Qala divarlarının sökülüb yerində hotel tikildiyi ölkədə turizm ili elan edilib
Dövlət Statistika Komitəsinin rəsmi saytına müraciət etsək görərik ki, bu il Azərbaycan Respublikasına gələn turistlərin sayı 1.9 milyon nəfər olub. Bu rəqəmlərin nə dərəcədə doğru-düzgün olması maraqlı deyil. Təəccüblü deyil ki, qeyd edilən rəqəmin 90%-i yaxın qonşularımızın – Rusiya, Gürcüstan, Iran və Türkiyənin payına düşür. Maraqlı olan başqa şeydir – nəyə görə rəsmi təbliğatımızda az qala aclıq həddində olan, ona-buna investisiyalar üçün yalvaran Gürcüstanda turistlərin sayı 2 milyonu keçsə də, illər uzunu bu sahənin inkişaf etdirildiyi deyilən, investisiyalar qoyulan, “ən müasir standartlara uyğun” layihələr həyata keçirən Azərbaycanda onlardan da azdır? Başqa bir rəqəm də çox maraq doğurur – 2009-cu ilə nisbətən turistlərin sayının artım faizi Gürcüstanda 36, Azərbaycanda isə cəmi 7 faizə bərabərdir.
Bu suallar üzərində düşünərkən ilk növbədə Azərbaycanın turizm potensialını, ətraf ölkələrin bu sahədə təkliflərini araşdırmaq gərəkdir. Boş yerə 2011-i turizm ili elan etməmişik ki…
Azərbaycan turizmin inkişafını sözdə deyil, həqiqətən inkişaf etdirmək istəyirsə, ilk növbədə qardaş Türkiyə təcrübəsindən yararlanmaq gərəkdir. Dünyanın 10 ən yaxşı turizm istiqamətlərindən biri olan Türkiyə 2010-cu il ərzində nə az, nə çox – düz 27 milyon turistə ev sahibliyi eləyib. Türkiyənin turizmdən olan gəliri 2010-cu ildə 23 milyard ABŞ dollarına bərabər olub. Geniş turizm infrastrukturuna malik bu ölkə, şimali Afrikada baş verən olaylardan yararlanaraq bu il gəlirlərini bir qədər də artırmaq niyyətindədir. Belə bir infrastrukturu yaratmaq üçün Azərbaycanın imkanları varmı?
Öncə qeyd etmək lazımdır ki, bir neçə dənizin əhatəsində olan Türkiyədə ən çox populyar olan çimərlik istirahəti növüdür. Türkiyə çimərliklərinin böyük əksəriyyətində Xəzər sahilindəki kimi gözəl quma rast gəlmək olmur. Lakin Xəzərin sonsuz dərəcədə çirklənməsi və onun təmizlənməsini bir günün işi olmadığını, böyük investisiyalar tələb etdiyini və tam olaraq tək Azərbaycandan asılı olmadığını nəzərə alsaq, bu növ turizmin ölkəmizdə inkişaf perspektivləri qaranlıqdır.
Tarixi turizm deyilən bir sahə də var ki, bura əsasən avropalılar və yaponlar meyl edirlər. Antik dövr abidələri və Qədim Roma imperiyasından qalmış bir sıra tarixi məkanları turistlərin ixtiyarına vermiş Türkiyə buradan böyük gəlir əldə edir. Təbii ki, Luvru, Ermitajı və ya Şonbrunu görmüş avropalıya Şəkidəki Xan sarayı o qədər də maraqlı deyil. Içərişəhəri təəssüf ki, dağıtmışıq və tam zamanı yetişib ki, bu məkanın adına artıq Təzə Şəhər deyilsin. Divarları sökülüb yerində yeni binalar, hotellər tikilir. Heç bir tarixi məkanımıza normal maşın yolu yoxdur. Lahıcda, Xınalıqda göstəriləsi nəsə var, lakin bir çox hallarda turistlər bu məkana gedib çıxa bilmirlər.
