Ermənistan demokratik prosesin önündə olsa, haqlı olduğumuz halda, haqsız duruma düşəcəyik
Regionda siyasi vəziyyət yenidən qızışmağa başladı. Azərbaycanda və Ermənistanda hakimiyyət əleyhinə təşkil edilən mitinqlər dünyanın diqqətini yenidən Cənubi Qafqaza yönəltdi. Azərbaycan hökuməti ərəb dünyasında baş verən hadisələrin psixoloji çadrasına bürünməklə elə bu ssenarilərin arxasınca sürünməyə və xalqa qarşı zor tətbiq etməyə çalışdı. Günü-gündən pisləşən beynəlxalq əlaqələri rəsmi Bakını daha da çətin duruma saldı.
Beləliklə, ərəb tendensiyasına doğru gedən, Avropa Şurasının üzvü və ATƏT-in diqqətində olan ölkə kimi Azərbaycan müxalifətə nəfəs almaq imkanı verməməklə yeni imicini özü yaratmaqda canfəşanlıq edir. Ermənistanda isə tamam başqa ssenari üzrə proseslər davam etdi.
Sərkisyan Əliyevi şantaj etdi
Ermənistan hakimiyyəti yeni siyasi dalğadan yararlanaraq, bu durumunu daxili faktor üçün ciddi reverans imkanı kimi qiymətləndirdi və müxalifətin aksiyalarına qarşı dözüm nümayiş etdirdi. Bununla da, həm beynəlxalq aləmdə özü haqqında yaranmış rəyi yumşaltdı, həm də müxalifətin radikal tələblərinin yumşalmasına nail oldu. Eyni zamanda, Azərbaycan hakimiyyəti ilə özü arasındakı fərqi Ermənistan-Azərbaycan fərqi kimi göstərməyə nail oldu. Bu isə Irəvanın Bakını açıq şantajı idi.
Sərkisyan bu addımı ilə dünya ictimaiyyəti arasında Ermənistanın haqsız mövqeyinə xeyli dəstəkçi tapmaq iddiasındadır. Bununla belə, onun avtoritar idarəetmədən bir addım geri çəkilməsi Azərbaycanın haqlı mövqeyini xeyli təhlükə altında qoyur.
Ilk nümunə kim olacaq?
Azərbaycanın uzun illərdir BMT-nin “ərazi bütövlüyünün toxunulmazlığı” prinsipi üzərində qurduğu diplomatiyaya qarşı erməni tərəfi “xalqların öz müqəddəratını təyin etmək” prinsipini irəli sürürdü. Burada, əlbəttə, bir millətin bir dövləti olduğu halda, başqa bir dövlətin ərazisinə iddia etməsinin mümkünsüzlüyü erməni siyasətini ifşa edir. Amma ermənilər rəsmi Bakını antidemokratik olmaqda, insan hüquq və azadlıqlarını pozmaqda ittiham edir, bütün beynəlxalq tədbirlərdə öz xalqına qarşı barışmaz siyasət aparan dövlətin başqa bir etnikə qarşı daha amansız olmayacağına dair təminatın olmadığını deyirlər. Əlbəttə, indiki şaraitdə bu arqument də elə ciddi səslənmir. Çünki Ermənistan Azərbaycandan qismən fərqli azadlıqlara malik ölkədir. Amma hazırkı simptomlar deməyə əsas verir ki, təhlükə xeyli yaxındadır.
Qorxulu nədir?
Dünya ictimaiyyəti son bir il yarımlıq tarix ərzində Ermənistanın işğalını pisləyən kəskin bəyanatlarla çıxış edib. Bura ABŞ Konqresinin və Britaniya Lordlar Palatasının Xocalı soyqırımı ilə bağlı qətnamələri, Avropa Birliyi və Avropa Şurasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və Ermənistandan geri çəkilməyi tələb edən sənədləri daxildir. Baxmayaraq ki, bütün bu sənədlər qəbul edildiyi zaman Azərbaycan hökumətilə sözügedən qurum və dövlətlərin münasibətləri gərgin və ya pis idi. Bu münasibətlər indi də davam edir. Amma Ermənistanda baş verəcək hər hansı iri miqyaslı demokratik dəyişiklik qarşı tərəfin arqumentlərini praktiki şəkildə gücləndirə bilər. Buna görə də Azərbaycan hakimiyyətinin daxili siyasətdəki aqressiyası dünyanın Azərbaycana olan münasibətinin formasına ciddi təsir göstərir.
Beləliklə, Azərbaycan hökumətinin Qarabağla bağlı indiyə qədər qurduğu bütün piarın heç də Qarabağ naminə olmadığı üzə çıxmış oldu. Aydın oldu ki, lazım gələndə Qarabağı da hakimiyyətə qurban vermək olar. Hər halda, hələ gec deyil və Ermənistanı irəli buraxmamaq, haqlı ikən haqsız duruma düşməmək üçün şanslar qalır. Bunun üçün təbii ki, ciddi daxili islahatlar qaçılmazdır.
Seymur Həzi