Ən yaxşı tərif deyənlər mükafatlandırılacaq
Azərbaycanda mətbuatın inkişafına yardım göstərən KIVDF adlı bir qurum var. KIVDF-nin fəaliyyəti, mətbuata “qayğı”sı, hansı kriteriyalara üstünlük verdiyi barədə dəfələrlə yazmışıq. Ötən ay KIVDF-nin maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı bir daha onu göstərdi ki, bu qurum hakimiyyətin siyahısına əsasən öz siyahısını tərtib edir.
Ancaq son günlər KIVDF daha “orijinal” bir layihə həyata keçirir və icra hakimiyyətlərinə “tərif yağışı” ərmağan edir. Belə ki, Səbail rayonu Icra Hakimiyyəti və KIVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Deyilənə görə, müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı prosesləri ictimaiyyətə daha yaxından çatdırmaq və peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Hər gün analoqu olmayan ölkədə yaşamağımızın şahidi oluruq. Təsəvvür edin ki, mətbuatın inkişafına dəstək verməli olan fond, icra hakimiyyətinin gördüyü işlərin reklamını aparacaq. Yəqin müstəqil mətbuatı maliyyədən kənarda saxlayıb, hansısa rayondakı parkın gözəlliyindən yazı yazdırmağın öz “fəlsəfə”si var.
Müsabiqədə 1-ci yerin qalibinə 1000 AZN, 2-ci yerin qalibinə 800 AZN, 3-cü yerin qalibinə 600 AZN mükafat nəzərdə tutulur. Bundan əlavə 10 yazı müəllifinə 200 AZN həvəsləndirici mükafat veriləcək.
Heç kimə sirr deyil ki, bu müsabiqədə tənqidi məqamlara yer ayıran, icra hakimiyyətinin fəaliyyətini qeyri-kafi hesab edən, rayondakı sosial vəziyyəti mənfi qiymətləndirən jurnalist qalib gələ bilməz. Deməli, 4400 manatlıq layihənin məqsədi TƏRIF eşitməkdir. Indi Səbail rayonunu dünyaya nümunə kimi göstərən, bu rayonun gözəlliklərindən bəhs edən, prezidentin bu gözəlliyə qayğısından dəm vuran məqalələrin qalib gəlmək şansı böyükdür. Bir sözlə, KIVDF icra hakimiyyətinə 4400 manat maya qoyub, təbliğ elətdirir. Bütün bunlar isə, “mətbuata qayğı” adı altında baş verir.
Göründüyü kimi, KIVDF öz nizamnaməsindən tamam uzaqlaşaraq, AzTV-yə rəqib olmaq istəyir. Bir neçə ildir başlanan bu “yarışma” bundan sonra da keçiriləcək. Təbii ki, özünə və qələminə hörmət edən, ciddi jurnalist belə müsabiqələrdə iştirak etməz.
Ölkə mətbuatının real vəziyyətini və perspektivlərini dəqiq qiymətləndirə bilməyən KIVDF, “Səbail rayonunda real vəziyyət və perspektivlər” mövzusunda müsabiqə keçirir. Yəqin növbəti mərhələdə ən yaxşı “JEK” müdirini, ən yaxşı bələdiyyə sədrini, ən yaxşı məktəb direktorunu müəyyən etmək üçün də müsabiqələr keçiriləcək. Jurnalistlər isə bu müsabiqələrdə məqalə yazaraq, mətbuatın inkişafına töhfə vermiş olacaq.
Əminəm ki, KIVDF-nin mətbuatın inkişafında “xidmət”lərini tarix unutmayacaq.
Akif
P.S Bundan sonra KIVDF-ni icra hakimiyyətlərinin inkişafına dəstək fondu da adlandırmaq olar.