Mehman Əliyev: “ASAN xidmət»dən cavab gözləyirik”
Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev iyulun 17-də Azvision.az informasiya portalında əsassız bəyanatla çıxış edərək “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin ünvanına ittihamlar səsləndirib.
Ü.Mehdiyev “ASAN xidmət”in USAID tərəfindən yaradıldığını yalan adlandırıb və üzr istənilməsini tələb edib.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev “contact.az” saytında bu ittihamlara aydınlıq gətirib. “Sonuncudan başlamaq istərdim. Mən ”ASAN xidmət”in USAID-ə məxsus olduğunu deməmişəm. Əgər cənab Mehdiyev mənim bunu deməyimlə bağlı sübut təqdim etməsə, o zaman özü üzr istəməli olacaq.
Mən demişəm ki, “ASAN xidmət” xarici donorların və təşkilatların yardımı ilə yaradılıb. USAID hökumət təşkilatı kimi belə layihələrdə iştirak edir. Söylədiklərimdən imtina etmirəm. USAID-in adı bu qurum tərəfindən maliyyələşdirilən QHT və KIV-lərin ünvanına son ittihamlarla əlaqədar çəkilib. Odur ki, “ASAN xidmət” beynəlxalq strukturların yardımına nümunə kimi göstərilib.
1992-ci ildən ABŞ Beynəlxalq Inkişaf Agentliyi (USAID) ölkə institutları və xalqın yaşayışı çərçivəsində müsbət, davamlı dəyişikliyin həyata keçirilməsi üçün texniki yardım və kadr hazırlığı şəklində Azərbaycana 300 milyon dollardan çox vəsait ayırıb. Həmin vəsaitin böyük hissəsi Azərbaycanın rəsmi qurumları ilə əməkdaşlıq şəraitində həyata keçirilib.
2014-cü ildə ABŞ ölkəyə $15,5 milyon yardım ayırıb.
Azərbaycan hökuməti qrantlar və beynəlxalq donorların layihələri mövzusunda danışmağı sevmir, bu layihələri islahatları və yenilikləri öz şəxsi təşəbbüsü kimi təqdim edərək reallaşdırır.
“ASAN xidmət” də bu sistemin bir hissəsi kimi danışmağı sevmir. Məsələn, bu xidmət öz saytında bildirir ki, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 2014-cü il aprelin 22-də “ASAN xidmət”lə tanış olub. Lakin sayt Mardın aprelin 24-də keçirdiyi konfrans barədə məlumat vermir. Belə ki, həmin tədbirdə Mard bildirib ki, Avropa Birliyinin “ASAN Xidmət” ilə birlikdə həyata keçirdiyi və əhaliyə dövlət xidmətlərinin göstərilməsi üzrə 300 min avro məbləğində birgə layihə başa çatıb. Bu vəsaitin nəyə sərf olunduğunu bilmək maraqlı olardı…
BMT Inkişaf Proqramı “ASAN xidmət”in yaradılmasında da iştirak edib. Bu, başlanğıcı 1998-ci ildə qoyulan qlobal elektron hökumət layihəsinin tərkib hissəsidir.
“BMT Inkişaf proqramı Azərbaycan”-dan “Turan”a bildirilib ki, “ASAN xidmət”in təlim hissəsini bu təşkilat həyata keçirib. Bu cür xidmət hökumətə neçəyə başa gəlib, hökumət də, xidmət özü də bu barədə susur.
Qeyd etmək lazımdır ki, “ASAN xidmət” 2010-cu ilin oktyabrında Dünya Bankının 2011-2014-cü illərdə Azərbaycanla strateji əməkdaşlıq proqramı təsdiqləndikdən sonra yaranıb.
DB-nin proqramı iki əsas istiqaməti əhatə edir: sosial xidmət sahələrinin effektivliyinin artırılması və işgüzar ab-havanın yaxşılaşdırılması yolu ilə qeyri-neft sektorunun gücləndirilməsi. Ümumilikdə, sənəddə 19 sahə üzrə layihə və proqramlara toxunulur. O zaman Azərbaycan hökuməti strategiyanın reallaşması üçün 1 mlrd. dollar maliyyə yardımı istəmişdi, halbuki, öncə söhbət daha ciddi məbləğdən gedirdi. Xahiş yerinə yetirilib.
Bu strategiya çərçivəsində layihələrə müxtəlif beynəlxalq institutlar cəlb edilib: Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və Inkişaf Bankı, Avropa Birliyi və s.
Dövlət sənədlərinin alınmasının sadələşdirilməsi sistemi demokratik ölkələrdə çoxdan mövcuddur. Cənubi Qafqazda belə xidmət ilk dəfə 2011-ci ildə Gürcüstanda beynəlxalq institutların yardımı ilə tətbiq edilib. Məhz bu ölkənin təcrübəsi və beynəlxalq qurumların yardımı “ASAN xidmət”in yaradılmasına gətirib çıxarıb.
Ictimaiyyət üçün özünü şəffaflıq təcəssümü kimi təqdim edən “ASAN xidmət”in yaranma tarixini bilmək maraqlı olardı. Biz layihənin təşəbbüsçüsünün kim olması (prezidentin qərarı barədə bilirik), bu xidmətin yaradılmasında hansı beynəlxalq qurumların və ölkələrin iştirak etməsi, nə qədər vəsaitin hansı mənbələrdən və hansı məqsədlə ayrılması barədə ətraflı məlumatın verilməsini xidmətdən və şəxsən cənab Ülvi Mehdiyevdən gözləyirik.
Biz qoyulan suallara qaneedici cavablar gözləyirik”.