Milli Şura Oqtay Gülalıyevin yetkinlik yaşına çatmayan oğlunun təhdid edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Son günlər hakimiyyətin siyasi repressiyası bütün sərhədləri aşıb. Alternativ fikri qəbul etməyən rejim öz əməllərinin ifşasından təşvişə düşərək ancaq həbs, təqib və təzyiq metodları ilə işləyir. Azərbaycanda 37-ci il ab-havası yaratmağı qarşısına məqsəd qoyan Əliyevlər üsul idarəsinin siyasi rəqiblərinə qarşı mənəvi normaları aşan vasitələrə əl atır. Artıq siyasi fəallara onların yaxınları, ailə üzvləri ilə təzyiq edilir. Milli Şuranın və onun sədr aparatının üzvü, KXCP sədrinin müavini Oqtay Gülalıyevin ötən il-prezident seçkiləri ərəfəsində- döyülərək ağır bıçaq xəsarətinə məruz qalan, zərərçəkən azyaşlı oğlu Əli Gülalıyevə qarşı bu günlərdə BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsi Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsi ilə cinayət işi açaraq haqqında polis nəzarətinə verilmə qəti-imkan tədbiri seçmiş və heç bir ciddi araşdırma aparılmayan iş Xətai məhkəməsinə göndərmişdir. Avqustun 29-da Xətai rayon məhkəməsində prosesə start veriləcək.
Xatırladaq ki, 2013-cü ilin sentyabr ayının 23-də Əli Gülalıyev yaşadığı NZS qəsəbəsində hücuma məruz qalmışdı. Həmin gün axşam naməlum şəxslər Əli Gülalıyevi döyərək ona ağır bıçaq xəsarəti yetirmişdilər. Bir il sonra istintaq belə bir qənaətə gəlib ki, “təqsirkar” elə zərərçəkmişin özüdür. Hadisədən 11 ay keçdikdən sonar zərərçəkmiş yeniyetmə Gülalıyevə heç bir səbəb olmadan cinayət işinin açılması və işin istintaqının bir başa Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılması olayın arxasında siyasi çalarların olduğunu göstərir. 2013-cü il prezident seçkiləri ərəfəsində Oqtay Gülalıyev dəfələrlə polisə çağırılıb. Həmin vaxt o, Milli Şuranın namizədi Cəmil Həsənlinin mətbuat katibi, Seçki Qərargahının fəallarından olub. Ona ictimai fəaliyyətinə və siyasi məhbusların müdafiəsinə son qoymadığı təqdirdə oğlunun zərərçəkmişdən təqsirləndirilən şəxsə dönə biləcəyinə işarə edilib. Polisin işarələri işə yaramadıqdan sonra istintaq bəyan edib ki, Gülalıyevin oğlu özü davaya başlayıb və ona qarşı cinayət işi açılıb.
Xatırladaq ki, Oqtay Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur. O, Kür daşqınlarından əziyyət çəkən şəxslərin hüquqlarını müdafiə etdiyinə görə 2012- ci ilin aprel ayının 8-də Sabirabadın Minbaşı kəndində həbs olunub və qanunsuz olaraq 3 ay həbs həyatı yaşayıb. Bir çox yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus, Amnestyu İnternational təşkilatı isə onu vicdan məhbusu elan edib. Onun özünə qarşı iki il əvvəl Sabirabad polisi tərəfindən irəli sürülmüş iğtişaşlara çağırış haqqında absurd ittiham hələ də ləğv edilməyib. Hüquq müdafiəçisi məhkəmənin qərarı ilə hazırda polis nəzarəti altında olmaqla ev dustağıdır, ölkədən çıxışı yasaqdır.Milli Şura yetkinlik yaşına çatmayan Əli Gülalıyeva qarşı qaldırılmış cinayət işini siyasi sifariş hesab edir və bunu iyrənc siyasi repressiya kimi qiymətləndirərək hakimiyyəti bu yoldan çəkinməyə çağırır.