Sessiya mühüm qərarlar qəbul etdi; repressiyalara qarşı sərt mövqe sərgiləndi
Ictimai Palatanın (IP) növbəti sessiyası ötən gün Müsavat Partiyasının qərargahında baş tutdu. Müsavat başqanı Isa Qəmbər Bakı şəhər Baş Polis Idarəsində 2 aprel mitinqilə bağlı istintaqda dindirildiyindən sessiyada iştirak etmirdi. Bundan başqa, AMIP-in Ictimai Palatanı tərk etməsi haqda bəyanatı olsa da, sessiyaya “Milli Istiqlalçı”lar da qatılmışdı.
Sessiyaya Pənah Hüseyn sədrlik edirdi. Gündəlik əsasən, iki məsələdən ibarət idi: təşkilati məsələlər və ölkədəki ictimai-siyasi vəziyyət.
Iclasda əvvəlcə Ictimai Palataya qəbul üçün daxil olan müraciətlər gözdən keçirildi. Müraciət müəlliflərindən 4-ü sonuncu parlament seçkilərində namizəd olduğundan, onlar avtomatik Ictimai Palataya üzv sayıldı. Həmin namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif Ismayılbəylinin də adı vardı. Digər namizədlərin də təqdimatı keçirildikdən sonra onlar səsvermə ilə quruma üzv oldular. Bu dəfə Ictimai Palataya yeni qəbul olunanların sayı 25 oldu.
Həbs və təqibə məruz qalanlar sonadək müdafiə olunacaq
Bundan sonra 2 aprel mitinqilə bağlı Ictimai Palata üzvlərinin barəsində başlanmış saxta cinayət işinin gedişi, həbs olunanların müdafiəsilə bağlı müzakirələr başladı. Həbs olunan şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vidadi Mirkamal görülən işlər barədə məlumat verdi. Bildirdi ki, hakimiyyətlə mübarizə və məhbusların müdafiəsi qanun müstəvisində aparıldığından qarşı tərəf çaş-baş duruma düşüb. Çünki hakimiyyətin bu müstəvidə qabiliyyət və arqumentləri zəifdir. 2 aprel mitinqində tutulanlara qarşı irəli sürülmüş “qanunsuz mitinq təşkil etmə və orada fəal iştirak etmə” ittihamına toxunan vəkil bildirdi ki, hakimiyyətin aksiya günü verdiyi açıqlama bu ittihamı tam darmadağın edir: “Rəsmən açıqlama veriblər ki, mitinq baş tutmayıb. Necə olur ki, baş tutmayan mitinqdə fəal iştiraka görə insanlara cinayət işi açılır?”
V.Mirkamal Ictimai Palatanın aksiyalarında təqib və təzyiqlərlə üzləşən hər kəsi müdafiə etməyə hazır olduğunu bəyan etdi.
Ictimai Palatada iki yeni təsisat
Sessiyanın müzakirə etdiyi növbəti məsələ Ictimai Palatanın Qadınlar Şurasının yaradılması və Şura sədrinin seçilməsi oldu. Müzakirələrdən sonra Ictimai Palata üzvləri Qadınlar Şurasının yaradılmasına səs verdilər. AXCP sədrinin müavini Gözəl Bayramlı isə yekdilliklə Şuraya sədr seçildi.
Siyasi təqib faktlarının qeydə alınması və araşdırılması məqsədilə Ictimai Təhqiqat Qrupunun yaradılması və qrupun rəhbərinin təyin edilməsi də dünən müzakirə olunan məsələlər sırasındaydı. Bu məsələ də müsbət qarşılandı və hazırda 15 sutkalıq həbsdə olan Vidadi Isgəndərli qrupa rəhbər seçildi.
