ABŞ-ın dövlət katibi Con Kerri bu yaxınlarda Ukraynaya səfər etmək niyyətindədir. Bunu Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə Nyu-Yorkda keçirdiyi birgə mətbuat konfransında bəyan edib. “Biz prezident Poroşenko və baş nazir ilə görüşmək üçün gələcək səfəri müzakirə etdik”, deyə Kerri bildirib.
Kerri Rusiyanı Ukraynanın şərqində Malayziya hava yollarına məxsus təyyarənin düşdüyü ərazidə təhlükəsizliyin təmin edilməsi işində separatçılarla öz nüfuzundan istifadə etməyə çağırıb. Lakin o bildirib ki, Rusiyanın Ukraynanın şərqində zorakılıq və qantökməyə son qoymaq istədiyinə işarə yoxdur.
ABŞ Dövlət katibi eyni zamanda, Ukrayna ərazisinin Rusiyadan raket və artilleriya atəşlərinə tutulduğuna dair aydın dəlil olduğunu deyib.