Bir dəfə Moskvada yaşayan dostum Teymuru Bakının ucuz kafelərindən birində qonaq eləmişdim. Bu elə bir ərəfə idi ki, yanımızdan biri adlayıb iqtidar mediasında işləməyə getmişdi. Söhbət bu məsələnin üstünə gəldi və həmin adamı tanıdığından, “Deməli, o da satıldı, bu xalq başdan ayağa satqındı ki…” deyib, ah çəkdi.
Elə bu vaxt düz yanımızdan bir gənc – Rövşən Nəsirli keçdi. Soruşdum ki, dostum, bu insanı tanıyırsan?
Tanımadı, buna görə təqdimatı mən etdim. Dedim ki, bu adam heç bir ay olmaz, həbsdən çıxıb. Həbsə isə aksiyada öz ləqayətini uca tutub polis generalının üzünə lazımi sözləri dediyi üçün düşüb.
Soruşdum ki, dünyada generalla üzbəüz durub haqq sözünü deyən neçə nümunə tanıyır?
Dostum heyrətləndi, mənsə davam elədim. Rövşən Nəsirlinin ən yaxın qohumlarından biri nazir-oliqarxlardan birinin “sağ əli” kimidir. Buna baxmayaraq, onun, əqidəsinə görə dayısının təklif etdiyi bütün işlərdə çalışmadığını dilə gətirdim.
O, bunları da təbii ki, bilmirdi. Mən yekunda soruşdum: “Bax, bütün günü qəzet oxuyan, saytlarda gəzən adamsan, heç özünə bir dəfə sual vermisənmi ki, niyə əclaflıqları hamı əzbər bilir, amma müsbət nümunələri yox?”
Bu sualı indi daha geniş auditoriyaya ünvanlayıram. Niyə? Niyə bizi, ancaq pis şeylər məşğul edir, pis nümunələr söhbətimizə mövzu olur? Kiminsə dönüklüyü, əclaflığı və s.
Əlbəttə, burada bir təbiilik də var. Insanın düzgün, ədalətli olması, doğruçu olması lazımlıdır. Bütün elmi, qeyri-elmi təlimlər insanın məhz bu dəyərlərlə yaşamasını təlqin, təbliğ edir. Yəni, bir adamın düzgün, ədalətli olması bir növ onun borcudur, bu elə belə də olmalıdır. Pislik, yaramazlıq isə insanlığa zidd olduğundan, onun dilə-dişə düşməsi, bəlkə də başadüşüləndi.
Lakin bir şey də var. Mən etiraz eləmirəm, böyür-başımızda peyda olan alçaqlığa, pis nümunələrə görə narahat olaq, ürək ağrısı keçirək, ancaq buna özümüzü kilidləməyək. Hər yeri alçaqların basdığını, az qala, özümüzdən başqa saf adamların olmadığını düşünmək səhvdir. Bu, intihara bərabər düşüncədir. Çünki bu düşüncə adamı depressiyaya salır, ümidsizləşdirir. Mübarizə aparan insan heç vaxt belə fikirlərlə özünü zəhərləməməlidir.
Bəli, satqınlar olub, var və olacaq. Ən ideal, ən hazırlıqlı lider, təşkilat satqınlardan sığortalanmayıb. Bircə dəfə Isa Məsihin öz yaxın həvarisi tərəfindən ələ verilməsini düşünün, bəsdi. Satqının, dönüyün olması hələ yolun səhv olması, mübarizənin mənasız olması anlamına gəlmir. Istənilən cəmiyyət kimi, bütün qüsurları ilə birgə Azərbaycan cəmiyyəti də dəyərli, vicdanlı şəxslərdən məhrum deyil. Onlar mübarizə meydanında da var, başqa sahələrdə də. Niyə bizim üçün hansısa iradəsinə qarşı gedən, sınmış, nəfəsi təntimiş insanlar nümunə olmalıdır? Niyə onlara baxıb əlimiz-qolumuz soyumalıdır? Axı çox uzaqda yox, elə o günlərdə Əliyevçi rejimlə mübarizədə yaranan “2 aprel” fenomeni var. Ictimai Palatanın 2 aprel mitinqində həbs edilən çoxluğu nəzərdə tuturam. Onlar hər şeyə dözdülər, evlərində, səhhətlərində olan problemlərə, həbsin ağırlığına… Amma hər gün yanlarına əfv üçün gələn emissarları rədd etdilər. Məhkəmədə iti və ifşaedici çıxışları ilə çox köksləri qürurla, fərəhlə doldurdular.
Indi də o adamlar ortadadır. Döyüşürlər, yazırlar-pozurlar, avtoritar rejimə meydan oxuyurlar. Indi onlar təvazökarlıq edib, öz üstün məziyyətlərini dilə gətirmirlər deyə, biz də o qəhrəmanlıqları unutmalıyıq?
Yaxud, N!DA-çı məhbus yoldaşlar. Onların da əksəriyyəti yerindədi, hakimiyyətə qarşı haqq savaşında mövqeləri sabitdir. Bu insanlar niyə günümüzün mövzusu olmamalıdır, amma əvəzində hansısa çuğulun ortaya atdığı xain bir söhbət bizi enerjimizi tükəndirənə qədər yormalıdır?
Sizə bir söz deyim, heç nə yox, azca haqq-ədalət, zülm, məzlum barədə təfəkkürü olan adam üçün təkcə Leyla Yunusun türmədən həyat yoldaşı Arif Yunusa yazdığı məktublar bir anbar silah gücündə enerji mənbəyidir.
Siz o məktubları oxumamısız?