“Məqsəd Ictimai Palatanı sarsıtmaqdır”
Ölkədəki ictimai-siyasi vəziyyət və Ictimai Palatanın vəzifələri haqqında isə AXCP sədri Əli Kərimlinin məruzəsi dinlənildi. 2 və 17 aprel aksiyalarından sonra müxalifətə qarşı total repressiyaların statistikasına toxunan AXCP sədri bildirdi ki, yüzlərlə fəalın istintaqa çağırılması, həbslər, hakimiyyət KIV-lərinin, guya, minlərlə insanın müxalifət sıralarını tərk etməsi barədə yaydıqları yalanlar yalnız bir məqsədə xidmət edir: “Məqsəd köklü dəyişikliklər üçün mübarizə aparan müxalifətin avanqard təşkilatı olan Ictimai Palatanı sarsıtmaqdır. Lakin sessiyanın işi və yeni qəbullar göstərdi ki, Ictimai Palatanın üzvləri də, strukturları da yerindədir. Repressiyalar bizləri qorxutmayıb. Elə buradan bəyan edirik ki, mübarizənin nəinki qarşısı alınmayıb, əksinə, mübarizə hələ ilkin mərhələsinə daxil olur”.
Keçirilən aksiyaları yüksək qiymətləndirən AXCP sədri bildirdi ki, bu aksiyalar sayəsində mübarizə müstəvisində böyük bir məsafə qət olunub. Həmçinin rejimin avtoritar mahiyyəti bir daha ifşa olunub, dünyanın diqqəti Azərbaycana yönəlib, xalq demokratikləşmə hədəfinə xeyli dərəcədə yaxınlaşıb: “Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmaması məsələsi artıq bütün nüfuzlu beynəlxalq təşkilatların gündəmindədir. Hər aksiyadan sonra ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti kimi qurumlar hökumətdən beynəlxalq öhdəliklərin yerinə yetirilməsini tələb edir. Bizdə olan məlumata görə, sərbəst toplaşmaq azadlığının reallaşması üçün artıq beynəlxalq təşkilatlar Azərbaycan hökumətilə ciddi məsləhətləşmələr aparırlar”.
Ölkədə köklü dəyişikliklərin vacibliyindən danışan Əli Kərimli məqsədə çatmaq üçün təkcə partiya və ictimai təşkilatların fəaliyyətinin yetərli olmadığını qeyd edərək, açıq danışmağı təklif etdi. Dedi ki, azad və ədalətli seçkilər keçirmək və belə bir cəmiyyəti qurmaq xalqın hamılıqla görəcəyi işdir. Bu yolda daha çox vətəndaşın bu proseslərə cəlb olunması kimi vacib bir iş Ictimai Palatanın qarşısında duran vəzifələrdən biridir. Ona görə də Ictimai Palatanın məqsəd və məramı aydın şəkildə hazırlanıb, xalqa izah olunmalıdır.
Suriya və Liviyadakı qanlı hadisələr vasitəsilə Azərbaycan hakimiyyətinin xalqı şantaj edib qorxutması məsələsinə toxunan Əli bəy bildirdi ki, bu şantajlar əbəsdir. Çünki Azərbaycan Avropa ailəsinə daxil olmuş bir ölkədir. Müxalifətin də apardığı mübarizə və bundan sonrakı kütləvi aksiyaları dinc olacaq: “Bizim mübarizədə vasitələrimiz dinc və konstitusion vasitələrdir”.
Azərbaycanın sülalə hakimiyyətindən azad gələcəyi…
Azərbaycanın dünyadakı demokratikləşmə prosesindən kənarda qalmayacağını deyən Əli Kərimli hakimiyyətə üzünü tutdu: “Sizdən də çox pulu, qəddarlığı və repressiya vasitəsi olanlar demokratiyanın qarşısını ala bilməyiblərsə, bunu siz də bacarmayacaqsınız. Azərbaycanın gələcəyi parlaqdır, demokratikdir və orada sülalə hakimiyyətinə yer yoxdur”.
