Cabbar!
Sənin srağagünki məhkəmədə (buna məhkəmə dediyim üçün bağışla) çıxışını oxudum dünən “Azadlıq” qəzetində.
Oxudum və Ilham Əliyevin bir neçə gün əvvəl Elmlər Akademiyasındakı elmsiz çıxışında dilin qorunması haqqında sözlərinin mahiyyətini daha dərindən anladım. Anladım ki, Ilham Əliyevə görə dilə ən böyük təhlükə – məhz danışmaqdır. Ilham Əliyev hesab edir ki, insanlar danışdıqca dil əldən gedir. Məsələn, sənin hüquq adına rəzalətin son nöqtəsi olan o məhkəmə-məzhədəki cəsurca, mətincə çıxışından böyük təhlükə yoxdur Ilham Əliyevin qorumaq istədiyi dilə. Sənin dediyin sözün, kəlmənin, cümlənin heç biri Ilham Əliyevin qorumaq istədiyi dilin qanunlarına uyğun deyil. Səni hansı maddəylə ittiham edirlər etsinlər, əslində sənin bir cinayətin var – sən danışdıqlarınla onun qorumaq istədiyi dilin qanunlarını pozursan. Və buna görə indi dəmir barmaqlıqlar ardındasan?Cabbar! Bunların dərdi dili qorumaq-filan deyil, əlbəttə. Dili qorumaq istəyən bir zehniyyət taxta oturandan həmən sonra qarşısından tərs dilləndi deyə bir dilçini iclasdan qovardımı? Bunlar dili qorumağı – dilini dinc qoymaq kimi başa düşürlər. Yoxsa niyə həm dilin qayğısına qalıb, həm də o dildə danışanları, yazanları cəzalandırsınlar ki? Bir dildə ki, hər kəs düşündüyünü, ürəyindən, ağlından keçənləri yaza bilməsin, danışa bilməsin, o dil necə yaşayacaq? Bizim ağzımızda dilimizi kəsən, dilimizi qıfıllayanlar necə dili qoruya bilərlər?
Cabbar! Onlar dili qorumaq haqqında istədikləri qədər danışsınlar. Əslində isə həqiqəti danışmağınla, doğruları söyləməyinlə sən və sənin kimi vətən övladları qoruyur bu dili. Bu ölkənin sən və sənin kimi cəsur, vicdanlı, dürüst gəncləri haqsızlığa, istibdada qarşı dilsiz-ağızsız olmadığı müddətcə, millətimizin və dövlətimizin gələcəyinə dil uzadan bu dilbilməzlər önündə sən və sənin kimi gənclərimiz dilini dinc qoymadığı müddətcə əbədiyyən ölməyəcək, yaşayacaq, var olacaq ana dilimiz!
Ananın əllərindən, sənin alnından öpürəm.
Yarıyacan gedə bilməyənin yarıyacan “Fatihə” oxuya bilməyəndən gileyi
Bir vaxtların odlu müxalifətçisi, hazırda Heydər Əliyevin heykəli önünə təzə-tər güllər qoyması ilə xatırlanan borçalıların yeni dərdini gündəmə gətirib. Deyib ki, Gürcüstanın azərbaycanlılar yaşadığı yerlərində ciddi problem var. Sitat: “Orada elə mollalar var ki, ”Fatihə” surəsini yarıyacan oxuya bilmirlər”.Eh, Zəlimxan bəy, siz nəyi qoyub, nəyi axtarırsınız? Fatihə surəsini yarıyacan oxuya bilməməkdə faciələşdirməli nə var ki? Siz ondan danışın ki, elə siyasətçilər var, onlar millətin və dövlətin azadlığı uğrunda mübarizə yolunu yarıyacan gedə bilmirlər.Faciə budur, dərd budur, ağrılı olan budur…
Bir şəkilə sözaltı
Ey yaptokratlar, baxın bu şəkilə, diqqətlə baxın. Gözəl fotodur, deyilmi? Bu qədər çoxlu göyərçini bir yerdə görmək gözəldir, deyilmi? Bu foto dünən 28 may metrosunun yaxınlığında, Cəfər Cabbarlının heykəlinin yanında çəkilib. Həm də bizi “Burada niyə durubsunuz? Burada dayanmayın!” deyə mülki geyimliləriniz sağa-sola dartışdırarkən çəkilib.
Oysa bir yerə toplaşmağın nə qədər gözəl bir şey olduğu bu fotodan da bəllidir. Göyərçinlər bir yerə toplaşarkən bu qədər gözəl mənzərə yaranır, indi görün insanlar bir yerə toplaşsa, toplaşa bilsə, nə qədər gözəl mənzərə olardı. Düşünün, məncə.