Amma nə bu cinayətlərin qarşısını almaq istəyən var, nə də korrupsiya haqda müvafiq orqanlara məlumat verənləri qoruyan…
“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan”ın açıqladığı Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi hesabatında məmurların gəlir bəyannamələrinə də toxunulub. Qeyd olunub ki, qanunda dövlət qulluqçuları, millət vəkilləri və hakimlərin əmlak bəyannamələrinin korrupsiyaya qarşı komissiyaya bəyan edilməsi nəzərdə tutulsa da, qanunun bu tələbinin həyata keçirilməsi üçün normativ-hüquqi baza hələ də hazırlanmayıb.
Həmçinin hər bir nazirlik və komitənin daxili audit və nəzarət sistemi olsa da, daxili audit sisteminin xarici auditlə heç bir əlaqəsi yoxdur. Xarici audit – Hesablama Palatası dövlət qurumlarının auditini mütəmadi təşkil edir, lakin rəsmi veb-səhifəsində apardığı auditlərin yalnız ümumi icmalı dərc olunur.
Hesabatda o da vurğulanır ki, maraq toqquşması haqqında qanun parlamentdə ilk oxunuşdan keçsə də, korrupsiya barəsində xəbər verənlər haqqında qanun, ümumiyyətlə, yoxdur.
Hüquqşünas Müzəffər Baxışov deyir ki, korrupsiya cinayəti barədə hüquq-mühafizə orqanlarına məlumat verən şəxslərin hüquq və azadlıqlarının, təhlükəsizliklərinin təminatına dair qanun yoxdur. Hüquqşünasın sözlərinə görə, hər hansı vətəndaş vəzifəli şəxsin korrupsiya hərəkətləri barədə hüquq-mühafizə orqanlarına məlumat verirsə, onun təhlükəsizliyinin təmin edilməsi barədə qanun olmalıdır. Lakin bu qanun indiyə qədər qəbul edilməyib: “Azərbaycan kimi cəmiyyətlərdə korrupsiya cinayətləri barədə məlumat vermək çox təhlükəlidir. Insanlar korrupsiya əməllərilə məşğul olan şəxslər barəsində hüquq-mühafizə orqanlarına məlumat verməyə çəkinir. Belə bir qanun olmalıdır ki, həmin cinayətlər barədə məlumat verən şəxslərin təhlükəsizliyi təmin olunsun”.
Hüquqşünas yada salır ki, 2005-ci ildə Milli Məclis məmurların öz gəlirlərinə dair məlumat verməsi barədə qanun qəbul edib. Lakin 9 ildir ki, Nazirlər Kabineti həmin qanunun icrası barədə prosedur qaydaları tətbiq etmir. Nəticədə heç bir vəzifəli şəxs əldə etdiyi gəlirlər haqda müvafiq orqanlara məlumat vermir. Müzəffər Baxışov qeyd edir ki, Azərbaycanda hər an korrupsiya cinayəti törədilsə də, bunlara qarşı heç bir tədbir görən yoxdur: “Azərbaycan şəffaf bir cəmiyyətdir. Burada kimin nə ilə məşğul olduğu, kimin kimdən hansı şəraitdə neçə manat rüşvət alması bəllidir. Bütün nazirlərin, hakim və vəzifəli şəxslərin aldığı rüşvət də hamıya məlumdur. Lakin Azərbaycanda buna qarşı mübarizəni tətbiq edən qanunlar və siyasi iradə hələ də yoxdur”.
Nigar