İlham Əliyevin idarəçilik sistemi dərsliyə nümunə kimi daxil edilib və dünyaya nümunə göstərilir
Nurəddin Məmmədli: «Bunun qədər qeyri-ciddi məsələni təsəvvür etmək mümkün deyil»
“Yeni Azərbaycan” qəzeti Azərbaycanın dövlət idarəçiliyi barədə geniş məqalə dərc edib. Məqalədə qeyd edilib ki, dövlət başçısı Ilham Əliyevin innovativ dövlət idarəçiliyi təcrübəsi və onun təməlində dayanan elm və texnologiyaların, bilik iqtisadiyyatı, elmyüklü istehsalın həvəsləndirilməsi, rəqabətə davamlı elmi-intellektual insan potensialının inkişaf etdirilməsi kimi amillərlə bağlı biliklər bir müddətdir Prezident yanında Dövlət Idarəçilik Akademiyasında yeni tədris proqramlarına daxil edilib.
Materialda bildirilib ki, prezidentin uğurlu dövlət idarəçiliyi strategiyası, bu strategiyanın həyata keçirilməsi nəticəsində formalaşan özünəməxsus inkişaf modelinin tədrisi təcrübəsi Dövlət Idarəçilik Akademiyası ilə əməkdaşlıq edən elm və təhsil qurumlarının da böyük marağına səbəb olub.
Nəticədə Dövlət Idarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları” adlı dərsliyi Türkiyənin Anadolu Universitetinin təşəbbüsü ilə türk dilinə tərcümə edilib. Kitabda beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumlar tərəfindən hazırlanmış hesabatlar əsasında guya, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və əldə olunmuş uğurlar mərhələ-mərhələ araşdırılıb və əsaslandırılıb. Qeyd olunub ki, beynəlxalq statistik hesabatlarda əksini tapan gerçəkliklər ilk növbədə dövlət başçısının uğurlu idarəetmə bacarığının göstəricisidir.
Kitabın Anadolu Universitetinin nəşriyyatında çap edilməsində məqsəd Azərbaycanın uğurlu inkişaf modeli haqqında Türkiyə ictimaiyyətini məlumatlandırmaq, eləcə də elmi dairələri analitik elmi müqayisə və təhlillər aparmaq üçün dəyərli mənbə ilə təmin etməkdən ibarətdir. Nəşr olunan əsər Anadolu Universiteti tərəfindən Türkiyənin 120 dövlət qurumuna, 130 universitet və elmi tədqiqat mərkəzinə göndərilib.
Professor Nurəddin Məmmədli deyir ki, Azərbaycanın idarəçilik sisteminin dünyaya nümunə kimi göstərilməsini özünü aldatmaq, auditoriyanı öz problemlərindən yayındırmaq hesab edir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycandakı idarəçilik sisteminin rüşvətxorluq, yalan və saxtakarlıq üzərində qurulduğunu yaxşı başa düşür: “Bu ölkədə rüşvətsiz heç bir problemi həll etmək mümkün deyil. Bundan başqa, yaltaqlıq və məddahlıq çörək, nüfuz qazanmaq vasitəsinə çevrilib. Belə bir vəziyyətdə Azərbaycandakı idarəçilik sistemini dünyaya nümunə kimi göstərmək absurddur, bundan qeyri-ciddi bir məsələni təsəvvür etmək mümkün deyil. Hakimiyyətin necəliyi, dövlətin idarəçilik prinsipinin nə dərəcədə mükəmməl olması xalqın iradəsinin nəzərə alınmasından keçir. Ilk olaraq, xalq öz iradəsinə uyğun şəkildə hakimiyyəti formalaşdıra bilmirsə, o ölkədə demokratiya, mütərəqqi idarəçilik sistemindən danışmaq mümkün deyil”.
N.Məmmədli ölkəni idarə edən hakimiyyətin xalqla heç bir əlaqəsi olmadığını deyir. Onun fikrincə, cəfəng ideyaları beynəlxalq aləmə çıxararaq Azərbaycan haqqında müsbət rəy yaratmaq cəhdi dövlətçiliyə və xalqı təhqir etməyə hesablanıb.
İnformasiya şöbəsi