Bugünlərdə “Azadlıq”a məktubla müraciət edən Adil Əliosmanov oğlu Qurbanın iş yerində xəsarət alması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bununla əlaqədar obyektiv təhqiqat aparmamasından şikayətlənirdi. Lakin nazirlik Adil Əliosmanovun iradları ilə razılaşmır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Azadlıq”a bildirilib ki, Qurban Əliosmanov ötən il iyunun 5-də iş yerində vəzifəsinin icrası zamanı elektrovozun ehtiyat hissələrini qaldırarkən bel nahiyyəsində ağrı hiss edib və bununla əlaqədar dəmiryol poliklinikasına, iki gün sonra “Avrasiya” klinikasına müraciət edib, daha sonra Mərkəzi Dəmiryol Xəstəxanasına stasionar müalicəyə qəbul edilib. Bundan sonra o, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub və “Lyumbaqo. Sağ tərəfli radikulyar ağrı sindromu” diaqnozu qoyulub. Həmin diaqnozun istehsalatla əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidməti araşdırma aparıb. “Avrasiya” klinikasından bildirilib ki, bu xəstəliyin yaranma səbəbi və zamanının müəyyənləşdirilməsi mümkün deyil.
Səhiyyə Nazirliyinə ünvanlanan məktuba cavab olaraq isə nazirliyin baş nevroloqu onun mərkəzi və periferik sinir sistemi tərəfindən ocaqlı dəyişikliklərin aşkarlanmadığını bildirib. Qurban Əliosmanovun xəstəliyinin istehsalatla əlaqəli olması təsdiq edilmədiyindən aidiyyatı üzrə təhqiqat aparılmasına əsas yaranmayıb.