AMEA-dakı öz fenomenal çıxışında Ilham Əliyev dilimizi qorumaqdan danışıb: “Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Qorumaq nəyisə saxlamaq, yaşatmaq, yəni ölməyə qoymamaq deməkdi. Yəni dilimiz ölə bilər. Hətta bura qədər. Ölə bilər. Ölü dilə çevrilə bilər.
Bəs ölü dil nədi? Ölü dil – nə vaxtsa xalqın milli dili olan, müəyyən zaman kəsiyində artıq istifadə olunmayan və inkişafını dayandırmış, ya dayandırmaqda olan dildir.
Uzmanlar dillərin ölü dilə çevrilməsinin müxtəlif səbəblərini göstərirlər. Biri də həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, planetimizin əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil Yer kürəsi əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Buraya ölkələrarası miqrasiyanı da əlavə eləmək olar.
Bildirilir ki, indi mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadəsiz olacaq. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Bu baxımdan dilimiz tarixi boyunca rus dili qədər heç bir dilin təcavüzünə məruz qalmayıb. Fars, ərəb dilləri həmişə saray və elita dili olub, bu mənada dilimizi kütləvi zorlamaya məruz qoymayıb. Rus dili isə Azərbaycanda elə güclü dil mühitinə çevrilib ki, əgər biz türkcə danışan yeganə xalq olsaydıq, indi çoxdan dilimiz latın dili ilə eyni yolun yolçusu olmuşdu. Şükürlər olsun ki, türkcənin taleyi tək bizdən və Türküstanlılardan asılı deyil.
Buna görə də sayca kiçik və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Vikipediya bilgisinə əsasən, uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır. YUNESKO-nun “Yox olmaq təhlükəsi ilə üzləşən dünya dilləri Atlası”nın məlumatına görə, hazırda Avropada təqribən 50 dilin yox olmaq təhlükəsi var.
Linqvistikada canlı və ölü dil məfhumları məlumdur. Canlı dil insanların gündəlik ünsiyyətində işlədilən dildir. Bu mənada böyük ərazini əhatə eləyən Türk dilinin suriya, finikiya, puni, Akkad, elam, şumer, tirren, ket, qədim Çin, çaqatay, hunn, Xəzər, bulqar, murom, meşşer, vediy, soqdı, Avesta, sak, parfiya, Midiya, qədim fars, orta fars, toxar, qədim Makedoniya, qədim yunan, Frigiya, venet, messap, dalmasiya, yan, qədim rus, qərbi rus, praslavyan, Prussiya, qot, şərqi german, qədim sakson, qədim ingilis, orta ingilis, qədim Irlandiya dilləri və s. ölü dillər kimi canını tapşırmaq fikri yoxdu. Lakin söhbət Azərbaycan dilindən gedirsə…
Bu məqamda vəziyyət, artıq necə deyərlər ruscadı.
Çünki gerçəkdən bu dilin ölmək təhlükəsi var. Bu təhlükə də ondan doğur ki, belə getsə, bu dildə danışan xalq qalmayacaq. Molla Nəsrəddin hocamız demişkən, yel belə əssə, heç nə…
Dediyim odur ki, dövlətin başında duran adam dildən qabaq bu dildə danışan, daha doğrusu, bu dildə susan xalqın qorunması haqda düşünməlidi. Susdurulmuş xalqın dili saf oldu, yaşadı nəyə yarar, ya çirkləndi, yaşamadı nəyə?..
Bir də ki, bu xalq hələ indi-indi danışmağa başlamaq istəyir, qımıldanır. Heç dilin saflığının yeridi, siz allah?..