Azərbaycanda turizm potensialına görə Böyük Qafqazın ölkəmizə düşən hissəsini və cənub bölgəsini ayırmaq olar. Bu yerlərin füsunkar dağ-meşə təbiəti var ki, bundan istifadə etmək olar. Lakin burada da ciddi problemlər mövcuddur. Və bu problemlər əsas etibarilə iqtidarın səriştəsizliyindən və monopolizmdən qaynaqlanır. Sadə bir misala üz tutaq – qeyd etdiyim bölgələrdə oliqarxların nəzarətində olan hotellərimizdə bir gecəlik nömrə qiyməti 150-300 manat təşkil edir. Bu qiymətə əsas etibarilə yalniz səhər yeməyi daxil edilir və heç bir əlavə xidmət göstərilmir, ya da əlavə vəsait hesabına təşkil edilir. Azərbaycanda fəaliyyət göstərən turizm firmalarının internet saytlarına girib məlumat almaq olar ki, Türkiyənin dəniz sahilində yerləşən 4 və 5 ulduzlu otellərdə bir gecəlik qonaqlama 150-250 manata başa gəlir. Bu qiymətlərə otaq qiymətindən başqa gün ərzində fasiləsiz alkoqollu və alkoqolsuz içkilər, səhər, hündürnahar (yuxudan gec ayılanlar üçün), günorta, axşam, gecə yeməkləri, oda xidmətləri, müxtəlif şou və idman tədbirləri daxildir. Gün ərzində müxtəlif barlarda dondurmalar, təbii şirələr və qənnadı məmulatları turistlərə təqdim edilir ki, bunlar da həmin qiymət daxilindədir. Sauna, türk hamamı, müxtəlif tipli su hovuzları, futbol, tennis kortları, aqvaparklar və sadalamaqla bitməyən daha hansı xidmətlər – hamısı qiymət daxilindədir. Bütün bunları görən hansı turist Türkiyəni qoyub Azərbaycana gələr? Ilk növbədə qiymət və xidmətlərin çeşidi rəqabətə dözümlü olmalıdır.
Daha bir ciddi problem xidmət keyfiyyəti problemidir. Təəssüf ki, hotellərimizin çoxunda ən adi təmizlik qaydalarına riayət olunmur. Süfrələrin, yataq dəstlərinin vaxtlı-vaxtında dəyişdirilməməsi, otaqların təmizlənməməsi buraya gələn turistin bir daha geri dönəcəyinə zamanət vermir.
Və ən nəhayət turizmi bir ayrıca sahə kimi inkişaf etdirmək mümkün deyil. Turizm ölkənin bir çox sahələrinin inkişafından birbaşa asılıdır, özü də eyni zamanda həmin sahələrin inkişafını sürətləndirən sahədir. Türkiyədən alınan pomidor və ya Iran istehsalı olan meyvə ilə rəqabətə davamlı mühit yaratmaq mümkün deyil. Ölkənin kənd təssərüfatı inkişaf etməlidir ki, turizm sahəsi inkişaf etsin. Eyni zamanda ölkəyə turist gələndən sonra kənd təsərrüfatı məhsullarına tələbatın artması qaçılmazdır. Ölkənin nəqliyyat infrastrukturu turizmin inkişafında müstəsna rol oynayır. Təzə çəkilmiş Quba yolunda təmir işləri heç zaman bitmirsə, Ismayıllı yolu həmişə qəza vəziyyətindədirsə bu ölkəyə turist cəlb etmək mümkün olmayacaq. Bu gün Moskvadan Antalyaya təyyarə bileti 300-350 ABŞ dollarına bərabərdir. Nədən bu yolun yarısını qət edən AZAL təyyarəsinin bu istiqamətə bileti 500 AZN və ya 600 ABŞ dollarından yuxarıdır? Nədən Türk Hava Yollarının Amsterdamdan Antalyaya olan sərnişin daşıma qiyməti AZAL-ın Parisdən Bakıya olan qiymətində daha ucuzdur.
Azərbaycanda 100 kilometrlərlə yol qət etmək olar, lakin bir dənə də olsun təmiz, sanitar-gigiyenik normalara uyğun tualet tapmaq mümkün deyil. Bernar Fasyeni lağa qoyub gülənlər, bu fakta gülsələr, günahkarları qınasalar daha yaxşı olar. Bu gün Azərbaycanda turizm ili elan etmək, çəkilmiş yolların dünya standartlarına uyğun olmasını iddia etmək qədər gülməli görünür. Neft pulları hesabına hotellər tikdirmək hələ turizmin inkişafı demək deyil.