3 gündə Zərdabın Qoruqbağı kəndində 8 iribuynuzlu heyvan tələf olub
Zərdab rayonunda heyvanlar arasında kütləvi xəstəlik yayılıb. ANS PRESS-in “qaynar xətti”nə daxil olan məlumata görə, 3 gün də Zərdabın Qoruqbağı kəndində 8 iribuynuzlu heyvan tələf olub. Kənd sakinin bildirdiyinə görə, aidiyyatı orqanlara müraciət olunsa da hələlik heç bir iş görülməyib.
“Heyvanlaın bədəni şişir. İnəklərin süd vəzindən qan gəlir. Xəstəliyin adı ilə bağlı heç bir məlumatımız yoxdur. Bir-iki dəfə baytarlıqdan gəlib heyvanlara baxıblar. Sistem qoyublar ancaq nəticəsi yoxdur. Xəstəliyin müalicəsi barədə də heç bir məlumatımız yoxdur”, – deyə kənd sakini söyləyib.
Kənd sakinləri bildirib ki, bu xəstəlik digər kəndlərdə də müşahidə olunub. Əvvəl xırdabuynuzlu heyvanlar arasında yayılan xəstəlik indi də iribuynuzlu heyvanların tələf olmasına səbəb olur.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə ANS PRESS-ə açıqlamasında məsləyə aydınlıq gətirib. O bildirib ki, bu xəstəliyin adı “Nodulyar dermatit”dir. Yolçu Xanvəli həmçinin əlavə edib ki, Zərdabda qeydə alınan xəstəliklə bağlı artıq ərazi üzrə baytarlıq xidmətinə məlumat verilib: “Hazırda əraziyə baxış keçirilir. Əgər tələfat faktları təsdiq edilərsə heyvanların cəsədlərindən nümunələr götürülərək araşdırılacaq”.
Y. Xanvəli qeyd edib ki, bu xəstəlik ilk olaraq İran və Türkiyədə müşahidə olunub və Azərbaycana da bu qonşu ölkələrdən keçib: “Bu xəstəlik xüsusilə həşəratlar vasitəsi ilə heyvanlara keçir. Yalnız iribuynuzlu heyvanlarda müşahidə olunan xəstəlik düzgün müalicə apıldığı təqdirdə tələfatla nəticələnmir”.