Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsinə dair təklifləri dəstəklədiyini bəyan edib. Bu barədə o, Berlində jurnalistlərə açıqlamasında bildirib. Merkel deyib ki, Avropa İttifaqı Rusiyanın bu cür davranışlarını qəbul edə bilməz.
“Mən artıq demişəm ki, sanksiyalar həmçinin alman şirkətlərinə də mənfi təsir göstərə bilər. Bununla belə, düşünürəm ki, yeni sanksiyaların hazırlanmasına ehtiyac var. Çünki biz heç bir addım atmasaq, daha böyük problemlər ortaya çıxa bilər”, – deyə kansler bildirib. Merkel eyni zamanda, Ukraynaya maliyyə və humanitar yardım göstərilməsi məsələsində də birgə fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib. Xatırladaq ki, Avropa Komissiyasından Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində iş getdiyi və yaxın bir həftə ərzində yeni sanksiyalar paketinin hazır olacağı barədə məlumat verilib. Bundan başqa, Angela Merkel vurğulayıb ki, konflikt hərbi yolla həll olunmayacaq: “Mən lap əvvəldən bunu deyirəm və buna əminəm. Avropa Birliyinə üzv olan digər dövlətlərin də mövqeyi belədir”.
azadliq.info