Bu yükü daşımaq, daşıyıb da uzun ömür sürmək mümkün deyildi
Bu gün Azərbaycanın tanınmış şairi və publisisti, yaxın tariximizin dəyərli aydınlarından biri olan Akif Səmədin doğum günüdür. Yaşasaydı, indi doğmaları, dostları onun 55 yaşını qeyd edəcəkdi.
Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1976-1982). “Gənc müəllim” qəzeti və “Mərhəmət” jurnalı redaksiyalarında işləyib, Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışıb. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olan şairin “Qiblə yelləri” (1992), “Uzaqlardan gəlirik” (1994), “Adəmdən” (1995), “Özümə yol” (1996) kitabları nəşr olunub.
Ölümündən sonra isə onun poeziya yaradıcılığını demək olar tamamilə əhatə edən “Seçilmiş əsərlər”inin birinci cildi işıq üzü görüb.
2004-cü il iyulun 6-da Bakıda vəfat edən Akif Səməd indi doğma Aslanbəyli kəndindəki məzarında uyuyur.
Akif Səməd özünəməxsus poetik ruhu ilə seçilən şair olmaqla yanaşı, Azərbaycanın ictimai-syasi, ədəbi-mədəni həyatına, tarixinə və gələcəyinə aydın münasibəti olan, vətəndaş mövqeyi ilə bilinən publisist idi. Onun bir çox məsələlərlə bağlı fərqli mövqeyi sağlığında bir çox polemikalara səbəb olmuşdu.
Akif Səməd həyatı və yaradıcılığı ilə Azərbaycanda uzun illərdir formalaşdırılan “yaltaq ziyalı”, “saray şairi” nümunələrinə qarşıdır. Müsahibələrində hər bir qələm adamının öncəliyini onun həqiqətə bağlılığında, cəmiyyətin taleyüklü məsələlərinə vətəndaş münasibətində gördüyünü dilə gətirən Akif bəyin yeri indi – qələmini, istedadını yalan və yaltaqlıqla vəhdətdə görən, ictimai maraqları şəxsi mənafeyinə qurban verməyi həyat və yaradıcılıq normasına çevirən yazarlar bolluğunda aydın görünür.
Tanınmış tənqidçi Cavanşir Yusiflinin dediyi kimi: “…Akif Səməd Azərbaycanda uzun illər boyu dağıdılıb yerlə yeksan edilmiş çox nəhəng bir ənənəni – batindən gəlmək təcrübəsini, sehr tülünə bürünərək, janrı da həmin sehrin dilinə çevirmək, sözün enerjisini götürüb ”qabığından” imtina etmək… ənənəsini bərpa etməklə məşğul idi. Akif çoxlarından fərqli olaraq janrın içindəki enerjiylə “oynaya” bilirdi, var gücünü toplayıb ənənənin özünə qarşı nəsə qoymaq istəyirdi” dünyanın, gərdişin hansı məqamı və anındasa itib-batmış batini sirləri şerə gətirirdi. Akif şerdə dünyanın hansı qədim qatındasa insanların ibadət etdiyi, inanıb tapındığı pirlərin, ocaqların, təriqət ocaqlarının havasını yaratmaq istəyirdi… çox nəhəng və əzəmətli, insanın əhədini kəsən işin altına girmək istəyirdi. Bu yükü daşımaq, daşıyıb da uzun ömür sürmək mümkün deyildi”.
Onu da deyək ki, bu gün – 22 iyul 2014-cü il saat 19.00-da Rəşid Behbudov adına Mahnı Teatrında oxucularının qəlbində yaşayan mərhim şairimiz Akif Səmədin 55 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.
Tədbir Uluslararası Aktivist Sanatçılar Birliyinin təşəbbüsü ilə düzənlənəcək.
Xatirə gecəsinə Akif Səmədi sevən oxucular dəvətlidir.