Rusiyanın baş nazirinin Ermənistana səfəri Yerevanı hələ də Rusiyanın müttəfiqi olmasına əmin etməyə xidmət edir
Rusiyanın baş naziri Dmitri Medvedevin sentyabrın 8-9-da Ermənistana səfər edəcəyi barədə məlumat vermişdik. Ermənistanın baş naziri Ovik Abramyan bildirib ki, D.Medvedevin avqust-sentyabr aylarında Gürcüstan, Iran və Rusiya baş nazirləri ilə görüşü nəzərdə tutulub. Amma bu səfərin bir neçə gün əvvəl Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündən sonraya təsadüf etməsi maraq doğurur. Onu da qeyd edək ki, kifayət qədər məhsuldar keçən görüşdə regional itəhlükəsizliyin birgə təmini məqsədli mühüm bəyanatlar verilib. Bəs Medvedevin regiona səfəri nə məqsəd daşıyır və hansı nəticələri ola bilər?
Ekspertlər hesab edir ki, Medvedevin Ermənistana səfərinin başlıca məqsədi strateji müttəfiqi olan Ermənistanı arxayınlaşdırmaqdır. Çünki Putinin son addımlarından sonra Ermənistan Rusiyadan çox narazıdır və bu narazılıqlar dəfələrlə bəyan edilib. Ermənistanda Rusiyadan narazılığın artıq ictimai səviyyədən dövlət rəhbərliyi səviyyəsinə keçməsi müşahidə olunur. Sarkisyan bu narazılığını Soçi görüşündən sonra ictimailləşdirib. Ermənistanın iqtisadi durumu, Qarabağ məsələsinin həlli istiqamətində Rusiyanın addımları Ermənistanı düşündürür. Ermənistan rəhbərliyi Rusiyanın Soçi görüşündən sonra Azərbaycana qarşı reveranslarını, rus siyasətçilərin ölkəmizin ünvanına müsbət ifadələrini diqqətlə izləyir. Ona görə, Medvedevin Ermənistana səfəri Yerevanı hələ də Rusiyanın müttəfiqi olmasına dair etməkdir. Ekspertlər hesab edir ki, Medvedev söz verəcək ki, Rusiya Ermənistanla olan strateji əməkdaşlıq bağlarını qırmır və Kremlin regionda yeganə müttəfiqi məhz Ermənistandır.
Digər tərəfdən regionda cərəyan edən digər proseslər də Rusiyanı narahat edir. Rusiya Naxçıvanda Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin birgə görüşündən və görüşün nəticəsi kimi əldə olunan qərarlardan çox narahatdır. Çünki qəbul olunan qərarlardan görünür ki, NATO Türkiyənin vasitəsilə regiona nüfuz etməyə çalışır. Bu tendensiya isə artıq Qərbin Türkiyə vasitəsilə Cənubi Qafqaza nüfuz etməsinə işraədir.
Xəyal