Tələbə Qəbulu Üzrə Dövlət Komisissiyasının (TQDK) Təhsil Nazirliyinə ilginc müraciət ünvanladığı barədə ötən sayımızda məlumat vermişdik. Bildirmişdik ki, həmin müraciətdə 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbulundan söhbət gedir. Müraciətdə xüsusilə Azərbaycan Beynəlxalq Universitetinə, Müstəqil Azərbaycan Universitetinə, Ictimai-Siyasi Universitetə, Gəncə Təhsil Mərkəzinə daxil olan Məhsəti adına Universitetə, Tovuz Texniki Universitetinə köçürmə adı altında qanunsuz qəbullar edildiyi vurğulanır. TQDK-nın araşdırması nəticəsində bəlli olub ki, Rusiyadakı ali məktəblərdən köçürmə adı altında Azərbaycandakı təhsil ocaqlarına yerləşdirilən həmin 3000 tələbənin əhəmiyyətli hissəsinin heç xarici pasportu yoxdur. Pasportu olanların isə sənədində giriş-çıxış qeydi yoxdur. Bu da həmin tələbələrin köçürmə adı altında Azərbaycandakı ali məktəblərə qanunsuz qəbul olunduğunu göstərir.
Həm Təhsil Nazirliyi, həm də TQDK məlumata münasibət bildirib. Təhsil Nazirliyinin QHT və KIV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Movqe.az-a açıqlamasında bildirib ki, nazirliyə TQDK-dan belə bir müraciət daxil olması barədə məlumat düz deyil: “Məndə elə bir məlumat yoxdur ki, TQDK Təhsil Nazirliyinə qanunsuz köçürmə ilə bağlı müraciət göndərib. Yəni bu xəbər düz deyil”.
TQDK-nın mətbuat katibi Elnur Nağızadə isə Movqe.az-a deyib ki, Təhsil Nazirliyinə belə bir müraciət göndərilməyib.
“Azadlıq”a məlumat verən mənbə isə israr edir ki, TQDK-dan Təhsil Nazirliyinə belə bir müraciət daxil olub. “Söhbət ondan getmir ki, həmin müraciət dünən və ya srağagün daxil olub. Bu bir neçə ay əvvəl baş verib”, – deyə mənbə əlavə edib.