Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT rəhbəri xüsusən son dövrlər bu sektora artan təqib və təzyiqlərlə əlaqədar dövlət başçısı Ilham Əliyevə müraciət edib. Müraciəti imzalamış QHT rəhbərləri bildirir ki, onların təşkilatlarının fəaliyyəti iflic vəziyyətinə düşüb. Onlar bu durumun Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi kimi icra orqanlarının səyi nəticəsində yarandığını vurğulayıblar. Amma Azərbaycan kimi ölkələrdə baş verən hadisələrin birinci şəxsin iradəsindən kənar reallaşması az inandırıcı görsənir. Bu baxımdan sual yaranır həqiqətənmi QHT-lərə qarşı son addımlardan dövlət başçısının xəbəri yoxdur və müşahidə etdiklərimiz sadəcə olaraq məmur özbaşnalığının nəticəsidir?
Mirvari Qəhrəmanlı: «Böyük çinli məmurlar dövlət başçısının razılığı olmadan belə cəsarətli addım atmazlar»
Müraciət müəlliflərindən biri olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, H.Əliyevin zamanında ölkədə baş verən ən xırda hadisələrdən belə birinci şəxsin xəbəri olurdu. M.Qəhrəmanlının sözlərinə görə, amma hazırkı situasiyada İ.Əliyevin bu proseslərdən xəbərinin olub-olmadığı barədə şübhə yaranır: «Bu şübhə ona görə yaranır ki, QHT-lərə qarşı yersiz hücumlar, yersiz istintaqlar sual doğurur. Amma bir şübhəm də var ki, böyük çinli məmurlar dövlət başçısının razılığı olmadan belə cəsarətli addım atmazlar. Əks təqdirdə belə çıxır ki, onlar özlərinə o qədər arxayındırlar ki, qeyri-qanuni addım atmaqdan çəkinmirlər. Hazırda baş verənlər Azərbaycanın beynəlxalq imicinə ciddi zərbədir. Ona görə bir tərəfdən düşünürəm ki, dövlət başçısının baş verənlərdən xəbəri var».
Dövlət başçısına müraciətin bir prosedur qaydası xarakterli olduğunu deyən M.Qəhrəmanlı qeyd etdi ki, çınki hakimiyyət təmsilçiləri ittiham edir ki, biz birinci xarici təşkilatlara müraciət edirik. M.Qəhrəmanlının sözlərinə görə, prosedur qaydalarını keçdikdən sonra haqq səslərini ucaltmaq üçün aksiyalar keçirəcəklər: «Tanınmış QHT rəhbərlərinin bir etiraz aksiyası da nəzərdə tutulur. Analoji aksiya 98-ci ildə keçirilib. O zaman QHT rəhbərləri ağızlarını bağlamışdıq. Zamanı hələ gizli saxlanılır. Amma bu barədə mətbuata məlumat veriləcək».
Leyla Yunus: «Ölkədə nə baş verirsə İlham Əliyevin bundan xəbəri var»
Hüquq müdafiəçisi Leyla Yunus isə bildirdi ki, bir vaxtlar çar Rusiyasında belə bir fikir formalaşmışdı ki, çarın xalqa qarşı zülmdən xəbəri yoxdur. Çarın birbaşa özündən gələn əmr ilə sərt addımlar atmasınının bu mifi dağıtdığını deyən L.Yunus bildirdi ki, SSRİ məkanında oxşar yanaşma hələ də qalmaqdadır: «Bəzi QHT rəhbərləri hətta bəyan edir ki, İlham Əliyev xasiyyətcə mülayim, kin saxlayan deyil. Amma bu yanlış fikirdir. Ona görə ölkədə nə baş verirsə İlham Əliyevin bundan xəbəri var».
Amma bununla belə dövlət başçısına müraciət edilməsini doğru sayan L.Yunus bildirdi ki, bu məqam yerli QHT-lərə üstünlük verir. Çünki belə olan halda beynəlxalq təşkilatların təmsilçiləri ilə görüş zamanı Azərbaycandakı durumla bağlı dövlət başçısına müraciət edildiyi, amma bir nəticə hasil olmadığı əminliklə deyilə biləcək.
Xəyal