Ictimai Palatanın demokratik dəyişikliklər üçün kütləvi aksiyalar keçirməkdə qərarlı olduğunu deyən AXCP sədri növbəti mərhələdə xalqı minlərlə mübariz müxalifətçi ilə çiyin-çiyinə görmək istədiklərini ifadə etdi.
Bundan sonra Pənah Hüseyn Ictimai Palatanın Koordinasiya Şurasının mitinqlərin davam etdirilməsi barədə qərar layihəsinin olduğunu açıqladı. Qərar layihəsində bildirilir ki, Ictimai Palatanın sessiyası dinc kütləvi aksiyaların davam etdirilməsini zəruri sayır: “Hazırda Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsilə bağlı müzakirələrin aparılması üçün rəsmi hakimiyyət orqanlarına müraciət olunduğunu, habelə beynəlxalq təşkilatların nümayəndələrilə bu məsələ ətrafında məsləhətləşmələrin keçirildiyini nəzərə alaraq, növbəti mitinqin vaxtının və yerinin müzakirə və məsləhətləşmələrin nəticələri bəlli olandan sonra müəyyənləşdirilməsi məqsədəuyğun sayılıb”.
15 mayda mitinq təklifi
Müsavat partiyasından Mustafa Hacıbəyli Koordinasiya Şurasının mövqeyini bölüşməyərək mayın 15-nə mitinq təyin olunmasını istədi. M.Hacıbəylinin, həmçinin onunla həmrəy olan Səxavət Soltanlının arqumenti belə oldu ki, mitinqin günü təyin olunmasa, hakimiyyət Ictimai Palatanın qorxub geri çəkildiyini, repressiyaların doğru addım olduğunu düşünəcək. Eyni rəy cəmiyyətdə də yaranacaq.
Ictimai Palatanın AXCP-dən olan üzvləri Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli və başqaları isə qərar layihəsilə razılaşdılar. Onlar bildirdilər ki, mitinqin əleyhinə deyillər. Mitinqlərin davam etdirilməsi qərarı verilməlidir. Konkret günün müəyyənləşdirilməsi isə istənilən vaxt növbədənkənar sessiyanın çağırılması ilə həlli mümkün olan məsələdir.
“AMIP üzvləri Ictimai Palatanı tərk etməyib”
“Birdən deyərlər ki, qorxdular” prinsipilə aksiya təyin etmək düzgün deyil. Biz kütləvi aksiyaların keçirilməsinin tərəfdarıyıq. Ancaq bunu ağıllı şəkildə, təşkilatlanaraq etməliyik. Elə hazırlaşmalıyıq ki, qarşımızı ala bilməsinlər”, – deyə Fuad Qəhrəmanlı bildirdi.
Ictimai Palatanın üzvü, AMIP katibi Əli Orucov isə çıxışında partiyası barədə yayılan xəbərlərə aydınlıq gətirdi. Bildirdi ki, Milli Istiqlalçı olan Palata üzvlərinin heç biri qurumu tərk etməyib və belə bir niyyətləri də yoxdur. Kütləvi aksiyalar məsələsinə gəlincə, o da hesab etdi ki, mitinqləri daha izdihamlı keçirmək üçün güclü təşkilatlanmaya ehtiyac var.
Uzun müzakirələrdən sonra M.Hacıbəylinin 15 mayda mitinq keçirilməsi təklifilə Koordinasiya Şurasının qərar layihəsi ayrı-ayrılıqda səsə qoyuldu. Qərar layihəsi səs çoxluğu ilə qəbul olundu.
Yol xəritəsi
Sonda Pənah Hüseyn Koordinasiya Şurasının hazırladığı “Ictimai Palatanın Azərbaycanda köklü demokratik dəyişikliklərin, islahatların yol xəritəsi” adlı sənədi təqdim etdi. P.Hüseyn sənədin Ictimai Palatanın müzakirəsinə çıxarılması məsələsini səsə qoydu. Yekdilliklə müsbət rəy verildi.
Natiq