Bu sahədəki yeyintilər beynəlxalq təşkilatın hesabatında yer alıb
Natiq Cəfərli: «Məmurların satınalmalara korrupsiya və qazanc mənbəyi kimi baxış bucağı dəyişməsə, bu sahədə ciddi dəyişikliyə nail olmaq mümkün deyil»
“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi hesabatını təqdim edib. Milli Şəffaflıq Sistemi dedikdə 13 anti-korrupsiya institutu nəzərdə tutulur.
“Mediaforum”un məlumatına görə, “Milli Şəffaflıq Sistemi” layihəsinin koordinatoru Məhəmməd Muradov bildirib ki, hakimiyyətin icraedici və qanunverici qolu resurs baxımından məhkəmə qoluna nisbətən daha yaxşı təmin olunub. Vətəndaş cəmiyyəti və siyasi partiyaların maliyyələşmə problemləri, o cümlədən özəl sektor tərəfindən maliyyələşməsində çətinliklər var. Ombudsmanın informasiya ombudsmanı kimi fəaliyyəti üçün maliyyə təminatı, Hesablama Palatası insan resursları üzrə büdcə xərcləmələrinə effektiv nəzarət həyata keçirmək üçün yetərli deyil.
Satınalmalarda korrupsiya mövzusunda fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, məbləği 50 mindən yuxarı olan satınalmalarda açıq tenderlər keçirilməli və bu zaman vətəndaş cəmiyyətinin, mətbuatın nəzarəti təmin olunmalıdır. Yəni satınalmalar haqqında qanunda bu müddəa var, amma kağız üzərində qalıb: “Bir neçə il öncə qanunvericiliyə tamamilə zidd olan addımlar atıldı. Nazirlər Kabineti qərar verdi ki, işlərin sürətlənməsilə əlaqədar dövlət qurumları tenderdən kənar müqavilələr bağlaya bilər. Bundan sonra formal olan tenderlər ümumiyyətlə, ləğv olundu. Çox nadir hallarda hər hansı satınalmalar üzrə tenderlər keçirilməyə başladı. Bunu da 2012-ci ildə Bakıda ”Eurovision” yarışmasının keçirilməsi, işlərin sürətlənməsilə bağladılar”.
Ekspert qeyd edir ki, bununla da satınalmalar və tenderlərlə bağlı çox biabırçı situasiya yaranıb. N.Cəfərlinin fikrincə, qanunvericilik nə qədər təkmilləşdirilsə də, hansısa ciddi irəliləyişə nail olmağı, hətta təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Azərbaycanda bəzi qanunlar mütərəqqi olsa da, onların da tətbiqində ciddi problemlər var:
“Məsələyə Azərbaycan hökumətinin yanaşması dəyişməsə, vəziyyəti müsbətə doğru yönləndirmək çətin olacaq. Məmurların satınalmalara korrupsiya və qazanc mənbəyi kimi baxış bucağı dəyişməsə, hər hansı bir mütərəqqi qanunun qəbulu belə, ölkədə ciddi dəyişikliklərə nail olunmağa imkan verməyəcək”.
Nigar