya həqarət” kimi qiymətləndirdi.
Mehriban Vəzir isə dedi ki, hakimiyyət bu yeri mitinq üçün ayırmaqla insanların sərbəst toplaşmaq hüququna zərrə qədər də hörmət bəsləmədiyini və ölkədə qarşıdurma ovqatının güclənməsində maraqlı olduğunı göstərir.
Ictimai Palata rəsmiləri birmənalı şəkildə bildirdilər ki, bu yerdə mitinq keçirilməsindən söhbət gedə bilməz. “Burada toplaşmaq ümumiyyətlə, insan sağlamlığı üçün təhlükədir”, – deyə Vidadi Mirkamal bildirdi.
Peşə məktəbinin rəhbərliyi də jurnalistlərlə söhbətində həmin yerdə heç vaxt kütləvi tədbir keçirilmədiyini dedi.
Natiq